AZ

Putin-Paşinyan görüşündə deyilənlər: “Danışılacaq mövzularımız var”

Sentyabrın 25-də Kremldə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşü baş tutub.

Modern.az xəbər verir ki, görüşdə çıxış edən Vladimir Putin iki ölkə arasında əlaqələrin yaxşı inkişaf etdiyini vurğulayıb. O, 11 milyard dollarlıq ticarət dövriyyəsinin mövcudluğuna diqqət çəkib.

“Ermənistanda uzun müddətdir ki, atom elektrik stansiyası fəaliyyət göstərir, şəxsən forum zamanı dediyiniz kimi, ölkənin elektrik enerjisinin 30 faizini o verir. Hər halda bu, ciddi göstəricidir. “Rosatom” hazırda həmin AES-in ömrünün uzadılması üzərində işləyir, ona görə də sizin forumda iştirakınız tamamilə məntiqlidir.

Ümumiyyətlə, əlaqələrimiz inkişaf edir, yaxşı inkişaf edir, 11 milyard dollara yaxın ticarət dövriyyəmiz var. Statistik məlumatlarımıza görə, 2024-cü ildə Ermənistanla 11,7 milyard dollarlıq ticarət dövriyyəmiz olub ki, bu da rekord göstəricidir. Bütün digər istiqamətlərdə də əlaqələr inkişaf edir. Bizim həmişə danışacaq mövzularımız var, baxmayaraq ki, bu yaxınlarda görüşsək də, hər halda sizi Moskvada görməyə çox şadıq”, - deyə Rusiya prezidenti bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan da bu il qarşılıqlı ticarət dövriyyəsində müəyyən azalmanın olduğunu vurğulayıb və 2023-2024-cü illərdə də artım tempi ilə davam etməsi üçün işləmək imkanının olduğu fikrini bildirib.

"Siz düzgün qeyd etdiniz ki, biz Rusiya Federasiyası ilə sıx əməkdaşlıq edirik və Ermənistan Atom Elektrik Stansiyasının istismar müddətinin 2036-cı ilə qədər uzadılması üzərində işləyirik. Hazırda biz Ermənistan üçün uyğun layihələr - kiçik modul nüvə imkanları üzərində işləyirik və axtarırıq və təbii ki, bu məsələdə Rusiya Federasiyası ilə də çox fəal dialoqumuz var. Biz “Rosatom” Korporasiyası ilə çox səmərəli əməkdaşlıq edirik.

Ümumiyyətlə, əlaqələrimiz planlaşdırıldığı kimi inkişaf edir. Siz qarşılıqlı ticarət dövriyyəsini vurğuladınız, düzdür, bu il müəyyən azalma var, bu, bəzi qlobal proseslərlə bağlıdır, amma hesab edirəm ki, o istiqamətdə işləmək imkanı var ki, qarşılıqlı ticarətimiz 2023-2024-cü illərdə qeydə alınan templərlə artmağa davam etsin».

Sentyabrın 25-də Rusiya prezidenti, Ermənistanın baş naziri və bir sıra xarici nümayəndə heyətlərinin digər rəhbərləri Moskvada keçirilən Qlobal Atom Forumunda iştirak ediblər.

Seçilən
6
2
modern.az

3Mənbələr