Nyu-Yorkdan Moskvaya mesaj...
Rusiya ilə NATO arasında hərbi qarşıdurma baş verə bilər
ABŞ Prezidenti Donald Tramp növbəti dəfə qlobal medianın ən önəmli gündəm mövzusuna çevrilib. Belə ki, BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında keçirilən Baş Assambleyanın 80-ci sessiyasında çıxışından sonra jurnalistlərin suallarını cavablandıran Ağ Evin rəhbəri Rusiya-Ukrayna münaqişəsində mövcud vəziyyət, o cümlədən Rusiyanın Polşa və Estoniyaya son təhdidləri ilə bağlı mühüm bəyanatlar səsləndirib. Əvvəlkilərdən fərqli olaraq, ABŞ Prezidenti budəfəki bəyanatlarında NATO və Ukraynaya dəstək nümayiş etdirib, Rusiyanı isə sərt tənqid edib. Vaşinqtonun NATO-dakı müttəfiqlərini qorumağa hazır olub-olmaması ilə bağlı səsləndirilən suallar xüsusi diqqət çəkib - Rusiyanın NATO müttəfiqlərinə hücum edəcəyi təqdirdə ABŞ-ın hansı addım atacağı ilə bağlı sualı cavablandıran Tramp belə bir halın yalnız vəziyyətdən asılı olduğunu, lakin Avropadakı müttəfiqlərin rus qırıcılarını onların hava məkanını pozarkən vurmaq hüququna malik olduqlarını qeyd edib. Eyni zamanda Tramp vurğulayıb ki, Ukraynadakı müharibə tezliklə bitməyəcək. “Rusiya döyüş meydanında o qədər də yaxşı görünmür. Bu, onlar üçün sürətli olmalıdır. Deyəsən, bu, uzun müddət bitməyəcək,” - deyə ABŞ-ın dövlət rəhbəri əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri hərbi münaqişə zamanı Rusiyaya uğurla müqavimət göstərib; “Düzünü desəm, Ukrayna ordusu bu böyük rus ordusunun qarşısını almaq üçün kifayət qədər yaxşı işlər görüb və öz uğurlu nailiyyətlərini davam etdirir.” Tramp, həmçinin Ukrayna xalqının qəhraman və mərd xalq olduğunu da diqqətə çatdırıb. “Ukrayna xalqı qəhrəman və şücaətli xalqdır. Onlar inanılmazı edib. Prezident Zelenski də bu qəhrəman xalqın qətiyyətli və cəsarətli lideridir”. Bununla yanaşı, ABŞ prezidenti öz “Truth Social” şəbəkə hesabında Rusiya-Ukrayna münaqişəsinin gedişatı ilə bağlı mühüm məqamlara da toxunub - o, qeyd edib ki, Ukrayna Aİ-nin dəstəyi ilə mübarizə aparmaq və bütün öz ərazilərini əvvəlki sərhədlərdə geri qaytarmaq imkanındadır. “Ukraynanın və Rusiyanın hərbi və iqtisadi vəziyyəti ilə tanış olduqdan və onu tam başa düşdükdən, həmçinin bunun Rusiyada yaratdığı iqtisadi çətinlikləri gördükdən sonra mən hesab edirəm ki, Ukrayna Avropa İttifaqının dəstəyi ilə mübarizə aparmaq və bütün öz ərazilərini əvvəlki sərhədlərdə geri qaytarmaq imkanındadır. Zaman, səbr və Avropanın, xüsusilə də NATO-nun maliyyə dəstəyi ilə müharibənin başladığı ilkin sərhədlərin bərpası tamamilə mümkündür. Niyə də olmasın? Rusiya artıq üç yarım ildir ki, mənasız bir müharibə aparır, halbuki real hərbi gücə malik dövlət bunu bir həftədən az müddətdə qazana bilərdi. Bu, Rusiyanın şərəfini artırmır. Əksinə, onu daha çox “kağız pələngi” rolunda göstərir”, - deyə Tramp öz statusunda vurğulayıb ki, Moskvanın Ukraynada bütün cəhdləri boşa çıxıb: “Vəsaitlərin böyük hissəsi Ukraynaya qarşı mübarizəyə xərclənir, amma Ukrayna böyük ruh sahibidir və daha da güclənir - o zaman Ukrayna öz ölkəsini əvvəlki halına qaytara biləcək və kim bilir, bəlkə də daha irəli gedəcək. Ukraynanın hərəkətə keçməsi üçün vaxt yetişib. Biz NATO-ya silah təchiz etməyə davam edəcəyik ki, NATO da onları lazım bildiyi kimi istifadə etsin. Hamıya uğurlar”. Göründüyü kimi, qlobal super güc dövlətin rəhbəri bu kimi bəyanatları və statusları ilə Rusiyaya açıq mesaj göndərib. Onun bu istiqamətdə hansı lazımi addımlar atacağına gəlincə, bunu yalnız zaman göstərəcək.
