AZ

Şəxsi maşınların bəzi ərazilərə girişinin məhdudlaşdırılması dünyada geniş yayılıb - “Tıxac vergisi” - FOTOLAR

Son günlər Azərbaycanda ciddi müzakirə aparılan mövzulardan biri də Bakıda bəzi zonalara girişə ödəniş təklif edilməsidir. Əslində, məsələ Bakı üçün yad deyil.

İçərişəhərə giriş pulludur. Bu ödəniş tarixi məkanda nəqliyyatın hərəkətinin kifayət qədər seyrəlməsi ilə nəticələnib. Bəs analoji təcrübə başqa ölkələrdə varmı?

Avtosfer.az xəbər verir ki, şəxsi avtomobillərin bəzi ərazilərə girişinin məhdudlaşdırılması dünyada geniş yayılmış praktikadır. Çox vaxt müəyyən ödəniş təklif edilir ki, buna da beynəlxalq praktikada “tıxac vergisi” deyilir. 

ABŞ tarixində ilk dəfə belə vergi 2025-ci ilin yanvarından Nyu-Yorkda tətbiq edilir. Məşhur Manhettendə şəxsi avtomobillə hərəkət etmək istəyənlər hər giriş üçün gündüz 9, gecə isə 2 dollar ödəməlidir.

Yaxın illərdə keçiş haqqı 20 dollara qaldırılacaq. Qiymət yük maşınlarına 14, turist avtobuslarına 21  dollardır. İctimai nəqliyyat üçün giriş pulsuzdur. 

Manhettenin mərkəzində orta hesabla 11 km/saat sürətlə eyni anda 700 minədək avtomobil hərəkət edir. Ödənişli sistemə keçiddən sonra nisbətən seryrəklik yaranıb. 

Əldə edilən vəsait metronun tikintisinə sərf olunur. Nəzərə alaq ki, Avropa şəhərlərindən fərqli olaraq Nyu-York və Vaşinqtonda ictimai nəqliyyat çox da inkişaf etməyib. Bu ölkədə şəxsi avtomobilsiz hərəkət etmək Avropa ilə müqayisədə çox çətindir. 

Daha bir ingilisdilli ölkə - Britaniyada da pullu girişin olduğu ərazilər var. Londonda pullu giriş zonası (London congestion charge) 2003-cü ildən tətbiq edilir. Həmin dövrdə giriş 5 funt idisə, indi 15 funta qalxıb.

Anqlo-saks ölkələrində tıxacların azaldılması üçün başlıca olaraq sürücüləri “pulla vururlar”.

Avropada isə vəziyyət başqadır. Brüssel, Barselona, Berlin, Roma, Şturqart kimi böyük şəhərlərdə pullu giriş zonaları olmasa da, ciddi ekoloji məhdudiyyətlər (aşağı emissiya zonası) var. Şəhər mərkəzlərinə çox vaxt yaşı onu ötmüş avtomobillər buraxılmır. Bəzi yerlərlə isə yalnız elektromobillər buraxılır.

Məsələnin həlli bələdiyyələrin ixtiyarındadır. Bu cür yerlərə giriş üçün xüsusi icazə kartı tələb olunur ki, bunun da qiyməti yerə görə dəyişir. Məsələn, Barselonada 7 avrodur.  Brüsseldə isə köhnə maşınla aşağı emissiya zonasına giriş üçün gündəlik 35 avro tələb olunur. Lakin, hər gün bu rüsumu ödəyib köhnə maşınla mərkəzə girmək mümkün deyil. Köhnə avtomobillə sözügedən zonaya il ərzində 8 gündən çox giriş qadağandır.

Oxşar sistem Almaniyada da tətbiq edilir.
Bu 2 ölkənin qonşusu olan Fransada isə tıxacların aradan qaldırılması mümkün olmayan şəhər yollarında daha fərqli üsul tətbiq edilir: küçələr nəqliyyat üçün bağlanaraq piyadaların ixtiyarına verilir, ərazi yaşıllaşdırılır. Məsələn, iyunda Parisdə keçirilən səsvermədə əhalinin 66 faizi 500 küçədə nəqliyyatın qadağan edilməsi və ərazinin yaşıllaşdırılmasına səs verib! 

Avropanın bəzi şəhərlərində ayın müəyyhən günləri və bayramlarda hansısa küçədə nəqliyyatın hərəkətinin dayandırılması və küçələrin piyadaların ixtiyarına verilməsinə də tez-tez rast gəlinir.

Oxşar qaydalar Bakıda mühüm tədbirlər zamanı (20 Yanvar faciəsi və ya Xocalı soyqırımının anım günü) da tətbiq edilir. 
Son olaraq bunu deyə bilərik ki, başqa ölkədə mövcud olan qaydaların kor-koranə tətbiqi fayda deyil, ziyan vura bilər. Hansısa problemin həlli üçün kənardan mütəxəssis gətirilıməsi yaxşıdır. Bir şərtlə ki, yerli amillər və mentalitet ciddi nəzərə alınsın. 

Bakıda sıxlığın azaldılmasına gəlincə: xarici təcrübədən göründüyü kimi ilk növbədə ictimai nəqliyyatın keyfiyyəti yaxşılaşdırılmalıdır. Əks təqdirdə digər işlər nəticəsizliyə məhkumdur.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
Seçilən
7
avtosfer.az

1Mənbələr