AZ

Valideynlərin pulsuz təhsilə xərclədikləri... - Ekspert

Hazırda həm tədris planlarının həcmi, həm də əlavə vəsaitlərdən istifadədə müəyyən uyğunsuzluqlar mövcuddur. Valideynlərin ən çox səsləndirdiyi narazılıq övladlarının çoxsaylı kitab və iş dəftəri daşımaq məcburiyyətində qalması, gündəlik 6–7 dərs üçün çantaların çəkisinin 5–7 kiloqrama qədər çatmasıdır. Bu, həm uşaqların fiziki sağlamlığına, həm də valideynlərin maliyyə imkanlarına mənfi təsir göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov məktəblərdə şagirdlərin ağır dərs yükü və əlavə vəsaitlər alması məsələsinə münasibət bildirərkən deyib.

“Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, orta məktəblərdə şagirdlərin 70 faizdən çoxu əlavə iş dəftərləri alır və bunun üçün bir ailə hər il orta hesabla 120–150 manat xərcləyir. Halbuki “Təhsil haqqında” Qanunun 14-cü maddəsində ümumi təhsilin pulsuz olduğu xüsusi vurğulanır. Problemin tam həlli üçün daha sistemli yanaşma tələb olunur”, - ekspert bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ev tapşırıqlarının həcmi beynəlxalq standartlardan artıqdır:

“OECD-nin PİSA hesabatına görə, inkişaf etmiş ölkələrdə şagirdlər evdə gündəlik orta hesabla 30–60 dəqiqə tapşırıqla məşğul olurlar. Finlandiyada və Estoniyada bu müddət 40 dəqiqəni keçmir. Azərbaycanda isə ibtidai sinif şagirdləri də daxil olmaqla, çox vaxt gündə 2–3 saat ev tapşırığı yerinə yetirməli olurlar. Bu isə uşaqların yaradıcılıq, idman və sosial fəaliyyətlərə ayırmalı olduğu vaxtı məhdudlaşdırır. Problemin həlli üçün ev tapşırıqlarının məzmunu daha çox yaradıcı fəaliyyətlərə yönəldilməli, test tipli, mexaniki tapşırıqların həcmi isə azaldılmalıdır. Dünya təcrübəsi göstərir ki, dərs yükünün azaldılması təhsil nəticələrinə mənfi təsir etmir, əksinə, keyfiyyətə müsbət təsir göstərir. Azərbaycan üçün ən optimal yol – dərs saatlarının elmi əsaslarla tənzimlənməsi, iş dəftərlərinin məcburiyyət olmadan istifadəsi və rəqəmsal dərsliklərin geniş tətbiqidir. Əgər Elm və Təhsil Nazirliyinin başladığı rəqəmsallaşma və tədris proqramlarının yenilənməsi siyasəti davamlı və ardıcıl həyata keçirilsə, Azərbaycanda məktəb təhsili daha müasir, uşaqlar üçün daha əlçatan və faydalı bir modelə çevriləcək”.

Seçilən
14
2
axar.az

3Mənbələr