AZ

“Sputnik Ermənistan” Ermənistanı qarışdırır

Paşinyan Göyçəni Azərbaycana verməyə hazırlıqda suçlanır 

Ermənistanın müxalif qüvvələri, revanşistlər Paşinyan hakimiyyətini Ermənistanın maraqlarını Azərbaycan və Türkiyəyə "satmaqda" ittiham edirlər. Bu cür ittihamlar hər gün daha çox "Sputnik Ermənistan" tərəfindən tirajlanır.  

Ermənistanın baş naziri Nikol Paşinyanı qarşıdakı zamanda Göyçəni, Göyçə gölünü Azərbaycana verməyə hazırlaşmaqda ittiham edilir. Qeyd olunur ki, Paşinyan hökuməti Türkiyənin istəyi ilə Ağrıdağdan imtina etdiyi kimi Azərbaycanın da istəyi ilə Göyçəni güzəştə gedəcək. Hətta guya bu istiqamətdə gizli danışıqların da getdiyi iddia olunur.  

Aqil

Aqil Məmmədov

Politoloq Aqil Məmmədov bu barədə "Yeni Müsavat"a şərhində bildirdi ki, bu iddiaların məhz "Sputnik Ermənistan"dan yayılması məsələyə işıq salır: "Öncə həmin yazıların harada dərc edildiyini nəzərə almaq lazımdır. "Sputnik" Rusiya xüsusi xidmət orqanlarının kəşfiyyat qolu hesab edilir. "Rossiya Seqodnya" media qrupu balansında yaradılan "Sputnik"  Rusiyaya təbliğat vasitələrini "Ostankino"dan kənara çıxarmağa imkan verməklə yanaşı, FTB-nin informasiya toplama kanallarından biridir. Xüsusilə 2010-cu ildən sonra yaradılan RT və "Sputnik" kimi media orqanları qısa müddət ərzində təşkilatlanaraq bir çox ölkədə ofis və nümayəndəliklərini açdı. Bu, cəmiyyətlərə əvvəlcədən hazırlanmış, ictimai rəyi yönləndirən xəbərlərin ötürülməsinə imkan verdi və ən əsası hər kəsin öz dilində. Beləliklə, rus dili bilməyən auditoriyalar da bu informasiyaları öz ana dillərində almağa başladılar və bəzi hallarda bunun təsiri altında qərarlar qəbul etdilər. Artıq 2016-cı ildə "Sputnik" ABŞ xüsusi xidmət orqanlarının radarına düşür və onun casusluq fəaliyyəti ilə məşğul olub-olmamasına dair araşdırmalar başlanır. Agentliyin ABŞ ofisində çalışan əməkdaşlarının dindirilməsi və əldə edilən sənədlər göstərir ki, "Sputnik"in mərkəzi ofisi brifinqlərdə veriləcək suallardan tutmuş, xəbərlərdə veriləcək mesajlara qədər bütün prosesi nəzarətdə saxlayır. Bu araşdırmalar fonunda "Sputnik" agentliyi 2018-ci ildə ABŞ ərazisində "xarici agent" statusu ilə qeydiyyatdan keçməyə məcbur qalır. Beləliklə, bu, "Sputnik"in əslində xəbər resursu yox, təbliğat vasitəsi olmasının ilk rəsmi qəbulu idi. Ümumiyyətlə, RT, "Sputnik" və onlara bağlı çoxsaylı Telegram kanalları bu gün Rusiyanın dezinformasiya sisteminin əsas halqalarını təşkil edirlər. Öncədən hazırlanmış yalan xəbərlər vasitəsilə müxtəlif ölkələrin ictimaiyyətində hökumətlərə qarşı inam və etibar sarsıdılır, proseslər isə fərqli tonda təqdim edilir. Müasir İT texnologiyaları və süni intellekt kimi yeniliklər dezinformasiya alətlərini daha da gücləndirir. Qısa müddət ərzində müxtəlif dillərdə saxta xəbərlər yaradılır və şəbəkəyə ötürülür. Ona görə də "Sputnik Ermənistan" bölməsində dərc edilən xəbərləri, hesab edirəm, bu kontekstdə şərh etməkdə fayda var". 

Politoloq qeyd etdi ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması tərəflər arasında yeni səhifə açıb. Bu yeni səhifənin əsas bəndlərindən biri sərhədlərin qarşılıqlı formada tanınmasıdır: "Yəni Göyçə bundan sonra tərəflər arasında aparılacaq heç bir danışığın predmeti deyil. Ermənistan cəmiyyətini bu mövzu ilə çaşdırmaq cəhdləri əslində daxili gərginlik yaratmağa yönəlib və separatizm ideyalarını süni nəfəs aparatına bağlamaqla komada da olsa saxlamaq cəhdidir. Burada aydın məsələdir ki, Marqarita Simonyan və rəhbərlik etiyi media əsas döyüşçü kimi meydana soxulub. Ordu ilə bağlı dəyişikliklər, Ağrıdağ simvolunun ştampdan çıxarılması müxalifət tərəfindən təslimçilik kimi təqdim edilə bilər, ancaq reallıqda bu, normallaşma prosesinin tərkib hissəsidir. Türkiyə və Azərbaycana ərazi iddialarından geri çəkilmədən bu iki ölkə ilə normal münasibətlərin qurulması mümkün deyil və Paşinyan və komandası da bunu anlayır. Ona görə də normallaşma prosesinə suni maneə törədə biləcək əngəlləri aradan qaldırır. Bu, düzgün addımdır və burada Ermənistanın milli maraqlarına zidd heç bir təşəbbüs yoxdur. Bir məsələni anlamalıdırlar ki, real siyasət simvolika üzərində qurulmur, real siyasət milli maraqlar, diplomatiya və iqtisadi rasionallıq üzərində qurulur. Bunu "Sputnik" də çox yaxşı bilir, sadəcə, görünən odur ki, Rusiya təbliğat maşını yenə izah etmək əvəzinə qızışdırmaq yolunu seçib. Lakin düşünürəm ki, yeni reallıqda bu tip dezinformasiya və iddialar prosesə mane ola bilməz". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
1
olaylar.az

2Mənbələr