AZ

İlham Əliyevin uğurlu ABŞ səfəri: Azərbaycanın beynəlxalq nüfuzu tarixin ən yüksək zirvəsinə yüksəldi

“Bakı qlobal oyunçuya çevrilir, ABŞ görüşləri diplomatik çəkini göstərdi”

BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-da işgüzar səfərdə olan Prezident İlham Əliyevin müxtəlif dövlət və hökumət başçıları ilə, beynəlxalq təşkilat və transmilli şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlər keçirməsi, fəal diplomatiya yürütməsi dünya mediasının da diqqət mərkəzindədir.
Səfər çərçivəsində ABŞ-ın sabiq Prezidenti Donald Trampın Azərbaycan lideri barədə səsləndirdiyi fikirlər, iki lider arasında formalaşan səmimi münasibətlər də xüsusi önəm daşıyır. Bununla yanaşı ölkə başçısınım övlətimizin  BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb, Keniya Respublikasının Prezidenti Uilyam Samoei Ruto, Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis, Avropa Şurasının Baş katibi Alen Berse, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə və eləcə də “Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” kimi dünyanın böyük maliyyə-biznes nəhənglərinin rəhbərləri ilə keçirdiyi ikitərəfli görüşlər Azərbaycanın beynəlxalq aləmdə artan siyasi nüfuzunun və iqtisadi rolunun göstəricisidir.
Prezidentin bu cür mötəbər beynəlxalq tədbirlərdə fəal iştirak etməsi və ikitərəfli müstəvidə işgüzar danışıqlar aparması ölkəmizin dünya miqyasında mövqelərinin gücləndirilməsinə xidmət edir. Bu görüşlər ölkəmizin regional və qlobal proseslərdə fəal iştirak etdiyini təsdiqləməklə yanaşı, Azərbaycanın qlobal siyasi-iqtisadi kontekstdə etibarlı tərəfdaş kimi qiymətləndirildiyini göstərir. Eyni zamanda, dövlətimizin başçısının BMT sammiti çərçivəsində dünya liderləri ilə bir araya gəlməsi və çoxsaylı görüşlər keçirməsi ölkəmizin beynəlxalq müstəvidə maraqlarının əsaslı müdafiəsini təmin edir.
Məhz bu cür fəal diplomatik təmasların, işgüzar müzakirələrin nəticəsində siyasi-iqtisadi əlaqələrimiz daha da möhkəmlənir, ölkəmizin beynəlxalq proseslərdə fəal iştirakı təmin olunur.
İlham Əliyev ölkəmizin beynəlxalq proseslərdə oynadığı rolu gücləndirməklə Azərbaycanın geosiyasi aktorlardan birinə çevrilməsinə zəmin yaradır. Son iki gündə BMT sessiyası çərçivəsində ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları ilə, iri şirkətlərin rəhbərləri ilə keçirilən ikitərəfli görüşlər siyasi və humanitar əlaqələrimizin genişlənməsi ilə bərabər, həmçinin iqtisadi inkişafımız üçün də yeni imkanlar açır.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin ABŞ-a səfəri Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini daha da möhkəmləndirən tarixi hadisə kimi qiymətləndirilə bilər:

 "Çoxsaylı ikitərəfli görüşlər Azərbaycanın dünya gücləri və regional tərəfdaşlarla əlaqələrinin genişləndiyini sübut etdi. Bu görüşlərin əksəriyyətinin qarşı tərəfin təşəbbüsü ilə baş tutması Bakının diplomatik çəkisinin artmasının açıq göstəricisidir. Xarici liderlərin Azərbaycanın rolunu yüksək qiymətləndirməsi isə ölkəmizin artıq qlobal miqyasda qəbul olunan oyunçuya çevrildiyini göstərir. Bu, xüsusən də enerji və iqtisadi əməkdaşlıq sahəsində özünü daha qabarıq şəkildə göstərdi. Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Bununla yanaşı, qeyri-neft sektoruna yönəlmiş investisiya çağırışları ölkənin iqtisadi diversifikasiyasına yeni nəfəs verəcək. Səfər həm də Azərbaycanın sülh təşəbbüslərinin beynəlxalq miqyasda dəstəklənməsinə xidmət etdi. Çünki Bakı post-müharibə dövründə dialoqun əsas təşəbbüskarına çevrilib. Bu təşəbbüslər regionda sabitlik və inkişaf üçün fundamental baza yaradır". 

Politoloqun sözlərinə görə, İlham Əliyevin görüşlərdə sərgilədiyi prinsipial mövqe Azərbaycanın qətiyyətli siyasətini nümayiş etdirib:
 "ABŞ və digər tərəfdaş ölkələrin maraqları isə Azərbaycanın strateji mövqeyinin nə qədər vacib olduğunu bir daha sübut etdi. Bu səfər həm də Azərbaycanın diplomatiya məktəbinin uğurlu nümunəsi kimi dəyərləndirilə bilər. Çünki balanslı siyasət nəticəsində həm Qərb, həm də digər istiqamətlərdə etibarlı tərəfdaşlıq təmin olunur. Nəticədə, Azərbaycanın beynəlxalq nüfuzu yüksəlir, iqtisadi imkanları genişlənir. Bu, ölkəmizin gələcəkdə daha da müstəqil və güclü mövqelərlə çıxış etməsinə imkan yaradacaq. Səfərin nəticələri həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından Azərbaycanın əlini gücləndirdi. Beləliklə, ABŞ səfəri Azərbaycanın qlobal miqyasda strateji çəkisini bir pillə daha irəli apardı".

Seçilən
17
50
sherg.az

10Mənbələr