AZ

"Ukrayna Rusiyanın dərinliklərinə zərbələrini davam etdirir" - Ukrayna KİV-ləri

"Rusiya ordusu Xarkov vilayətində irəliləmək niyyətini bəyan edib..."

Son bir həftə ərzində Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyanın ən iri sənaye obyektlərindən birinə - "Qazprom Neftexim Salavat" neft emalı zavoduna ikinci dəfə pilotsuz aparatlarla hücum edib.

Moderator.az xəbər verir ki, bu barədə "obozrevatel.com" nəşri məlumat yayıb.

Ukrayna ordusunun dərin zərbələri

Nəşr qeyd edir ki, 1400 kilometr məsafəni qət edən dronlar müəssisənin ərazisinə dəyib, nəticədə güclü yanğın baş verib. Bu zavod Rusiyanın yanacaq bazarının əsas oyunçularından biridir, burada 150 adda məhsul - benzin, dizel, mazut, bitum və polietilenlər istehsal olunur. UTX rəsmiləri bildirir ki, məqsəd Rusiyanın müharibəni maliyyələşdirən iqtisadi sütunlarına zərbə vurmaqdır. Onların sözlərinə görə, "benzin kolonkasına çevrilmiş dövlət" Ukraynaya qarşı təcavüzün əsl qiymətini hiss etməlidir.

Ukrayna dronları Novorossiyskə hücum edib, evlər və avtomobillər yanır

Qara dəniz sahilində yerləşən Novorossiysk liman şəhəri bu gün Ukrayna dronları və pilotsuz katerlərlə hədəfə alınıb. Hücum nəticəsində üç nəfər həlak olub, səkkiz nəfər yaralanıb, beş yaşayış evi və bir otel zədələnib.

Hücum zamanı dronlar otelin yaxınlığındakı dayanacaqı vurub və dörd avtomobil yanıb. Şəhərdə fövqəladə vəziyyət elan olunub, dənizdə isə idarəsiz katerlərin fəaliyyəti müşahidə edilib.

Rusiyanın cavab hücumları

Moskva isə öz növbəsində Ukraynanın dərinliklərinə zərbələr endirməyə davam edir. Son hücumlarda Zaporojye vilayəti kütləvi şəkildə atəşə tutulub. Bir sutka ərzində 698 zərbə qeydə alınıb, 21 yaşayış məntəqəsi hədəfə alınıb. Rusiya qüvvələri 11 aviazərbə, bir raket hücumu, eləcə də yüzlərlə kamikadze-dronla bölgəni vurub. Nəticədə iki nəfər həlak olub, 15-dən çox insan yaralanıb. Onlarla ev və sosial infrastruktur obyektləri dağılıb.

Moskvanın yeni niyyətləri

Bununla yanaşı, Rusiya Müdafiə Nazirliyi sentyabrın 23-də nadir hallarda etdiyi addımı ataraq açıq şəkildə Xarkov vilayətində irəliləmək niyyətini bəyan edib. Amerikanım Müharibənin Öyrənilməsi İnstitutu (ISW) qeyd edir ki, bu, Kremlə xas olan "yalnız Donbas və cənub bölgələri ilə kifayətlənirik" ritorikasına tamamilə ziddir. 

Analitiklər hesab edir ki, Moskva belə bəyanatlarla həm daxili auditoriyanı sakitləşdirməyə, həm də Kupyansk istiqamətindəki uğursuzluqları pərdələməyə çalışır. Hazırda bölgədə vəziyyət gərgindir: Rusiya qüvvələri şimaldan şəhərə sızmaq istəyir, lakin Ukrayna ordusu müqavimət göstərərək onların hərəkətini məhdudlaşdırır. Şəhərin mühasirəyə alınması barədə məlumatlar isə təsdiqini tapmayıb.

Beləliklə, müharibə həm ön xəttdə, həm də dərin arxa cəbhədə yeni mərhələyə qədəm qoyur. Ukrayna iqtisadi zərbələrlə Rusiyanın müharibə maşınını zəiflətməyə çalışır, Moskva isə kütləvi bombardmanlarla təzyiqi artırır. Eyni zamanda, Kreml açıq şəkildə Xarkovu da hədəf elan etməklə münaqişənin coğrafiyasını genişləndirmək niyyətini gizlətmir. Müharibənin yaxın həftələrdə daha da kəskinləşəcəyi gözlənilir.

Seçilən
28
1
moderator.az

2Mənbələr