AZ

Fırçayla sehrlənən dühalıq İlham Rəhimli yazır

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İlham RƏHİMLİ

Erkən İtaliya intibahının qüdrətli dühası Sandro Bottiçelli (əsl adı: Alessandro Mariano Filipeni. Təqribən 1454, Florensiya - 17.5.1510, Florensiya) dünya rəssamlığının əzəmətli taclarından biridir. Bottiçelli rəssamın təxəllüsü olub, mənası çəlləkdir. Dünya rəssamlığına bir sıra özünəməxsus yeniliklər gətirib. Onlardan ən başlıcası odur ki, qadın obrazlarını təkrarsız füsunkarlıqla rəsm edib. Qadının gözəlliyinə ecazkar füsunkarlıq gətirən zərifliyi, Azərbaycan türkcəsi ilə desək, sərvi boyluğu yeni ölçü və incəliklə kətana köçürüb. Antik yunan və Roma heykəltaraşlığında, eləcə də XV əsrə kimi rəssamların təsvir etdikləri qadın obrazlarında qəbul edilmiş klassik ölçüyə görə fiqurun başının ölçüsü bədəndə yeddi dəfə yerləşir. Bottiçelli bu ölçünü 1+8-ə qaldırmaqla təsviri sənətə ecazkar yenilik gətirib. Dövrünün dəbli kübar elementlərinin zərifliyini artırmaqla, zamanın aristokrat təbəqəsinin zövqlərinə əsaslanaraq ideal gözəlliyin yeni modelini yaradıb. Bu yeniliyin sirri-sehri orasındadır ki, Bottiçelli modeli XXI əsrdə belə bənzərsizliyini və ilkinliyini qoruyub saxlayır.

Müxtəlif illərdə fırçaya alınmış "Bahar", "Venera və Mars", "Evxaristii madonnası", "Veneranın doğuluşu", "Simonetta  Vespuçi", "Pallada və Kentavr", "Mistik çarmıxa çəkilmə", "Olofernin çadrını tərk edən Yudif" tablolarında bənzərsiz real sənət möcüzəsini seyr etməkdən doymaq olmur.

Bottiçelli öz tablolarında bir klassik ölçüyə də sədaqətlə əməl edib. Onun xanım təsvirlərində qadının başı üç bərabər ölçüyə bölünür. Xanımın dörd barmağının ölçüsü ilə alın, qaşla burun və burunla çənə arasındakı ölçülər düppədüz gəlir. Xanımların boyunları bu ölçülərin üçdə ikisi uzunluğunda təsvir olunub. Bu simmetrik ahəng obrazlara həzin musiqili lirizm, kövrək poetik vüsət, füsunkar, incə zəriflik və bir qədər də ecazkar, sehrli ilahi gözəllik bəxş edir.

Adlarını çəkdiyim tablolarda, xüsusən "Bahar"da və "Veneranın doğuluşu"nda ortadakı, "Venera və Mars"dkı Venera, həmçinin "Gənc qadının portreti"ndəki xanım hakim Lorenso Mediçinin sarayında olan kənizlərdən biridir. Bottiçelli bu sarayın rəssamı olub və həmin xanıma alovlu məhəbbətlə vurulub. Hətta bunu Lorenso Mediçi də bilirdi və həmin xanımın natura kimi rəssamın emalatxanasına gəlməsinə icazə vermişdi. Bu da onun rəssamın qeyri-adi istedadına, başqa sözlə, sənətə və sənətkara olan tükənməz ehtiram və məhəbbətinin parlaq təzahürüdür.

