AZ

“60 ölkədə olmuşam, amma insan öz milləti ilə ailə qurmalıdır” - MÜSAHİBƏ

“TikTok”da məşhurlaşan videolarını görəndə maraqla qarşılamışdım. Pozitivdir, üstəlik də hər gün “saatını qoluna taxıb göyün üzünə qalxır”.

Ozal Rəhimov təkcə təyyarə bələdçisi deyil, ona həm də sosial şəbəkə hesabı üzərindən Azərbaycan mahnılarını dünyaya tanıtmağa çalışan bloqer də deyə bilərik. Uzun illərdir Dohada yaşasa da, öz köklərindən qopmur. Uçuşlarında müxtəlif ölkələrdən olan həmkarları ilə birgə yerli musiqilərimizi oxuyaraq rəqs edir və həmin videoları paylaşır. Hər gün yüzlərlə sərnişinlə rastlaşan, uçuş zamanı baş verə biləcək riskləri gözə alan, eyni zamanda incəsənət bacarıqlarından istifadə edərək müəyyən kontent yarada bilən stüardımız qısa zaman ərzində trend olmağı bacarıb. 

- Necə oldu ki, bu işə başladınız, Dohaya köçmə səbəbiniz də arzunuzla bağlıdır? 

- 7 ildən çoxdur stüard kimi fəaliyyət göstərirəm. Dohaya 2016-cı ildə stüard olmadan əvvəl köçmüşəm. Həmin vaxt, təxminən 2 il restoran-hotelçilik işi ilə məşğul idim. Məqsədim isə başqa ölkədə təcrübə qazanmaq idi. Daha sonra dostlarım məsləhət gördülər ki, vakansiyaya müraciət edim. Dedilər ki, bu sahədə uğur qazana bilərəm. Birinci dəfə danışıqlar üçün Gürcüstana getdim, qəbul etmədilər, dedilər 6 aydan sonra yenidən müraciət edin. Mən də inadkaram, ikinci dəfə müraciət etdim, bu dəfə də danışıqlar üçün Kiyevə getdim. Uğurlu oldu.

- Niyə məhz xarici hava yollarını seçdiniz? Qazancda fərq varmı?

- Xüsusi araşdırma etməmişəm. Sadəcə Dohada yaşadığım üçün oranı seçdim. Qazanc fərqini bilmirəm, amma müəyyən fərqlər yəqin ki var. Çünki çox yerə uçan hava yolu çox qazanır və çox maaş verir.  

- Dediniz ki, bir müddət restoran-hotelçilik işi ilə məşğul olmusunuz. Bəs əsl peşəniz nədir?

- Özüm Bakı Slavyan Universitetini bitirmişəm. İxtisasım da ingilis dili üzrə tərcüməçilikdir.

- Siz “TikTok”da fenomen olacağınızı əvvəlcədən təxmin etmişdiniz?

- Başlanğıcda əyləncə məqsədi daşıyırdı. Amma etiraf edim ki, videolarımın viral olacağını bilirdim. Artistlik bacarığıma inanırdım. Məqsədim sosial media fenomeni olmaq deyil, sadəcə real həyatda necə pozitivəmsə, bunu izləyicilərə ötürmək istəyirəm. Sadəcə həmin an video çəkmək istəyirəmsə, şəraitdən asılı olmayaraq mütləq edirəm.

- Yaratdığınız bu kontenti daha əvvəl hansısa xarici bir stüardda görmüşdünüz?

- Yox, bunu haradasa görməmişəm. Seçdiyimiz musiqilər öz dinlədiyim mahnılar siyahısındandır. Sadəcə təzadların gözəl olduğuna inanıram. Düşündüm ki, xarici bir simanın bizim mahnıda olmağı hər zaman diqqət cəlb edə bilər. Hamı soruşur ki, onlar bizim mahnıları necə anlayır? Video çəkməmişdən əvvəl tərcümə edib mövzunu qısa da olsa danışıram. 

- Onların musiqilərimizə reaksiyaları necə olur?

