AZ

27 Sentyabr Anım Günü: qəhrəmanlıq, qələbə və siyasi iradə günü

Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşına həm kədər, həm də qürur günü kimi həkk olunub. 44 günlük Vətən müharibəsi şəhidlərimizin qanı, xalqımızın birliyi və dövlətimizin iradəsi sayəsində qazanılan tarixi Zəfərlə nəticələndi. Bu günün mahiyyətini anlamaq üçün rəsmi İrəvanın işğalçı siyasətinə, onun ideoloji dayaqlarına və beynəlxalq münasibətlərdəki “ikili standartlara” nəzər salmaq zəruridir.

Uzun illər ərzində Ermənistan rəhbərliyi beynəlxalq hüquq normalarını tapdalayaraq Azərbaycanın ərazilərini işğal altında saxladı. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda rəsmi İrəvan qeyri-konstruktiv mövqe tutdu, status-kvonu qoruyub saxlamağa çalışdı. Saxta təbliğatla dünyaya “erməni xalqının təhlükəsizliyi” kimi yalan mesajlar göndərsələr də, əslində məqsəd Qarabağı və ətraf rayonları Ermənistanın tərkibinə qatmaq idi. Bu siyasət müharibəni qaçılmaz etdi və 2020-ci ildə Azərbaycan ordusu öz ərazi bütövlüyünü bərpa etmək üçün haqq savaşına qalxdı.

Erməni siyasi düşüncəsinin əsas sütunlarından biri olan Daşnaksutyun partiyası ifrat millətçiliyi ideoloji xəttinə çevirib. Bu partiyanın təməlində “ermənilərin üstünlüyü”, qonşu xalqlara qarşı düşmənçilik və zorakılıq dayanır. Tarix boyu bu siyasət türk və azərbaycanlılara qarşı soyqırımı, deportasiya və etnik təmizləmə ilə nəticələnib. Daşnaksutyun ideyaları Ermənistan dövlətinin rəsmi siyasətinə çevrilərək sülh və birgəyaşayış imkanlarını tamamilə məhv etdi.

Erməni siyasətçilərinin xəyalı olan “dənizdən dənizə Ermənistan” ideyası əsassız və sərsəm bir uydurmadır. Bu ideya reallıqdan uzaq olmaqla yanaşı, regionda sülhə və təhlükəsizliyə ən böyük təhdidlərdən biridir. Ermənilər əsrlər boyu tarixi mənbələri saxtalaşdıraraq özlərinə qondarma dövlətçilik “əraziləri” yaratmaq istəyiblər. Ancaq Azərbaycan Ordusunun Zəfəri göstərdi ki, əsassız iddiaların qarşısında yalnız güc və haqq qalib gəlir.

Xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişdilər.

1990-cı illərdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi təkcə onun gücü ilə mümkün olmayıb. Rusiya, Fransa, bəzi Qərb dairələri və erməni lobbisinin dəstəyi ilə Ermənistan geniş şəkildə silahlandırılıb. Nəticədə Azərbaycanın 20%-i işğal altında saxlanıldı, bir milyondan artıq soydaşımız məcburi köçkün vəziyyətinə düşdü. Lakin Azərbaycan bu illər ərzində güclü ordu quruculuğu həyata keçirdi, Cənab Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət nəticəsində, beynəlxalq nüfuzunu artırdı və 44 günlük müharibədə bu işğal siyasətinə son qoydu.

Azərbaycanın 30 ilə yaxın davam edən haqlı mübarizəsi beynəlxalq arenada tez-tez “ikili standartlar”la üzləşdi. Ərazi bütövlüyü məsələsində digər ölkələrin suverenliyini dəstəkləyən bəzi dövlətlər Azərbaycana gəldikdə susqun mövqe tuturdular. Ermənistanın işğalçılıq siyasəti pislənilmədi, BMT qətnamələri icra olunmadı. Bu “ikili standartlar” siyasəti beynəlxalq hüququn ədalət prinsipinə ağır zərbə vurdu. Yalnız Azərbaycan xalqının iradəsi, Cənab Prezident İlham Əliyevin qətiyyəti və ordumuzun gücü bu ədalətsizliyə son qoydu.

27 Sentyabr – Anım Günü şəhidlərimizin xatirəsini ehtiramla yad etdiyimiz, Vətən müharibəsində qazandığımız Zəfərin əhəmiyyətini dərk etdiyimiz gündür. Rəsmi İrəvanın işğalçı və saxta siyasəti, ifrat millətçilik üzərində qurulan ideologiya və beynəlxalq aləmdəki “ikili standartlar” Azərbaycanın müharibədən başqa yolunun qalmadığını göstərdi. Ancaq bu gün Azərbaycan yeni tarixi mərhələyə qədəm qoyub, qalib dövlət kimi sülh və inkişaf yolunda irəliləyir.

Nicat İsmayılov

YAP Yasamal rayon təşkilatı “Akim Abbasov küç.73E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
sesqazeti.az

1Mənbələr