AZ

BMT-də “insan haqları və zəif qruplar” adı ilə Qarabağ ermənilərini gündəmə qaytarmaq cəhdi...


Rauf Zeyni: “Belə mövzularda çıxış etməyə onların mənəvi haqqı yoxdur”

Ermənistanın bəzi rəsmi şəxsləri BMT tribunasından belə istifadə edərək, hansısa qondarma bir məsələni gündəmə daşımaq cəhdlərindən əl çəkmək istəmirlər.

Belə ki, sentyabrın 22-də Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoqomonyan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda “BMT-80 İslahatları Çərçivəsində İnsan Hüquqlarının Təşviqi və Müdafiəsi” mövzusunda nazirlər səviyyəsində qapalı keçirilən dəyirmi masadakı çıxışında “insan hüquqlarının pozulması ilə mübarizə və həssas qrupların müdafiəsi zərurətindən” danışıb və insan haqları və həssas (zəif) qrupların müdafiəsi ilə bağlı çağırış edib.

O, bu çağırışı etməklə və xüsusilə də “həssas qruplar və insan haqları” barədə danışmaqla nə demək istəyir? Ola bilərmi ki, keçmiş “Dağlıq Qarabağdan” köçüb getmiş ermənilərin məsələsini deyir? İnsan haqları və zəif qruplar pərdəsi altında ermənilərin məsələsini yenidən gündəmə gətirmək niyyəti güdür? Onun belə bir niyyəti ola bilərmi?

Əslində, erməni nazir müavininin niyyətinin nə olduğu ortadadır. O, BMT tribunasından sui-istifadə edərək qəsdən bu məsələyə toxunub ki, bəlkə orda kimsə ermənilər haqqında danışar və onların “hüquqlarını müdafiə” edər. Amma görünür ki, gözlədiyi reaksiyanı almayıb və bu səbəbdən də məsələni üstüörtülü şəkildə dilə gətirib. Yəni Qarabağdan könüllü köçüb gedən ermənilərin adını çəkməyib, məsələyə ümumi yanaşıb ki, guya Ermənistan dünyadakı həssas qrupa aid olan əhalinin dərdini çəkir. Halbuki, Ermənistan bir dövlət kimi 30 ildən çox bir müddət ərazində azərbaycanlıların hüquqlarını pozub, bu ölkənin təcavüzü nəticəsində nə qədər insan öz yurd-yuvasını itirib, qaçqına və məcburi köçkünə çevrilib. Ermənistanın terroru nəticəsində on minlərlə insan həssas əhali qrupuna çevrilib. Başqasının hüquqlarını pozan, həssas qruplara rəhm etməyən bir dövlətin rəsmisinin BMT tribunasında bu mətləblərə toxunması doğrudan da gülünc görsənir. O yer qalmayıb ki, öz maraqlarını ifadə etmək üçün fürsət gəzməsinlər. Bu dəfə də elə ediblər, amma istədikləri mühiti görə bilməyiblər ki, Azərbaycana növbəti bir iftira atsınlar. Həssas qrupların və hüquqları tapdanmış insanların dərdini çəkən dövlət özü başqalarına qarşı bunları etməz, Qərbi azərbaycanlıların geri qayıdış hüququnu tanıyar, onların halal haqqını danmaz.

Müstəqil ekspert Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, erməni nazir müavini çıxışında regionda sülhün və sabitliyin qorunub saxlanılmasını vurğulayıb, eyni zamanda insan hüquqlarının və həssas qrupların hüquqlarının müdafiəsi ilə bağlı məsələyə münasibət bildirib. R.Zeyni qeyd etdi ki, Ermənistan rəsmiləri də, vətəndaş cəmiyyəti institutları da belə həssas mövzulardan danışmağa maraq göstərirlər, haqları olmasa belə, yenə özlərini “xoşniyyətli” kimi göstərməyə cəhd edirlər. “İstər Ermənistan rəsmiləri, istər Ermənistan QHT-ləri olsun, onların hər hansı bir beynəlxalq tribunada, o cümlədən də BMT-də insan hüquqlarından, demokratik dəyərlərdən və digər məsələlərdən danışmağa nə dərəcədə haqq və hüquqları var, o müzakirə mövzusudur. Çünki Ermənistan rəhbərliyi 30 il işğalçılıq, terrorçuluq, soyqırım və digər məsələlərlə məşğul olub. Belə mövzularda onların çıxış etməyə mənəvi haqqı yoxdur. Digər tərəfdən, həssas qruplar deyəndə, bir çox əhali qrupları həssas təbəqəyə daxildir. Onun əgər fikri olsaydı ki, keçmiş Dağlıq Qarabağdan köçüb getmiş erməniləri nəzərdə tutsun, onu açıq deyə bilərdi. Amma o, ümumiyyətlə həssas qruplar deyəndə həssas təbəqəyə aid olan bir çox əhali qruplarını nəzərdə tutur”-deyə R.Zeyni qeyd etdi.

Əli TURABOV

Seçilən
44
baki-xeber.com

1Mənbələr