ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxışında bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqelərini aydın ifadə ediblər və ABŞ vasitəsilə imzalanan dayanıqlı sülh sazişini yüksək qiymətləndirir. "Bu münasibətlə bir daha Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevi, ABŞ lideri Donald Trampı və Ermənistan Baş naziri Nikol Paşinyanı təbrik edirəm", - deyə Türkiyə lideri söyləyib.
Beynəlxalq tədbirdə, dünya liderləri qarşısında Ərdoğanın Prezident İlham Əliyevə "qardaşım" deyə xitab etməsi bir mesaj ola bilərmi?
Redaktor.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç bildirdi ki, Türkiyə-Azərbaycan əlaqələri dünyada örnəkdir.
"İki qardaş ölkə arasındakı bu bənzərsiz əlaqələr, iki qardaş xalqı bir-birinə daha da yaxınlaşdırır. Prezident cənab Rəcəb Tayyib Ərdoğanın Ali Baş Komandan, Prezident İlham Əliyevə dünyanın önündə “qardaşım” deyə müraciət etməsi, dünya liderlərinə və beynəlxalq topluluğa iki qardaş ölkənin həmrəyliyini göstərən açıq bir mesajdır. Bu, “biz birik, bütünük, güclüyük” mesajıdır və qonşu ölkələrə, bölgəyə və dünyaya ünvanlanmışdır. Ərdoğan və İlham Əliyev hər fürsətdə Türkiyə-Azərbaycan əlaqələrini nümunə olaraq göstərir. Atatürkün dediyi kimi: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, və ümummilli Lider Heydər Əliyevin “biz bir millət, iki dövlətik” ifadəsi bu həmrəyliyi və birliyi dünyada nümunə kimi göstərir".
Keçmiş səfir qeyd etdi ki, Azərbaycan Türkiyə üçün, Türkiyə isə Azərbaycan üçün çox önəmli strateji müttəfiqdir:
"Bu həmrəylik həm regional, həm də Türk Dövlətləri Təşkilatı daxilində özünü göstərir. Azərbaycanın problemi Türkiyənin problemidir, Türkiyənin problemi isə Azərbaycanın problemidir. Ümummilli lider “biz bir millət, iki dövlətik” deyərək Türk və Azərbaycan xalqlarına ayrı bir kimlik vermişdir və bu kimlik bizə yol göstərməkdədir. O baxımdan, Ərdoğanın Nyu-Yorkda, dünyanın kürsüsündə cənab Prezident İlham Əliyevə “qardaşım” deməsi bizi çox sevindirmişdir. Belə bir nümunəyə rast gəlinməyib. Heç bir dövlət lideri digər bir dövlət lideri üçün “qardaşım” sözünü işlətməz. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Yaşasın Türkiyə-Azərbaycan birliyi və həmrəyliyi! Birliyimiz gücümüzdədir, gücümüz isə birliyimizdədir", - deyə Hulusi Kılıç vurğuladı.
Xədicə BAXIŞLI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.