AZ

“Mütləq Gəncəyə səfər edəcəyəm” - Aleksandr Səmədovun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Bir müddət əvvəl Aleksandr Səmədov Rusiyanın ən tanınmış və sevilən futbolçularından biri idi. O, hansı klubun formasında çıxış etməsindən asılı olmayaraq azarkeşlərin rəğbətini qazanırdı. Millidə başqa ölkəni təmsil etməsinə baxmayaraq, Azərbaycanda da Səmədova xüsusi simpatiya var idi.

İdman.biz oxucularına Aleksandr Səmədovla eksklüziv müsahibəni təqdim edir:

– Paytaxtın demək olar ki, bütün aparıcı klublarında oynamış Rusiyanın yaxın keçmişdəki ən yaxşı futbolçularından biri hazırda harada çalışır?

– Artıq dörd ildir ki, Moskvanın 500 kilometr uzaqlığında yerləşən Voronej şəhərinin “Fakel” klubunda işləyirəm.

– Bəs Rusiyanın futbol əfsanəsi üçün Moskvanın özündə iş yeri tapılmadımı?

– Mənim üçün əsas odur ki, sevdiyim işlə məşğul olum. Harada olmağımın isə böyük fərqi yoxdur.

– Siz uzun müddətdir Azərbaycana gəlmirsiniz. Buna nə mane olur?

– İş. Çox istərdim heç olmasa “Formula-1” Qran-prisinə görə Bakıya gəlim, amma alınmadı. Son dəfə “Çelsi” ilə “Arsenal” arasında Avropa Liqasının finalında olmuşdum. O vaxtdan bəri yolum düşməyib, amma mütləq gəlmək niyyətindəyəm.

– Altı il əvvəl Bakıya səfəriniz sizdə hansı təəssüratlar yaradıb?

– İlk növbədə gözəlliyi! Möhtəşəm şəhərdir! İçərişəhər isə ümumiyyətlə unudulmazdır. Tarixi olduğu kimi saxlamağınız çox sevindirici haldır. İnsanlar da çox mehriban idilər.

– Ancaq yaxınlarda Moskvada keçirilən “Əfsanələr Kuboku”nda Arif Əsədovla söhbətiniz zamanı dediniz ki, Azərbaycanda sizi çox da sevmirlər…

– Əşi, o çoxdan olub (gülür). Mən Rusiya millisində oynayanda Azərbaycanla qarşılaşmışdıq. Hətta Rəşad Sadıqovla kiçik bir insidentimiz də olmuşdu. Azarkeşlər də məni fitə basırdı. Amma bu, çoxdan keçmişdə qalıb. Sonra Avropa Liqasının finalına qonaq kimi gələndə atmosfer tamam fərqli idi.

– Bəs yeməklərdən nələr yadınızda qaldı? Bilirəm, Moskvada da kifayət qədər azərbaycanlı restoranları var, amma yenə də…

– Ən dadlı dolma Azərbaycandadır! Onu çox sevirəm. Amma pomidorlar məni bir qədər təəccübləndirdi. Elə bilirdim ki, hamının təriflədiyi kimi çox dadlı olacaq, amma gözlədiyim kimi olmadı.

– Çünki ən yaxşı pomidorlarımız tez-tez Moskvaya göndərilir. Xüsusilə Zirədə yetişdirilənlər. Yeri gəlmişkən, “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqovdur, yəqin yaxşı tanıyırsınız…

– Doğrudanmı? Bunu bilmirdim. Gələn dəfə gələndə xüsusi olaraq Zirə pomidorlarını süfrəyə istəyə bilərəm (gülür).

– Bəs növbəti səfərinizi nə vaxt planlaşdırırsınız?

– İsti mövsümdə – ya yazda, ya da yayda mütləq Azərbaycana gələcəyəm. Arzum odur ki, ailəmlə birlikdə Gəncəyə gedib ulu babamın evini görüm və məzarını ziyarət edim. Bu səfərin baş tutacağına əminəm.

– O zaman səbirsizliklə gözləyirik! Ümid edirik, söhbətimizi artıq Bakıda davam etdirərik.

– Çox sağ olun, mütləq davam etdirəcəyik…

Vüqar Vüqarlı

İdman.biz

Seçilən
12
1
idman.biz

2Mənbələr