AZ

“Rusiya Ukrayna müharibəsində vəziyyət daha da gərginləşəcək” Ekspert

ain.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanı danışıqlardan qaçmaqda və passiv mövqe nümayiş etdirməkdə ittiham edib. O xəbərdarlıq edib ki, Kiyev tərəfi dialoqdan imtina etdikcə, mövqeyi daha da pisləşəcək. 

Peskov həmçinin Rusiyanın danışıqlara hazır olduğunu, lakin Ukraynanın bunun əvəzində "Avropadakı sponsorlarına döyüş qabiliyyətini sübut etməyə çalışdığını” deyib.

Politoloq Oqtay Qasımov mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında bildirib ki, Ukraynada müharibə getdikcə daha qanlı şəkil almaqdadır:

"Rusiya tərəfi "danışıqlar” adı altında manipulyasiya apararaq hücumlarını genişləndirməyə çalışır. Lakin Ukrayna da boş dayanmayaraq əks-həmlələrlə cavab verir. Xüsusilə Rusiyanın enerji sektoruna endirilən zərbələr nəticəsində bu sahəyə təxminən 20 faiz həcmində ciddi ziyan dəyib. Ukraynanın Rusiyaya qarşı müqavimətinin əsas dayağı isə Avropa və ABŞ tərəfindən göstərilən dəstəyə söykənir”.

Ekspert vurğulayıb ki, Rusiyanın Tramp administrasiyasının dəstəyi azaltmasına və Ukraynanın vəziyyətinin çətinləşməsinə ümid bağlayır:

"Lakin hazırkı mərhələdə belə bir ehtimal yaxın zamanda real görünmür. Avropa ölkələri Ukraynanı dəstəkləməkdə davam edəcəklər. Bu dəstəyin əsas hissəsini Avropa vəsaiti hesabına ABŞ-dən alınacaq silahlar təşkil edəcək”.

O.Qasımov deyib ki, müharibənin yaxın zamanda başa çatması real görünmür:

"Rusiya isə qış mövsümünə yaxınlaşdıqca Ukraynanın infrastrukturunu və enerji sektorunu hədəfə alaraq ölkəni çətin vəziyyətə salmağa çalışır.

Ümumilikdə, yaxın aylarda vəziyyətin daha da gərginləşəcəyi gözlənilir. Baxmayaraq ki, Rusiyanın imkanları müəyyən üstünlüklərə malikdir, son iki ildə işğal etdiyi ərazilər Ukraynanın ümumi ərazisinin cəmi bir faizini təşkil edir. Bu isə göstərir ki, Rusiyanın təqdim etdiyi imkanlar bir qədər şişirdilmişdir. Bu həm də psixoloji təzyiq vasitəsi kimi istifadə olunur.

Çünki müharibə təkcə döyüş meydanında deyil, eyni zamanda media və təbliğat sahəsində də davam edir”.

Şahanə Ziyad

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
azxeber.com

1Mənbələr