AZ

Onların bazarlarda fəaliyyətinə qadağa qoyulacaq

Oktyabrın 1-dən bazarlarda bəzi şəxslərin fəaliyyətinə qadağa qoyulacaq.

NOCOMMENT.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, icarəçilər yalnız obyektlərini vergi orqanında qeydiyyatdan keçirdikdən sonra işlədə biləcəklər. Satıcılar isə bu vəziyyətdən narazıdırlar.

İsmayıllı bazarındakı satıcıların sözlərinə görə, qazancları həmin vergini ödəməyə kifayət etmir: “Bizim satdığımız məhsullar bütün marketlərdə var. Həmin səviyyədə alver edə bilmirik ki, o vergini də verək. Yer pulunu çətinliklə ödəyirik. Əksəriyyət bazarla vidalaşacaq”.

Ucar bazarında çalışan xanım isə deyir ki, ticarət obyektində bunu qarşılayacaq canlanma da yoxdur: “Nə satırıq ki, vergi də verək? Bizim bazarımızda nə canlanma var ki?! Nə qədər qazanırıq ki, vergi ödəyək?”

Bazarda dərzi olaraq fəaliyyət göstərən şəxs isə 1-2 manatı güclə qazandıqlarını deyir: “5 ədəd şalvar alırlar, onun 1-2-nin ətəyini mənə kəsdirirlər. Ondan nə qazanıram ki, vergi də verim?!”

Cəlilabad bazarında çalışan satıcının sözlərinə görə isə, mövsüm vaxtı qazanc əldə etmək olur, qalan vaxtlar isə çətinliklə dolanırlar: “İndi də baxacağıq, əgər çətin olsa, məcbur olub mağazanı bağlayacağıq”.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin əməkdaşı Günel Bəhramqızı qeyd edib ki, dəyişikliklər kənd təsərrüfatı məhsulları satılan açıq bazarlara və kənd təsərrüfatı korporativlərinə aid deyil. Yeni qərar yalnız bazar daxilində yerləşən obyektlərdə mağaza və köşk kimi yerlərdə satış edənlərə aiddir: “Bu dəyişikliklər qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısının alınması və uçot intizamının gücləndirilməsinə xidmət edəcək. Bazarlarda uçotsuz fəaliyyətin qarşısını alacaq. Bu isə öz növbəsində icarəhaqlarının rəsmiləşdirilməsinə, bazar mülkiyyətçilərinin qanunauyğun şəkildə fəaliyyət göstərməsinə gətirib çıxaracaq”.

İqtisadçı Rəşad Həsənov deyir ki, bazarlarda təsərrüfat obyektləri girişində müvafiq məlumatlar qeyd edilməzsə, qeyri-kommersiya sahibkarlıq subyektlərinə 40 manat, sahibkarlıq subyektləri üzrə 400 manat məbləğində cərimə tətbiq ediləcək. Əgər obyektin ümumiyyətlə vergi orqanında qeydiyyatdan keçirilmədiyi aşkarlanarsa, cərimə məbləği daha yüksək olur.

Seçilən
9
17
nocomment.az

10Mənbələr