AZ

Nazirliyin "məktəblərdə pul yığmaq qadağandır" bəyanatları hər il təkrarlanır, nəticə yoxdur...


Kamran Əsədov: “Məktəblərdə pul yığımı ilə bağlı qadağalar əslində problemi kökündən həll etmək gücünə malik deyil”

Hər yeni tədris ili başlayanda gündəmə gələn ilk məsələ məktəblərdə müxtəlif bayramlarla bağlı valideynlərdən pul yığılmasıdır. Məlumdur ki, qarşıdan Müəllimlər günü yaxınlaşır. Artıq əksər məktəblərdə bu bayramla bağlı təlaş başlayıb, valideynlərdən müəyyən məbləğdə pul toplanılır. Ancaq nazirlik isə israrla bunun qadağan olunduğunu iddia edir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) yaydığı açıqlamada qeyd edilir ki, Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi adı altında onlara hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair bu kimi neqativ halların baş verməsi qəti şəkildə qadağan edilir.

Qeyd edək ki, aidiyyəti qurumlar mütəmadi olaraq bu cür qadağalar tətbiq edir, xəbərdarlıqlar edilir. Ancaq nəticələr elə də müsbət deyil. Maraqlıdır, bu tip qadağaların real nəticəyə gətirib çıxarmamasının səbəbi nədir?

“Qanuni baxımdan dövlət ümumi təhsil müəssisələri şagirdlər üçün pulsuzdur və valideynlərdən əlavə ödənişlərin yığılması yolverilməzdir, buna baxmayaraq...”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Beynəlxalq Müəllimlər Günü ərəfəsində məktəblərdə pul yığımı ilə bağlı gündəmə gələn qadağalar əslində problemi kökündən həll etmək gücünə malik deyil: “Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən hər il oxşar açıqlamalar verilir, lakin reallıqda nəticələrin dəyişməməsi sosial-psixoloji, pedaqoji və mədəni səbəblərlə bağlıdır. Qanuni baxımdan Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 30.2-ci maddəsində açıq şəkildə qeyd olunur ki, dövlət ümumi təhsil müəssisələri şagirdlər üçün pulsuzdur və valideynlərdən əlavə ödənişlərin yığılması yolverilməzdir. Buna baxmayaraq, bəzi valideynlərin təşəbbüsü ilə bu praktika davam edir və nəticədə həm qanun pozulur, həm də müəllimin nüfuzu zədələnir. Problemin kökündə çox vaxt valideynlərin yanlış düşüncəsi dayanır. Onlar hesab edirlər ki, müəllimə pul yığmaqla hörmət etmiş olurlar, halbuki, bu addım müəllimi təhqir etmək və onun nüfuzunu alçaltmaqdan başqa bir şey deyil. Müəllim dövlətin maaş verdiyi, cəmiyyətin ən şərəfli peşəsinə sahib insandır. Müəllimə hörmət çantaya pul qoymaqla deyil, onun əməyinə, fədakarlığına, səbrinə və biliyinə dəyər verməklə ölçülür. Təəssüf ki, cəmiyyətdə müəyyən qrup insanlar müəllimi “hədiyyə qəbul edən” obrazında təqdim etməklə onu gözdən salmağa çalışır. Bu isə gələcək nəsillərin gözündə müəllim peşəsinin nüfuzunu azaldır. Müsbət tərəf odur ki, dövlət qurumları məsələyə ardıcıl şəkildə reaksiya verir, qadağalar elan olunur və qanuni əsaslar vurğulanır. Lakin təkcə qadağalarla nəticə əldə etmək çətin olur. Çünki bu, daha çox ictimai davranış və dəyərlərlə bağlı məsələdir. Statistik göstəricilər də bunu təsdiqləyir: Elm və Təhsil Nazirliyinə daxil olan şikayətlərin təxminən 40 faizi valideynlərin təşkil etdiyi vəsait toplama təşəbbüsləri ilə bağlıdır. Yəni təşəbbüs müəllimdən yox, məhz valideynlərdən gəlir. Bu faktın özü göstərir ki, problemi həll etmək üçün valideynlərin maarifləndirilməsi əsas istiqamət olmalıdır. Dünya təcrübəsi göstərir ki, müəllimə hörmət və dəyər formal pul yığımı ilə deyil, ictimai kampaniyalar, dövlət dəstəyi və ictimaiyyətin şüurlu münasibəti ilə təmin edilir. Məsələn, Finlandiyada müəllimlər ən yüksək ictimai statusa sahibdirlər və heç vaxt valideynlərdən belə təşəbbüslər olmur. Türkiyədə də son illərdə oxşar pul yığımı hallarına qarşı ciddi cəza tədbirləri tətbiq olunur, nəticədə bu praktika minimuma endirilib. Nəticənin dəyişməsi gözlənilirsə, qadağalarla yanaşı, valideynlərə mesaj ünvanlanmalıdır. Valideynlər anlamalıdırlar ki, müəllimlərə ən böyük hədiyyə övladlarının yaxşı oxuması, dərsə davamiyyəti və müəllimə hörmətlə yanaşmasıdır. Müəllimə hər zaman borcluyuq, çünki o, gələcək nəsilləri yetişdirir. Onun peşəsini maddi dəyərlə ölçmək ən böyük səhvdir. Əslində, müəllimi hədiyyə ilə yox, ictimai nüfuzla qiymətləndirmək lazımdır”.

Həmsöhbətimiz hesab edir ki, MÜTDA-nın qadağaları hüquqi baxımdan zəruri və müsbət addımdır, lakin real nəticə əldə etmək üçün valideynlərin şüurunda dəyişiklik olmalıdır. Cəmiyyətin müəllimi gözdən salmaq cəhdlərinə qarşı həm dövlət, həm media, həm də ictimai birliklər daha sistemli mübarizə aparmalıdır: “Müəllimlik ən ali dəyərdir və biz hər zaman müəllimlərimizin borclusu olduğumuzu unutmamalıyıq”.

Günel CƏLİLOVA

Seçilən
18
baki-xeber.com

1Mənbələr