AZ

Yunanıstan Avropa İttifaqından miqrasiya siyasətinin sərtləşdirilməsini tələb edir

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Afina, 24 sentyabr, AZƏRTAC

Yunanıstanın miqrasiya və qaçqınlar üzrə naziri Tanos Plevris Avropa İttifaqına müraciət edərək miqrasiya siyasətinin sərtləşdirilməsinin vacibliyini bəyan edib.

AZƏRTAC xəbər verir ki, onun sözlərinə görə, ölkədə həbsxanalarda olan məhbusların 54 faizi miqrantlardır və bu göstərici Avropada miqrasiya sisteminin köklü şəkildə dəyişdirilməsinin zəruriliyini ortaya qoyur. Nazir bildirib ki, o, ABŞ Prezidenti Donald Trampın sərt miqrasiya siyasəti ilə razıdır:”Ölkədə cinayətkarlıq səviyyəsi xarici vətəndaşlar arasında yunanlara nisbətən xeyli yüksəkdir. Miqrantlar əhalinin təxminən 10 faizini təşkil etsələr də, həbs olunanların yarıdan çoxunun onların payına düşməsi vəziyyətin ciddiliyini göstərir”.

Tanos Plevris, eyni zamanda, Avropada sığınacaq verilməsi qaydalarının yenidən nəzərdən keçirilməsini və qeyri-qanuni miqrantların geri qaytarılması prosedurlarının sərtləşdirilməsini zəruri sayıb. O vurğulayıb ki, miqrasiya bir neçə ay ərzində həll edilə biləcək məsələ deyil, bunun üçün kompleks strategiya hazırlanmalıdır. “Yunanıstan parlamenti iyul ayında qəbul etdiyi düzəlişlə şimal Afrikadan dəniz yolu ilə gələn şəxslərin sığınacaq ərizələrinin baxışını ən azı üç ay müddətinə dayandırmaq imkanı yaradıb və oktyabrda bu müddətin uzadılıb-uzadılmayacağı barədə qərar veriləcək. Bundan əlavə, sentyabrda qəbul olunmuş qanun layihəsi qeyri-qanuni miqrasiya edənlərə qarşı cinayət məsuliyyətinin tətbiqini nəzərdə tutur. Qanunsuz qalanlar iki ilə qədər həbs və ən azı 5 min avro cərimə ilə cəzalandırılacaqlar. Həmçinin miqrantların mənşə ölkələrinə geri qaytarılması prosedurları sürətləndiriləcək”.

Nazir qeyd edib ki, cari ilin ilk səkkiz ayında Yunanıstana təxminən 28 min qeyri-qanuni miqrant daxil olub, onların 13 mini Krit və Gavdos adalarına gəlib:”Miqrantların təxminən 40 faizi Liviyadan gəlir. Bununla yanaşı, Aralıq dənizinin şərq istiqamətindən – Türkiyə üzərindən gələn axın isə avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə 50 faizdən çox azalıb”.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
1
azertag.az

2Mənbələr