Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Nyu-Yorka işgüzar səfəri həm ikitərəfli görüşlərin miqyası, həm də beynəlxalq tribuna olan BMT Baş Assambleyasında planlaşdırılan çıxışı ilə diqqət mərkəzindədir. Bu səfərin ən mühüm tərəflərindən biri onun qlobal maliyyə nəhənglərinin rəhbərləri ilə keçirdiyi görüşlərdir. Prezident İlham Əliyevin “Brookfield Asset Management”, “Neuberger Berman”, “Blackstone” və digər bu kimi dünyanın ən iri şirkətlərinin rəhbərləri ilə görüşü Azərbaycan iqtisadiyyatına olan marağın miqyasını göstərir. Bu qurumların hər biri beynəlxalq investisiya bazarında trilyonlarla dollar dəyərində kapitala nəzarət edir və müxtəlif sahələrdə qlobal təsir gücünə malikdir. Maraqlı məqam ondan ibarətdir ki, həmin görüşlər Azərbaycan tərəfinin deyil, məhz qarşı tərəfin müraciəti əsasında baş tutub. Bu fakt Azərbaycanın artan geosiyasi əhəmiyyətini və Prezident İlham Əliyevin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunmasını bir daha nümayiş etdirir. Qlobal maliyyə institutlarının rəhbərlərinin görüş tələbi ölkəmizə olan güclü investisiya marağının, Azərbaycanın sabit iqtisadi mühitinin və strateji mövqeyinin göstəricisidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.
O bildirib ki, Azərbaycan regionda dayanıqlı inkişafın və sabitliyin təminatçısı kimi tanındığına görə bu maraq təbii sayılmalıdır. Hər bir belə görüş ölkəmizin iqtisadi gələcəyinə uzunmüddətli töhfələr verəcək, investisiya axınlarını stimullaşdıracaq. Prezident İlham Əliyev bu görüşlərdə Azərbaycanın enerji keçidi, alternativ enerji layihələri, nəqliyyat-logistika imkanları və genişləmiş iqtisadi əməkdaşlıq platformalarını ön plana çəkdi.
Nyu-York səfərinin digər mühüm cəhəti BMT çərçivəsində keçiriləcək görüşlərdir. Burada da eyni tendensiya müşahidə olunur – bütün görüşlər qarşı tərəfin təşəbbüsü ilə reallaşır. Bu, Azərbaycanın beynəlxalq münasibətlərdə artan nüfuzunun və liderlik statusunun bariz nümunəsidir. Azərbaycan Prezidentinin beynəlxalq tribunada hər çıxışı diqqətlə izlənilir, çünki bu çıxışlarda təkcə regional məsələlər deyil, həm də qlobal təhlükəsizlik və sülh gündəliyi formalaşır.
“Azərbaycanın qlobal liderlik iddiası təkcə iqtisadi və enerji layihələrində deyil, həm də sülh quruculuğu proseslərində özünü göstərir. Ölkə rəhbərinin mesajları beynəlxalq arenada Azərbaycanın prinsipial mövqeyini və müstəqil siyasətini hər zaman ortaya qoyur. Bu siyasətin əsasında milli maraqlara sadiqlik, beynəlxalq hüquqa hörmət və ədalətin təminatı dayanır.
Ümumilikdə, Prezident İlham Əliyevin Nyu-York gündəliyi Azərbaycanın həm iqtisadi, həm siyasi, həm də diplomatik baxımdan güclənməsinin göstəricisidir. Bu səfər həm ölkənin iqtisadi maraqlarına xidmət edir, həm də beynəlxalq müstəvidə Azərbaycanın lider dövlət statusunu təsdiqləyir”, - deyə T.İsmayılov vurğulayıb.
Politoloqun sözlərinə görə, Azərbaycan Prezidenti bu səfərlə bir daha nümayiş etdirir ki, ölkəmiz regional gücdən qlobal oyunçuya çevrilib. Görüşlərin miqyası, BMT tribunasından veriləcək mesajlar və qəbul ediləcək qərarlar Azərbaycanın beynəlxalq siyasətdə mövqeyini daha da möhkəmləndirəcək.
“Nyu-York səfəri Azərbaycanın dövlətçilik tarixində mühüm bir mərhələdir. Bu, həm ölkəmizin artan nüfuzunun, həm də Prezident İlham Əliyevin şəxsi siyasi liderliyinin bariz nümunəsidir. Azərbaycan bu gün artıq dünya siyasətində öz sözünü deyən, beynəlxalq münasibətlərə təsir edən, qlobal sülh gündəliyinə töhfə verən bir ölkədir”, - deyə Tural İsmayılov vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.