AZ

Dünya maliyyə qurumları Azərbaycanı regional iqtisadi mərkəz hesab edir - Əliyevin görüşlərinin nəticəsi...


Qlobal iqtisadiyyatda beynəlxalq maliyyə qurumlarının fəaliyyət dairəsi və təsir imkanları olduqca genişdir. Onlar ölkələrin maliyyə sabitliyinə dəstək olmaqla yanaşı, müxtəlif inkişaf layihələrinə sərmayə yatırır, sosial-iqtisadi islahatların həyata keçirilməsində mühüm rol oynayırlar. Azərbaycan da müstəqillik illərində bu qurumlarla əməkdaşlığı prioritet istiqamətlərdən biri kimi seçib, onların maliyyə və institusional dəstəyindən faydalanıb.

Bu gün dünya maliyyə qurumlarının Azərbaycana marağı həm siyasi sabitlik, həm də iqtisadi inkişaf perspektivləri ilə sıx bağlıdır. Bunu prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak məqsədilə ABŞ-ın Nyu-York şəhərində işgüzar səfəri çərçivəsində dünyanın aparıcı maliyyə qurumları ilə görüşləri də təsdiq edir. Həmin şirkətlərdən biri 1985-ci ildə Nyu-Yorkda təsis olunan “Blackstone”dur.O, alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən böyük şirkətlərindən biridir,özəl kapital, daşınmaz əmlak, kredit, infrastruktur, data mərkəzləri, bərpaolunan enerji və hedc fondları üzrə investisiya portfellərini idarə edir. Hazırda “Blackstone”un idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarından artıqdır, dünyanın 27 şəhərində fəaliyyət göstərir. ŞirkətAzərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlıq əlaqələrinə malikdir və ölkəmizlə münasibətlərin daha da dərinləşməsində maraqlı tərəfdir. 1939-cu ildə Nyu-Yorkda təsis olunmuş “Neuberger Berman” qlobal investisiya idarəetmə şirkəti üçün də Azərbaycan maraqlı tərəfdaşdır.Sözügedən şirkət beynəlxalq institutlar, məsləhətçilər və fərdi investorlar üçün yarım trilyondan çox ABŞ dolları məbləğində aktivləri idarə edir. Xatırladaqki, prezident İlham Əliyev Nyu-Yorkda “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker ilə görüşüb.Dövlət başçısı ölkəmizin beynəlxalq maliyyə qurumları və nüfuzlu investisiya şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini vurğulayaraq, bu xüsusda “Neuberger Berman” şirkəti ilə tərəfdaşlığın bundan sonra da uğurla davam edəcəyinə inamını ifadə edib. Dövlət başçsıının alternativ investisiyalar sahəsində dünyanın ən böyük idarəedici şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə görüşündə də əməkdaşlıq məsələləri xüsusi diqqət mərkəzində yer alıb. Brüs Flətt rəhbərlik etdiyi şirkətin Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının getdikcə genişləndiyini vurğulayıb. Azərbaycanla “Brookfield Asset Management” şirkəti arasında qurulmuş əlaqələrin uğurlu inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev bunun əməkdaşlığımızın uzunmüddətli strateji inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayıb. O da xüsusi qeyd edilməlidir ki, 1899-cu ildə əsası qoyulan və baş ofisi Kanadada yerləşən “Brookfield Asset Management” qlobal miqyasda alternativ investisiyaların idarə edilməsi sahəsində aparıcı şirkətlərdən biridir. Şirkət infrastruktur, daşınmaz əmlak, bərpaolunan enerji, özəl kapital və kredit kimi əsas istiqamətlər üzrə investisiya portfellərini idarə edir. Hazırda “Brookfield”in idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarından çoxdur.

Bununla yanaşı, prezident İlham Əliyevin qlobal infrastruktur investisiya idarəetmə şirkəti – “Global Infrastructure Partners”şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşü baş tutub. “Global Infrastructure Partners” 2006-cı ildə təsis edilmiş qlobal infrastruktur investisiya idarəetmə şirkətidir. Şirkət təxminən 170 milyard dollar məbləğində aktivləri idarə edir. O,Nyu-York, London, Stamford, Sidney, Melburn, Brisben, Mumbay, Dehli, Sinqapur və Honkonq daxil olmaqla dünyanın 10-dan çox şəhərində ofisi mövcuddur. 2024-cü ildə dünyanın ən böyük idarəetmə şirkəti olan “Blackrock” tərəfindən 12,5 milyard dollar məbləği ilə satın alınıb.

