AZ

Naxçıvanda Arzuya çevrilən koreyalı şagird Kim Samonq: "Buraları sevirəm"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yəqin ki, universitetlərdə təhsil alan koreyalı tələbə gəncləri çoxumuz görmüşük. Amma məktəbli koreyalı görmək təsadüfən mümkündür. Naxçıvan şəhər A.Cəlilov adına 12 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Kim Samonq kimi. Bəli, o, məhz Naxçıvan məktəblisidir.
Oxu.Az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, birinci sinifdən burada təhsil alan 11 yaşlı şagirdə müəllimləri və sinif yoldaşları Arzu deyirlər.
Qızcığaz deyir ki, Kim Samonq adını ona atası qoyub, Koreya dilində mənası "arzu" deməkdir.
Arzunun anası Seo Sumi və atası Kim Dosinq Cənubi Koreyanın Ulson şəhərindəndirlər.
Dediyinə görə, ailəsi artıq 14-15 ildir ki, işləri ilə bağlı Naxçıvanda yaşayır və hazırda valideynləri Koreya dili üzrə kurs keçirlər. Arzu Koreyada anadan olub, daha sonra ailəsi buraya köçüb. O, deyir ki, Koreyaya tez-tez gedib-gəlirlər.
Birinci sinfə gedəndə dillə bağlı problem yaşayıbmı sualına Arzu əvvəl yaxşı bilmədiyini, amma sonra az-az öyrəndiyini deyir:
"Sinif yoldaşlarımla rahat şəkildə danışıram, dərsləri bu dildə yaxşı anlayıram".
Arzunun məktəbdə çoxlu dostları da var: "Səma, Fatimə, Ləman ən yaxın dostlarımdır. Dərsdən sonra da onlarla görüşürəm".
Deyir ki, ən çox ingilis dili və riyaziyyat fənlərini sevir: "Qiymətlərim yaxşıdır. Riyaziyyatdan yüksək qiymət alıram".
Gələcəkdə isə rəssam olmaq istəyir. Elə sinif yoldaşları da deyirlər ki, yaxşı rəsmlər çəkir. Arzu həm də Koreya milli rəqsini gözəl oynayır. Məktəbdə və məktəbdənkənar tədbirlərdə öz milli paltarı ilə rəqs edir.
Azərbaycanın mətbəxini, yeməklərini də çox sevir. Deyir ki, Koreyaya gedəndə orada olanlara öncə yeməklər haqqında danışır:
"Orada olan yaşıdlarıma buradakı sinif yoldaşlarımdan, müəllimlərimdən danışıram. Deyirəm ki, Naxçıvan sakit və təmiz şəhərdir".
"Sənə burada yaşamaq rahatdırmı?" sualına gülə-gülə və bütün səmimiyyəti ilə: "Çox rahatdır", - deyir. Evdə Koreya dilində kitablar oxusa da, yadında qalmadığından şikayətlənir. Görünür ki, koreyalı olsa da, artıq bir azərbaycanlı kimi düşünür və buranı özünə vətən hesab edir: "Azərbaycan dilini bildiyim üçün qayıdandan sonra orada dili hər kəsə öyrədə bilərəm".
Ata-anası gəzməyi sevdiyi üçün Naxçıvanın hər yerini gəzib, hər yerin çox gözəl olduğunu deyir.
Ədəbiyyat dərsində bütün şagirdlər kimi, Arzu da suallara cavab vermək üçün canfəşanlıq göstərir. Müəllim ona söz verəndə ana dilimizdə sərbəst şəkildə dərsini danışır.
Müəllimi, həm də sinif rəhbəri olan Aynur Fərəcova deyir ki, koreyalı olmağına baxmayaraq, Arzu dərslərdə fikrini çox aydın bildirir, gözəl nitqi var:
"Hansı mövzuda olursa-olsun sərbəst danışır. Xüsusilə vətən mövzusunda inşa verəndə sanki bir azərbaycanlı kimi yazır. Çox mehriban, ünsiyyətcil, səmimi qızdır. Sinif yoldaşları arasında sevgi qazanıb. Bütün tədbirlərimizdə çox fəal iştirak edir. Şəhidlərimiz, qazilərimiz haqqında məlumatlıdır".
Müəllimi deyir ki, Arzu həm də həssas qızdır: "Bütün məktəb onu sevir, buranın sevimlisidir".
Seçilən
1
7
oxu.az

8Mənbələr