Tramp tərəddüd içərisindədir
ABŞ Prezidentinin bəyanatı ilə bağlı bəzi politoloqlar düşünürlər ki, Tramp Rusiyaya qarşı hərəkətə keçməyə hazırdır, amma buna hələ tələsmir - Tramp Moskvaya qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı məsələdə tərəddüd içərisindədir. O, hələ də bu barədə hansı mövqe tutacağını qərarlaşdırmayıb. Çünki Tramp bir tərəfdən Rusiya ilə münasibətləri normallaşdırmağa çalışır, digər tərəfdən isə Rusiyaya qarşı təzyiqlərin artırılması ilə bağlı açıqlamalar verir. ABŞ-ın hazırkı administrasiyasının Rusiya ilə diplomatik-siyasi münasibətləri normallaşdırmaq niyyətində əsas məqsədi Moskva ilə yüksək gəlir gətirəcək ticarət sazişləri imzalamaq və Rusiyanı Çinin təsirindən uzaqlaşdırmaqdır.
Kreml NATO ilə hərbi münaqişəyə cəhd etməz
Ekspertlərin sözlərinə görə, Moskva Qərbə qarşı təzyiq metodundan istifadə edir. Kreml çox yaxşı bilir ki, ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı onun iqtisadiyyatına daha ağır zərbə vuracaq sanksiyalar qəbul etmək imkanlarını nəzərdən keçirir. Rusiyanın qırıcı təyyarələrinin və dronlarının NATO-nun üzv ölkələrinin hava məkanına daxil olması və orada dövr etməsi onu deməyə əsas verir ki, Kreml məqsədyönlü şəkildə NATO ilə münasibətləri daha da gərginləşdirir və alyansa hərbi münaqişənin mümkün olması ilə bağlı mesajlar ötürür. Moskva bu cür hərəkətləri ilə həm ABŞ-ı, həm də Aİ-ni Rusiyaya qarşı sanksiyalar tətbiq etməməyə vadar edir. Moskva NATO-nu qorxudur ki, Rusiyaya qarşı sərt sanksiyalar qəbul olunacağı təqdirdə Moskva Şərqi Avropa və Baltikyanı ölkələrin ərazilərinə raket və dron zərbələri endirəcək. Rusiyanın isə NATO ilə müharibə aparmaq imkanları yoxdur, əgər NATO ilə müharibə baş verəcəksə, bu, Rusiyanın məğlubiyyəti ilə nəticələnəcək. Kremldə bunu çox yaxşı başa düşürlər. Bu baxımdan Moskvanın NATO ilə hərbi münaqişəyə cəlb olunması inandırıcı deyil.
Rusiyaya ciddi xəbərdarlıq
Məsələ ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov qəzetimizə şərhində bildirib ki, Tramp Moskvanın hərəkətlərindən təngə gəlib. “Trampın son bəyanatlarının məğzi ondan ibarətdir ki, o, Rusiyaya ciddi xəbərdarlıq edib. O, Moskvaya açıq şəkildə mesaj göndərir ki, NATO-ya üzv olan ölkələrin hava məkanını pozmasın və ərazi bütövlüyünə təhdid yaratmasın, NATO-ya qarşı təzyiq metodlarını bir kənara qoysun, yoxsa bunun sonu genişmiqyaslı hərbi qarşıdurmadır. Tramp administrasiyası başa düşür ki, əgər Vaşinqton Rusiyanın hərəkətlərinə cavab verməsə və NATO-dakı müttəfiqlərini yalnız buraxsa, ABŞ-ın həm Avropada, həm də dünyanın müxtəlif regionlarında nüfuzu sarsılacaq. O ki qaldı Rusiya ilə NATO arasında müharibənin baş verməsinə, bu, yalnız Trampın qərarından asılı deyil, bu məsələdə Pentaqonun və ABŞ-ın beyin institutlarının mövqeyi də nəzərə alınmalıdır. Əgər Rusiya ABŞ-ın xəbərdarlıqlarını nəzərə almasa, alyansdakı ölkələrin ərazi bütövlüyünə təhdid etməyi davam etdirərsə, Moskva Vaşinqtonun çox ciddi reaksiyası ilə üzləşəcək. Bu, hətta hərbi qarşıdurmaya da gətirib çıxara bilər”.
Yunis ABDULLAYEV