27 Sentyabr - Anım Günü çərçivəsində “44 günlük Zəfər tariximizin başlanğıc günü” adlı tədbir Ordubad Rayon Mədəniyyət Sarayında təşkil olunub.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, hərbçilər, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və əməkdaşları iştirak ediblər.
525.az xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin bərpa olunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Dövlət Himni səsləndirilib.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək Anım Gününün Azərbaycan xalqının tarixində həm kədər, həm də qürur günü olduğunu bildirib, şəhidlərimizin qəhrəmanlığını və Vətən uğrunda göstərdikləri fədakarlığı vurğulayıb. İcra başçısı, qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində şərəfli səhifədir və bu günün xatirəsi gələcək nəsillərə vətənpərvərlik ruhunu aşılamaq baxımından böyük əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini bu gün uğurla davam etdirən Prezident İlham Əliyevin güclü rəhbərliyi sayəsində Azərbaycanın müharibədə tarixi Qələbə qazanması, həmçinin, azad olunmuş torpaqlarda quruculuq və dirçəliş dövrünün başlanması istiqamətində mühüm nailiyyətlərin əldə olunduğu da qeyd edilib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinim deputatı, tibb üzrə fəlsəfə doktoru, dosent Elmar Rzayev və Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Təşkilatının sədri Fərrux Nağızadə çıxış edərək Anım Gününün xalqımız üçün müqəddəs gün olduğunu vurğulayıb, şəhidlərin canı və qanı bahasına qazanılan Qələbənin daim qürur mənbəyimiz olacağını qeyd ediblər.
Tədbirin bədii hissəsində “27 sentyabr — Anım Günü”nə həsr olunmuş “Vətənin qəhrəmanı” adlı ədəbi-bədii kompozisiya təqdim olunub. Kompozisiyada şəhidlərin qəhrəmanlığı, Vətən uğrunda göstərdikləri şücaəti və xalqımızın həmrəyliyi canlı şəkildə əks etdirilib.
"Cebheinfo.az"