lll

"Niderland incəsənətinin qızıl dövrü"ndə yaşamış holland rəssamı Van Reyn Rembrandt (15.7.1606, Leyden - 4.10.1669, Amsterdam) tünd rənglərdən (xüsusən qara və şabalıdı) çox istifadə edib. Bu qaranlığın içindən sıyrılıb çıxan fiqurlar insanın yer üzünün ən mürəkkəb, ən sirli, ən təzadlı xilqətə malik məxluqu olduğuna rəssamın fəlsəfi-psixoloji sənətkar münasibəti, həyat qənaətidir. Rembrandt zaman və insan, cəmiyyət və hakimiyyət burulğanında işartısı güclə sezilən şamın titrək şöləsində insan əzəmətinə ehtiram və sevgisini, paralel şəkildə inamsızlığını və vahiməli xofunu bəyan edir. Onun əsərlərində işıq da, kölgə də obrazdır, fəlsəfi koddur, psixoloji musiqi təranəsidir. Dini və mifoloji mövzularda melanxolik insanlara xas olan tənhalığı, qəmi, kədəri, kini, küdurəti, əzabkeşliyi, məyusluğu, bezginliyi, ümidsizliyi, həyata qarşı maraqsızlığı Rembrandt qədər rənglərlə oynada bilən rəssam yoxdur. İşıq və kölgənin bir-birinə qol-boyun sarılaraq insan xislətinin çox mürəkkəb hiss və duyğularını, həyəcan və sarsıntılarını ona qədər olan dünya təsviri sənətində heç kəs Rembrandt möhtəşəmliyində kətana köçürməyib. Müxtəlif illərdə və bənzərsiz formada çəkdiyi avtoportretlərində də ustad sənətkar melanxolik duyğularını gizlətmir. "Yəhudi gəlini", "Danaya", "Həkim Tulpun anatomiya dərsi", "Müqəddəs ailə" tablolarında emosional hisslərin qovuşan, harmonik cazibəsi ilə "qranlığa" bürünən gizli duyğuların həm təzadı, həm də sanki aşiq-məşuq səciyyəsi daşıması insanı valeh edir.

Dini və mifoloji mövzularda Rembrandtın ilham pərisi daha mürəkkəb hisslərin psixoloji dərinliyində tamaşaçıları həyəcanlı suallar məngənəsinə salır. Yaşadığı zamanın xaricində olan insan şəxsiyyətinin həyəcanlı hisslərini, müəmmalı psixoloji hallarını "Samsonun gözlərinin çıxarılması", "Səfil oğulun qayıdışı", "Gecə gözətçisi", "Xəstəni dirildən İsa" tabloları sanki həyata müəmmalı, müqəddəs sevgi "varmı, yoxmu" sualı ilə tamaşaçıları labirintə salıb "girinc" qoyur, çaşbaş hala salır. Ancaq bu girincliyin, bu çaşbaşlığın özündə, onun dərin-dərin qatlarında sənətkarın çoxmənalı möcüzələri qəmli-qəmli mürgü vurur.

Müəmma, rəssamın kompozisiya qurumunda xeyirlə şərin qarışığı, təzadlı hisslərin incəliklə rənglərdə dil açması "Musiqi alleqoriyası", "Yan Siks", "Saskiyanın portreti" tablolarının sirli-sehrli estetikasında, emosiyaların çox qarışıq və bəzən güclə seçiləcək kinayəli çalarlarda təsviri Rembrandtın dahiliyinin dərkinə ümman sonsuzluğu açan sənət inciləridir.

Ağla qaranın eşqini və nifrətini - ahəngini və təzadını rənglərin dili ilə Rembrandt qədər poetik vüsətlə kətana köçürə bilmiş ikinci düha mənim fikrimcə, hələ dünyaya gəlməyib.

