AZ

44 illik işindən yaşa görə çıxarılan qadın narazıdır – “Məndən yaşlıları saxlayıblar”

44 ildir Respublika Gigiyena və Epidemiologiya mərkəzinin Nərimanov rayon şöbəsinin Bakterioloji laboratoriyasında feldşer-laborant vəzifəsində çalışan 65 yaşlı Telli İsmayılova yaş həddi ilə bağlı işdən azad edilməsindən narazıdır.

Tribunainfo.az xəbər verir ki,bununla bağlı “Qafqazinfo”ya müraciət edən Telli xanım deyir ki, işlədiyi illər ərzində heç bir nöqsana yol verməyib.

Şikayətçi bu işdə 1981-ci il oktyabr ayının 1-dən bu ilin 3 sentyabr tarixinə qədər çalışdığını qeyd edib: “İşlədiyim müddətdə məndən heç vaxt narazılıq olmayıb, öz işimin öhdəsindən vicdanla gəlmişəm. Sentyabrın 3-də 65 yaşım tamam olduğu üçün işdən azad olunmağımla bağlı qərar verilib. Müqavilənin müddətinin uzadılması ilə bağlı öncə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin rəhbərliyinə müraciət etdim. Ondan imtina cavabı aldıqdan sonra, səhiyyə naziri Teymur Musayevə avqustun 31-də onlayn müraciət etdim, heç bir cavab gəlməyib. Onun qəbuluna yazılmaq istədim, amma yazmadılar. Məsələ ondadır ki, həm məndən əvvəl, həm də məndən sonra, məndən yaşlı və həm də imtiyazı olmayan şəxsləri işdə saxlayıblar, onların müqavilələrini dəfələrlə uzadıblar. Mənim isə işdə qalmağıma razılıq vermirlər”.

Vətəndaşın sözlərinə görə, ailədə tək işləyən odur və hazırda maddi vəziyyətləri heç də ürəkaçan deyil: “Həyat yoldaşım Ramiz Yaqubov 1992-ci ildə 1-ci Qarabağ müharibəsinin veteranıdır, Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanıb və əmək qabiliyyətini itirib. Aşağı və yuxarı ətrafin iflici diaqnozu ilə 1-ci qrup əlildir. Qeyd edim ki, həyat yoldaşım ali təhsilli həkimdir və o zaman müharibəyə könüllü şəkildə gedib. İndiyə kimi ailəmizdə yeganə işləyən mən olmuşam. Mənə müəyyən olunan pensiyanın məbləği isə 381 manatdır. Yoldaşımın müalicə və dərman xərlclərini nəzərə alsaq, vəziyyətimizin nə qədər ağır olduğu görünür”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər.

Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

İsmayilova Telli Həsən qızı Nərimanov Gigiyena və Epidemiologiya Mərkəzinin Bakteriologiya laboratoriyasında feldşer-laborant vəzifəsində işləyib. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığına görə, İsmayilova Telli Həsən qızı 04.09.2025-ci il tarixində 65 yaşı tamam olduğu üçün işdən azad edilib”.

Seçilən
17
2
tribunainfo.az

3Mənbələr