- İş yoldaşlarım çox pozitiv insanlardılar. Onların reaksiyaları yetərincə müsbətdir. Hətta videolarımda olan xanımlardan biri mənə dedi ki, bu necə mahnıdır, anlamıram, amma davamlı şəkildə zümzümə edirəm. 

- Həmin mahnı hansı idi?

- Aygün Kazımovanın “Əcəb yaraşırıq”.

- Azərbaycandan gələn rəylər necədir? 

- Mənfi yazan şəxslərə qarşı reaksiyam səssiz qalıb cavab verməməkdir. Çünki nəticə göz qabağındadır. Mən əvvəlcədən bütün riskləri gözə almışdım. Bilirdim ki, bəzi şərhlər radikal ola bilər.

- Amma rəqsinizi çox bəyənirlər. Ümumiyyətlə, rəqslə peşəkar şəkildə məşğul olmusunuz? 

- Nə musiqi, nə də rəqs təhsilim var. Sadəcə həmişə musiqi duyumum çox yaxşı olub. Rəqs etmək də həyatımın bir parçasıdır.

Haqlı idi. Əyləşdiyimiz məkanda müsahibə üçün hazırlıq işləri gördüyümüz zaman fürsətdən istifadə edib hansısa mahnını zümzümə edirdi. Yadıma onunla rəqs edən xarici qızlar düşdü.

- İnsanlar rəylərdə rəqs etdiyiniz əcnəbi qızlardan birini Azərbaycana gəlin gətirəcəyinizi yazırlar. Şəxsi həyatınız haqda danışa bilərik?

- Bir dəfə ailə həyatı qurmuşam, ayrılmışam. Amma başqa millətə məxsus biri ilə ailə həyatı qurmaram. Düşünürəm ki, evlənəcəyiniz partnyorunuzun yaşadığı bölgədə böyüməmisinizsə, məsələ bir az qəliz olacaq. Mentalitet məsələsi də çox önəmlidir. Təxminən 60-a yaxın ölkədə olmuşam və bu qənaətə gəlmişəm ki, insanlar öz milləti ilə ailə həyatı qursa, daha çox yaxşı olar. Məsələn, əsəbiləşəndə, sevinəndə insan öz hisslərini öz dilində çatdıra bilmirsə, burada anlaşılmazlıq olur. 

- Bəs işiniz ailə həyatı qurmağınıza mane olur?

- Yox. Çünki beynəlxalq qanunla aylıq icazəmiz 10-12 gündür. Həm də gedəcəyimiz yerə həyat yoldaşımız da sərnişin kimi gələ bilər.

- Dediniz 60-a yaxın ölkədə olmuşam, heç mədəni şok yaşamısınız?

- Hə, yaşamışam. Bəzi Afrika ölkələri var ki, orada müəyyən qrup xalqlar müsəlman həyat tərzi ilə yaşayır, amma onlara bəzi şeylər qadağan olunub. Məsələn, orada çimərlik klubları olur. Yerli xalqın, xüsusilə də xanımların oraya girişi qadağandır, lakin xaricilər orada əylənirlər.

- Bəs Dohada həyat necədir? Deyilənə görə, çox bahalıqdır...

- Dohada ilin yarıdan çoxu isti olur. Yaz və yay aylarında çöldə hansısa məşğuliyyəti etmək çox çətindir. Desəniz ki, mənim kimi ekstrovert adam orada necə yaşayır? Çox çətindir. İnsanlar istidən depressiyaya düşür. Sadəcə yaxşı dostların olmalıdır ki, orada edə biləcəyin 2-3 məşğuliyyətdən zövq alasan. Bahalı həyata gəldikdə isə hər kəsin büdcəsinin yetə biləcəyi məkanlar var. Lüks bir məkana büdcəsi az olan adam da gedə bilir. 

- İşinizdən danışmışkən, peşəniz həm çox maraqlı, həm də çox risklidir. Dekabrda AZAL-ın təyyarəsi qəzaya uğradı, orada sağ qalanlar arasında bələdçilər Aydan Rəhimli və Zülfüqar Əsədov da var. Ümumiyyətlə, belə qəzaları görəndə nə hiss edirsiniz?

