AZ

"Gələcəyimiz sülh tələb edir, zorakılıq və müharibə artıq yetər" - Mahmud Abbas

"Netanyahu BMT Baş Assambleyasında darmadağın edildi, "əsrin məsələsi" həllini tapdı..."

BMT Baş Assambleyasında tarixi çıxış edən Fələstin prezidenti Mahmud Abbas dünya liderləri qarşısında açıq bəyan edib: Fələstin Qəzzada idarəetmə və təhlükəsizliyə tam cavabdeh ola biləcək yeganə subyektdir. O, həmçinin İsrailin işğal siyasətini kəskin tənqid edib və Qüdsün təcridinə səbəb olan addımları pisləyib.

Moderator.az xəbər verir ki, bu barədə "inosmi.ru" nəşri yazıb.

Abbas çıxışına Makrona, Məhəmməd bin Salmana, Quterrişə və digər beynəlxalq liderlərə təşəkkürlə başlayıb. O, iyul konfransında qəbul edilən və Baş Assambleya tərəfindən böyük əksəriyyətlə təsdiqlənən "Nyu-York Bəyannaməsi"ni "geriyə dönüşü olmayan yolun başlanğıcı" adlandırıb. Bu sənədin əsas ideyası Şərqi Qüds paytaxt olmaqla müstəqil Fələstin dövləti və İsraillə yanaşı sülh və qonşuluq şəraitində mövcudluqdur.

Atəşkəs və Qəzzanın bərpası

Abbas beynəlxalq ictimaiyyətə çağırış edib: humanitar dəhlizlər açılmalı, atəşkəs qalıcı olmalı, girovlar və əsirlər azad edilməlidir. Qəzzanın və İordan çayının qərb sahilinin bərpası isə beynəlxalq konfrans çərçivəsində dərhal başlanmalıdır. O, bu prosesdə Misir, Qətər və ABŞ-ın vasitəçiliyini xüsusi qeyd edib, həmçinin fələstinlilərin köçürülməsi ideyasını rədd edən Misir və İordaniyanın mövqeyini alqışlayıb.

HƏMAS məsələsi

Abbas birmənalı şəkildə bəyan edib: HƏMAS ölkənin idarə olunmasında heç bir rol oynamayacaq. Bütün silahlı qruplaşmalar silahlarını Fələstin administrasiyasına təhvil verməlidir. Fələstin vahid qanun, vahid təhlükəsizlik strukturları olan silahsız dövlət olmalıdır.

İsrailə və beynəlxalq ictimaiyyətə mesajlar

Abbas işğalçıların cinayətlərini, torpaq zəbtini, məskunlaşma terrorunu, dini məbədlərə hücumları və "Böyük İsrail" ritorikasını sərt şəkildə qınayıb. Bu ritorikanı regionun təhlükəsizliyi üçün açıq təhdid adlandırıb. O, Fələstin dövlətində islahatlar, şəffaf idarəçilik, hüququn aliliyi və sosial sistemin qurulması istiqamətində görülən işlərdən danışıb və yaxın iki ildə təhsil sisteminin UNESCO standartlarına uyğun yenilənəcəyini bildirib.

Seçkilər və demokratiya

Fələstin lideri prezident və parlament seçkilərinə hazır olduqlarını elan edib. Müharibədən sonra bir il ərzində müvəqqəti konstitusiya hazırlanacaq və yalnız beynəlxalq hüquqa sadiq siyasi qüvvələr seçkidə iştirak edə biləcək. O, hüququn aliliyinə, qadın və gənclərin gücləndirilməsinə əsaslanan demokratik dövlət qurmaq istədiklərini vurğulayıb.

Dəstək və tanınma

Abbas artıq Fələstini tanımış 149 ölkəyə təşəkkür edib və digərlərini də bu addımı atmağa çağırıb. Sonuncular arasında İspaniya, İrlandiya, Norveç, Sloveniya və Ermənistan da var. O, ABŞ prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanı, Fransa və BMT ilə birgə sülh planının konkret vaxt çərçivəsində həyata keçirilməsinə hazır olduqlarını bəyan edib.

Sülhə çağırış

Abbas İsraili dərhal danışıqlar masasına oturmağa dəvət edib: "Gələcəyimiz sülh tələb edir. Yetər artıq zorakılıq və müharibə! Xalqlarımız azadlığa və təhlükəsizliyə layiqdir. Regionumuz sülh və qonşuluq şəraitində yaşasın". Çıxışının sonunda Abbas yəhudilərə yeni il münasibətilə təbrik ünvanlayıb və fələstinlilərə "azadlıq şəfəqi artıq doğur" mesajını verib. O, bu günü "Fələstin dövlətinin günü və Yaxın Şərqdə sülh prosesinin başlanğıcı" adlandırıb.

Seçilən
0
1
moderator.az

2Mənbələr