lll

Vinset Van Qoq (30.3.1853, Zyundert - 29.7.1890,  Over-syür-Uaz) holland postimpressionist rəssamıdır. Sağlığında cəmi bir əsəri satılıb. Ölümündən sonra şöhrəti dünyaya yayılıb. 10 il ərzində yaratdığı təxminən 2100 sənət xəzinəsinə peyzaj, natürmort, portret və avtoportretlər daxildir. O, yağlı boya ilə işlənmiş rəsmlərinin əksəriyyətini (təxminən 900-ə yaxınını) ömrünün son iki ilində fırçaya alıb. Həyatı boyunca daim maddi çətinlik içində yaşayıb, uzun illər düşüncəsini, daxil rahatlığını pozan dəhşətli ruhi xəstəlikdən, sarsıntılı depressiyalardan, bəzən günlərlə bir doyumluq çörəyə də möhtac qalan yoxsulluqdan əziyyət çəkib. Bu dərdin ona verdiyi əzabı, dünyanın qatma-qarışıq rəngləri, gördüyü biganəliyin, laqeydliyin mənəviyyatına vurduğu zərbələrin acısı-ağrısı rəssamın, istisnasız olaraq, bütün rəsmlərində rənglərin dili ilə "danışır". Van  Qoqun dühalığının bir sehrli sirri də ondadır ki, hətta bu dahinin taleyindən xəbərsiz olan insanlar da onun əsərlərinə baxanda müəmmalı, yanımcıl, düşündürücü, həssas ağrılı duyğulara qapılırlar. Amma və di gəl ki, bu duyğularda sarsılmaz katarsis, ruhi təmizlənmə gücü var və bu da Van Qoqun sənət möcüzəsinin bir nişanəsidir.

Van Qoq kədərinin fəlsəfi-psixoloji, estetik təsir gücünə sevgiyə, ruhi paklığa səsləyən ülvi duyğular seli hakimdir.  

Van Qoqu addım-addım 37 yaşında intihara aparan psixi pozğunluğun, sarsıntılı ruhun rənglərdəki təsviri rəssamın ölümündən sonra dahiliyinin dərkinə qapı açdı.

Ölüm onun sənətinin sehrini bürümüş inamsızlıq, rişxənd örtüyünü, hətta səfil, içki düşkünü damğasını yırtıb dağıtdı. Özü də bu münasibət dəyişməsi elə sürətlə, elə coşqunluqla, elə haraylı-hayqırtılı etirafla, elə ağılagəlməz areal genişliyində baş verdi ki, çağdaş sənət xiridarları təəssüflə, ürək yanğısı ilə "bacarıqsız bir dəli" sandıqları Van Qoqu "sağlığında səhv başa düşülmüş dahi", "dəliliyi və möhtəşəm yaradılıcıq gücünü özündə birləşdirən rəssam" kimi dəyərləndirdilər.

Van Qoqun "dəliliyi", daxili sarsıntı və əzabları, psixi tarazlığının pozulmasının əlamətləri çəkdiyi rəsmlərdə kətana vurulan mazokların (rəng yaxısının) aşağıdan yuxarıya - real dünyadan sokral aləmə doğru fışqıran rəng rəqslərində təcəlla tapıb.

Van Qoqun kinayəli, etinasız münasibətlərin varlığını titrədən qəzəbi "Günəbaxanlar" silsiləsinə aid tablolarda da günəbaxan saçaq və ləçəklərinin oxabənzər təsvirində ecazkar bədii-estetik obraz təsiri bağışlayır.

Van Qoqun 10 ildə yaratdığı bütün tablolarında rəssamın öz ölümünü rəsm rənglərində axtaran daxili çırpıntılı fəryadı, titrək sarsıntısı, miskin əzabı, zavallı tənhalığı var.

Van Qoqun avtopertretlərində sifətdə dəhşətli ağrı kədəri sezilir. Sanki rəssamın həyatda bir nəfər də simsarı, dostu, həmdərdi yoxdur. Onun kətanda əbədiləşmiş görkəmində təkliyin faciəsi, tənhalığın ağrı-acısı var. Özünü güzgüdə də yalqız görür, olumdan daha çox ölümə doğru zavallı-zavallı, həsrətli-həsrətli intizarla boylanır.

Dahiliyə yol açan intihar Van Qoqun taleyinə nəsib oldu.

Parisin kasıblar toplaşan qəlyanaltılarında bir bardaq çaxıra dəyişdiyi tabloları ölümündən sonra yüz bardaq ağırlığında milyonlara satıldı.

Özünün həyatda görmədiyi, rastlaşmadığı, hiss etmədiyi mehriban insani münasibət, hörmət-izzət, həssas duyğu, xeyirxah ünsiyyət ruhuna qismət oldu.