- Öncəliklə qəzada həyatını itirənlərin ailələrinə başsağlığı verirəm. Çox böyük itki idi, bütün dünya həmin qəzadan danışırdı. Beynəlxalq hava yollarının təyyarə bələdçi səhifələri var, onlar çox paylaşımlar edirdi. Aydan xanımın ilk müsahibəsində də, sonrakı müsahibələrində də gözlərindəki kədəri görmüşəm, insanı məyus edir. Biz işə başlayanda müqavilənin ənənəvi bəndlərindən biri budur ki, hansısa hadisə baş verə bilər, siz bu işi istəyirsinizmi? Bütün riskləri işə başlamadan əvvəl bildiyimiz üçün həmin xəbərlərə və hadisələrə alışmışıq. Digər insanlar bunu kənardan izlədiyi üçün onlara daha çox təsir edir. Biz artıq alışmışıq. 

Gözlərimi bir nöqtəyə zilləyib ötən ilin dekabr hadisələrini yadıma salıram. Həmin vaxt keçirdiyim o dərin sarsıntını indi də hiss edirəm. Hökumə Əliyevanın titrək səsi bircə saniyə belə olsun qulaqlarımdan getmir... 

- Heç qəza şəraiti ilə üzləşmisiniz?

- Yox, qəza şəraiti ilə üzləşməmişəm, uçuş əsnasında ağır turbulentliliyin baş verməsi normaldır, ondan da artıq qorxmuruq. Sadəcə bir dəfə fövqaltəbii hal baş verib. London hava limanına yaxınlaşanda hava çox buludlu idi. Mən də qapının yanında oturmuşdum. Təyyarənin gövdəsi ilə qanadının arasından ildırım çaxmışdı. Həmin anda möhkəm partlama səsi gəldi, təyyarərnin gövdəsi işıqlandı. Həmin vaxt çox qorxmuşdum.

- Təyyarədə hansı gizli qaydalar var?

- Bəzi kodlu cümlələr var. Amma hansı hallarda deyildiyini açıqlaya bilmərəm.

İsrarla üzünə baxırdım. Cavab almaq istədiyimi görüb razı oldu.

- Sadəcə birini deyə bilərəm (Gülür). Məsələn, spirtli içkinin təsiri altında özünü yaxşı aparmayan, digər müştərilərə fiziki müdaxilə edən bir sərnişin varsa, ən axırınıcı həll yolu onun qandallanmasıdır. Biri sərnişinin önündə, biri də arxasında olan təyyarə bələdçiləri həmin vaxt bu cümləni işlədir: “Sizin üçün edə biləcəyim başqa bir şey varmı?” Bu cümlə də o deməkdir ki, qandallayın. Amma mənim uçuşlarımda olmayıb.

- Peşənizə görə hansı şəxsi vərdişlərinizi tərgitmisiniz?

- Çox səbirsiz adam idim, amma peşəm mənə səbirli olmağı öyrətdi.

- Sərnişinlərin sizdən istədiyi ən maraqlı şey nə olub?

- Belə halla üzləşməmişəm. Amma sərnişinlərdən biri gecənin bir yarısı, göyün üzündə olanda soruşmuşdu ki, haradayıq?

- Bu peşəni seçmək istəyənlərə nə demək istəyirsiniz?

- Həqiqətən bu işi istəyirsinizmi?! Bunu analiz edin. Səyahət etmək gözəldir, amma iş zamanı vaxt limitlidir. Yüksək templi həyat tərzinə hazırsınızsa və sınaqdan keçirmək istəyirsinizə, ən azından 2-3 il məşğul olmalısınız.

Beləliklə, stüard olmaq sadəcə təyyarədə təbəssümlə gəzmək deyil, daim sərnişinlərə güvən vermək, bəzən öz şəxsi vərdişlərini tərgitmək və müsahibimizin də dediyi kimi yüksək templi həyat tərzinə hazır olmaqdır...(Qafqazinfo)

 

 

Seçilən
12
1
olke.az

2Mənbələr