AZ

Deputat Azər Allahverənov: “Mina terrorunun fəsadları iqtisadi inkişafı ləngidə bilər”

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin icra etdiyi “Azərbaycan Respublikası ərazisində kasetli sursatlar probleminin tədqiqi” layihəsi çərçivəsində təşkil olunan Dəyirmi Masada Milli Məclisin deputatı Azər Allahverənov çıxış edib.

QHT.az xəbər verir ki, deputat bildirib ki, mina və kasetli sursatların yaratdığı təhlükələr yalnız humanitar baxımdan deyil, həm də iqtisadi inkişafı ləngidən ciddi amillərdən biridir:

“Minalarla yanaşı digər sursat növlərinin də tədqiqi aparılmalıdır. Çünki bunlar ümumi mənada mina terroru barədə dolğun məlumatın toplanması baxımından əhəmiyyətlidir. Bu gün həm vətəndaş cəmiyyəti, həm də ixtisaslaşmış qurumlar mina terrorunun iqtisadi təsirlərini araşdırmalıdır. Böyük Qayıdış prosesində mina və partlamamış sursatlar ciddi çətinliklər yarada bilər”.

Azər Allahverənov həmçinin qeyd edib ki, layihə çərçivəsində hökumətə və vətəndaş cəmiyyətinə ünvanlanmış tövsiyələr daha da genişləndirilə bilər:

“Burada Gürcüstanla əməkdaşlıq məsələləri diqqət çəkir. Amma avqustun 8-də əldə olunmuş Vaşinqton razılaşmalarından sonra yeni siyasi reallıq formalaşıb. Ermənistanla bağlı məsələlərin də tədqiqatlara daxil edilməsi vacibdir. Beynəlxalq təşkilatlar artıq Azərbaycanın mina probleminə diqqət ayırır. Avropa İttifaqının 23 milyon avro həcmində vəsait ayırması da bunu təsdiqləyir. Əsas məsələ vurulan zərərin miqyasının dəqiq qiymətləndirilməsidir. Çünki mina terrorunun təsirləri təkcə insan təhlükəsizliyi ilə məhdudlaşmır, həm də ölkənin iqtisadi inkişafına ciddi maneə yarada bilər”.

Sonda Azər Allahverənov layihə komandasının fəaliyyətini yüksək qiymətləndirərək uğurlar arzulayıb.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
36
qht.az

1Mənbələr