Şirkət çox önəmli infrastruktur aktivlərinə investisiya etməklə yanaşı, öz uğurlu dəyər yaratma strategiya və planları ilə onların dayanıqlılığını və uzunmüddətli inkişafını dəstəkləyir. Bundan başqa, prezident İlham Əliyev Nyu-Yorkda dünyanın ən iri və nüfuzlu qlobal investisiya menecerlərindən biri olan “Franklin Templeton” şirkətinin baş icraçı direktoru və prezidenti Cenni Conson ilə görüşüb. “Franklin Templeton” ilə Dövlət Neft Fondu 2025-ci ildən etibarən əməkdaşlığa başlayıb. Hazırda ARDNF-ın “Franklin Templeton” tərəfindən idarə olunan səhm portfelinin ümumi dəyəri təxminən 677 milyon dollar təşkil edir. Mövcud tərəfdaşlıq ölkəmizin kapital bazarlarının dərinləşdirilməsi, regionun investisiya potensialının gücləndirilməsi və dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, 1947-ci ildə ABŞ-da təsis edilən “Franklin Templeton” şirkəti hazırda 1,6 trilyon dollara yaxın aktivləri idarə etməklə dünyanın ən iri və nüfuzlu qlobal investisiya menecerlərindən biri hesab olunur. Şirkətin idarə etdiyi aktivlərin həcmi qlobal idarə olunan aktivlərin 1,3 faizinə bərabərdir. “Franklin Templeton” 30-dan çox ölkədə fəaliyyət göstərən 70-ə yaxın ofisə malikdir və 170-dən çox ölkədə milyonlarla institusional və fərdi müştərinin vəsaitlərini idarə edir. Müştəri bazasına aparıcı suveren sərvət fondları, iri pensiya və sığorta fondları, beynəlxalq banklar, nüfuzlu universitetlərin fondları və yüksək kapitala malik ailə ofisləri daxildir. Şirkət həm inkişaf etmiş maliyyə bazarlarında, həm də inkişaf etməkdə olan ölkələrdə güclü mövqeyə sahib olmaqla, xüsusilə Asiya və Latın Amerikası kimi sürətlə böyüyən bazarlarda aparıcı investor statusunu qazanıb. Bu nəhəng maliyyə qurumları Azərbaycanla sıx əməkdaşlıq edirlər. Dünya maliyyə qurumlarının Azərbaycana marağı təkcə maliyyə dəstəyi ilə məhdudlaşmır. Bu qurumlar ölkəni regional iqtisadi mərkəz kimi görür və onun inkişaf modelini dəstəkləyirlər. Azərbaycanın dayanıqlı iqtisadi siyasəti, qeyri-neft sektorunun inkişafı və beynəlxalq əməkdaşlıq xətti dünya maliyyə institutları üçün etibarlı tərəfdaşlıq mühiti yaradır. Gələcəkdə bu əməkdaşlıq Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə, sosial rifahın artmasına və ölkənin beynəlxalq mövqeyinin güclənməsinə daha da böyük töhfə verəcək. Dünya maliyyə qurumlarının Azərbaycana artan marağı bir sıra mühüm amillərlə izah olunur. Enerji resurslarının strateji əhəmiyyəti burada öz sözünü deyir.Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşdır. Geoiqtisadi mövqe faktoru da var. Ölkə Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişməsində yerləşir. İslahatlar və şəffaflıq dünya maliyyə qurumlarının diqqət mərkəzindədir.Rəqəmsal idarəetmə, gömrük və vergi sahəsində yeniliklər beynəlxalq qurumların etimadını artırır. Dayanıqlı inkişaf siyasəti fonunda isə “yaşıl enerji” və rəqəmsal iqtisadiyyat hədəfləri beynəlxalq institutların prioritetləri ilə üst-üstə düşür.

Ramil QULİYEV

Seçilən
43
50
baki-xeber.com

10Mənbələr