AZ

BMT-də Azərbaycan Prezidentinə rəğbət güclüdür

Son illər Azərbaycan rəhbəri böyük beynəlxalq tədbirlərə daha çox dəvət olunur, ona ehtiram göstərilir, söz verilir. Bu, ölkəmizin rəhbərinin apardığı düzgün xarici siyasət və hamı üçün səmərəli iqtisadi əməkdaşlıq nəticəsində mümkün olub.

Açıq hiss olunur ki, dövlət başçılarının, baş nazirlərin, beynəlxalq təşkilatların rəhbərlərinin, tanınmış siyasətçilərin, ictimai xadimlərin Prezidentimizə şəxsi simpatiyaları var. Çünki dünyada sözünün ağası imicini qazanıb. Bu, özünü ABŞ-da bir daha göstərdi.

Bu günlə BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edən Azərbaycan Prezidenti İlham Əliyev sessiya çərçivəsində çox mühüm görüşlər keçirməkdədir. Hər bir görüş də qarşı tərəflərin müraciəti əsasında baş tutur. Bu da Cənubi Qafqazın lider dövlətinin qalib rəhbərinə olan diqqətin daha bir göstəricisidir. Görünən odur ki, Azərbaycan Prezidentinin sessiya bitənə qədər iş qrafiki çox zəngin olacaq. Çünki dövlətlər etibarlı tərəfdaşla münasibət yaratmaqda maraqlıdırlar.

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Nyu-Yorkda bir çox dövlət başçıları ilə, o cümlədən İraq Prezidenti ilə görüşdü. Görüş həm də İraq tərəfinin istəyi ilə baş tutdu. İraqın rəhbəri də Azərbaycan Prezidentini Ermənistanla sülhün əldə olunmasında önəmli addımın atılması münasibəti ilə təbrik etdi. Qeyd edildi ki, Cənubi Qafqaza sülhün ayaq açması məhz İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir. Ermənistanın dörd rəhbərinin inadını qıraraq ölkənin suverenliyini təmin etmək asan deyil. Bununla bərabər, İraq lideri, eləcə də digər dövlət rəhbərləri Azərbaycan Prezidenti ilə görüşlərində enerji, turizm və başqa sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etməyə üstünlük veriblər. Çünki ölkə başçısının uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan dünyanın enerji mərkəzinə, logistika beşiyinə çevrilib. Zəngəzur dəhlizi işə düşəndən sonra Azərbaycanın önəmi daha da artacaqdır. Avropanı Asiya ilə birləşdirən ən mühüm kommunikasiya xətləri vasitəsilə milyonlarla ton yüklər ölkəmizin ərazisindən keçib lazımi ünvana çatdırılacaqdır.

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Baş Assambleyanın 80-ci sessiyasında 150-dən çox dövlət və hökumət başçısı iştirak edir. Amma hər ölkənin lideri diqqət mərkəzinə düşə bilmir. Fəxrlə deyə bilərik ki, Azərbaycan lideri isə elə Nyu-Yorka gəldiyi ilk dəqiqələrdən dünya liderlərinin diqqət mərkəzindədir. Mətbuatda bu barədə maraqlı məlumatlar dərc olunur.

Cənab Prezidentlə yanaşı, birinci xanım Mehriban Əliyeva da BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak edir, fikir mübadiləsi aparır. Azərbaycan Prezidentinin qlobal iqlim dəyişmələri və digər ümumbəşəri problemlərə həssas yanaşması təkcə BMT-nin yox, digər nüfuzlu təşkilatların və beynəlxalq oyunçuların diqqət mərkəzindədir. Məlumdur ki, dünyanın bir çox xalqları sərt iqlim dəyişmələrindən, subasmalarından, yanğınlardan, qlobal istiləşmədən, içməli su çatışmazlığından əziyyət çəkirlər. Göllər quruyur, çaylar və bulaqlar öz məcrasını dəyişir. Yer kürəsinin taleyi üçün dövlətlər biganə qalmamalı, qlobal və regional bəşəriyyətdə humanitar faciələrin başvermə səbəblərinin aradan qaldırılmasına öz töhfələrini verməlidirlər. Əvvəllər də dövlətimizin başçısı adı çəkilən məsələnin həllində nümunə olaraq ölkəmizin köməyə hazır olduğunu vurğulamışdı.

Məhz Prezident İlham Əliyevin düzgün hesablanmış siyasəti nəticəsində Cənubi Qafqaz regionunun güclü dövlətinə çevrilmiş Azərbaycanın sözü ən ali tribunalardan eşidilir.

Dünənədək BMT tribunasından dünyadan ədalət tələb edən Azərbaycan bu gün həmin tribunadan sülh və əməkdaşlıq çağırışlarını səsləndirən, öz mövqeyini dünyaya tanıdan və qəbul etdirən dövlət statusunu qazanıb. Sessiya çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreşin Prezidentimizlə səmimi söhbəti buna bir misaldır. Ölkəmizin BMT-dəki üstün mövqeyi həm tarixi ədalətin bərpası, həm də Azərbaycanın siyasi iradəsinin və iqtisadi gücünün təzahürüdür.

Vəli İlyasov, “İki sahil”

Seçilən
36
50
ikisahil.az

10Mənbələr