Van Qoqun rəngləri hiss etməsi birmənalı şəkildə onun fizioloji durumu, psixoloji sarsıntıları, müəyyən mənada özünün özünə qarşı inamsızlığın doğurduğu təzadlı duyğularla, təbiətə münasibətində anlaşılan və anlaşılmayan təəssüratlarla bağlıdır.

Van Qoq təbiətlə üz-üzə olanda idrakını emosional duyğular əvəzləyirdi və dəli dünyanın dəlilik qavrayışlarını mənzərələrin, natürmortların timsalında inisaniləşdirirdi. "Qırmızı üzüm bağları", "Yağışdan sonra Overdə mənzərə", "Ulduzlu gecə" peyzajları, "Zanbaq gülləri", "Süsənlər" natürmortları, "Suquzğunu", "Yatan inəklər",  "İnəklər", "Beli üstə uzanan xərçəng", "Xərçənglər" rəsmləri əslində ən müxtəlif insan xarakterlərinin rəng təmsilçiləridir.

İnsan fiqurları işlənmiş "Kartof yeyənlər, "Məhbusların gəzintisi", "Gecə kafesi, "Həkim Qaşenin portreti" əsərlərində, "Aralda yataq otağı" kompozisiyasında Van Qoqa məxsus dərd-kədər, qəm-qüssə, psixoloji ağrı-acı çox soyuq, tünd, lakin olduqca emosional tutumlu, dərin mənalı, ifadəliliyi, psixi pozğunluğu olan insanın ağıllı və düşündürücü fəlsəfi dərinliyi ilə heyranlıq doğurur.

"Qarğalarla taxıl sahəsi" tablosunun yarısı həm qasırğalı dənizi, həm borandan, tufandan xəbər verən müəmmalı, kədər püskürən səmanı xatırladır. Taxıl zəmisi isə sərt küləkdən dalğalanan, kasıbların ümid yeri olan, bəhər verəcəyi müəmmalı təsir bağışlayan kədərli, ağrılı, sünbülləri sanki çılğın fəryadla son ölüm rəqslərini "oynayır". Qarğalar əsasən insana qaramat gətirən zibillikdə, heyvan cəsədləri, amansız müharibələrdə həyatlarını itirmiş kimsəsiz cəsədlər üzərində kom halda uçuşurlar. Rəssamın "qarmaqarışıq" arzusu rənglərin "rəqsində" dəhşətli ümidsizliyin və amansız reallığın fırtına burulğanı kimi fırlanır, dalğavarı cizgilər dörd bir tərəfə əyilərək ulu tanrıdan imdad diləyir.

Vanq Qoqun daha çox xoşladığı sarı rəngin çalarları çoxdur və bu çoxluğun da istənilən sayda psixoloji ovqat təsiri var. "Günəbaxanlar"da sarı rəngin azı dörd fonda fərqli çalarlarını müstəqil boya ahəngində, ancaq harmonik psixoloji-emosional vəhdətdə təsvir edib.

Van Qoq çox işlətdiyi sarı, bənövşəyi, yaşıl, göy və eləcə də digər yardımçı rənglərdə mistika, sirr, magiya, sadəlik, kədər, fəlakət, qəlb çırpıntısı, xarici aləmə etiraz psixoloji təsir gücünə qadirdi.

"Əbədiliyin qapısında" tablosu (stulda əyləşərək üzünü əlləri ilə qapamış, əyilərək başını yerə dikmiş məzlum zavallı kişi), mənim fikrimcə, Van Qoqun intihara hazırlığının qəti qərara çevrilməsinin rənglərdə ifadəli məşqidir. Bu tabloda Van Qoq onun varlığını sarmış özünün istedadına tərəddüdlərlə yanaşması fikri inam çatı verir. Bəlkə də "dəliliyin" müdriklik məqamında real qənaətə gəlir ki, şöhrətin, sənətkar kimi qəbul edilmənin, psixoloji pozuntular məngənəsindən xilasın, ruhi azadlığın yeganə yolu bir tapança gülləsidir...

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
525.az

1Mənbələr