AZ

“Borcunu bağlayan vətəndaşın maliyyə reputasiyasına zərbə vurmaq düzgün deyil” Akif Nəsirli

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Azərbaycanda tez-tez işlədilən “qara siyahı” anlayışı rəsmi sənədlərdə yoxdur. Bu ifadə daha çox kredit tarixçəsi ilə bağlı formalaşıb. Banklar Mərkəzi Kredit Reyestri və ya Kredit Bürosu vasitəsilə müştərinin ödəniş tarixçəsini izləyirlər”.

Bunu Gununsesi.info-ya açıqlamasında “Liberal İqtisadçılar Mərkəzi”-nin sədri Akif Nəsirli deyib:

O, qeyd edib ki, burada əsasən üç məqam əks olunur:

“1. Gecikmələr – ödənişlərin nə qədər müddət gecikdiyi (30 gün, 90 gün və s.).

2. Borcun son taleyi – borcun ödənilməsi, silinməsi və ya açıq qalması.

3.Cari status – müştərinin hazırda aktiv borcunun olub-olmaması və risk kateqoriyası”.

İqtisadçı hesab edir ki, borcunu tam bağlamış vətəndaşın uzun müddət “riskli” qrupda saxlanılması ədalətli deyil.

“Çünki gecikmə faktı olsa belə, nəticədə borc tam şəkildə ödənilib. Lakin banklar bəzən bu məlumatı 3–5 il ərzində saxlayır ki, bu da vətəndaşın maliyyə reputasiyasına ciddi zərbə vurur”-deyə iqtisadçı əlavə edib.

Onun sözlərinə görə, bankların daha balanslı və ədalətli mexanizm tətbiq etməsi vacibdir. Bu məqsədlə:

“Çevik qiymətləndirmə aparılmalı, yalnız gecikmə faktına deyil, sonrakı ödəniş davranışına da baxılmalıdır. Mükafatlandırıcı yanaşma tətbiq olunmalı, borcunu tam qapadan şəxsin kredit tarixçəsi “müsbət bağlanmış” kimi işarələnməli, bir il ərzində yeni gecikmə olmadıqda risk statusu yumşaldılmalıdır.

Eyni zamanda vətəndaşlar aydın məlumatlandırılmalı, gecikmələrin tarixçədə nə qədər qalacağı əvvəlcədən açıqlanmalıdır. 

Reabilitasiya mexanizmi yaradılmalı, müştəri gəlirini sənədləşdirdikdə və ya depozit saxladıqda yenidən kredit imkanı əldə edə bilməlidir”

İqtisadçı vurğulayır ki, borcunu tam ödəmiş şəxsin uzun müddət “qara siyahıda” qalması maliyyə inklüzivliyinə zərər vurur:

“Banklar isə riskləri nəzərə almaqla yanaşı, həm də vətəndaşların etimadını artıracaq ədalətli qiymətləndirmə sisteminə keçməlidirlər”.

Şəbnəm Rəhimova

Gununsesi.info 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
icma.az

1Mənbələr