AZ

İntiharların rekord həddə çatması səbəbindən Nyu-Meksikoda məşhur körpü bağlanıb

Bakı, 24 sentyabr, AZƏRTAC

ABŞ-ın Nyu-Meksiko ştatında Rio-Qrand dərəsi üzərindəki körpüdə baş verən intihar hadisələrinin artması yerli hakimiyyət orqanlarını körpünü piyadaların istifadəsinə bağlamağa məcbur edib. Məqsəd insanların bu məkanda həyatına qəsd etmələrinin qarşısını almaqdır.

AZƏRTAC xəbər verir ki, rəsmilərin açıqlamalarına görə, son üç həftə ərzində üç nəfər özünü körpüdən ataraq həyatına son qoyub. Bu, il ərzində həmin körpüdə qeydə alınmış ən yüksək intihar göstəricisidir.

Taos dairəsi polis rəisinin ofisi bazar günü körpünün qeyri-müəyyən müddətə bağlandığını elan edib. Onun əməkdaşları 183 metr dərinlikdəki dərəyə enərək 15 yaşlı oğlanın meyitini çıxarandan sonra bu qərar verilib. O, 2025-ci ildə körpüdə həyatına son qoyan altıncı şəxs olub.

Sentyabrın 5-də isə posttravmatik stres pozuntusundan əziyyət çəkən ABŞ ordusunun 60 yaşlı veteranı Texas ştatının San-Antonio şəhərindən 15 saatlıq məsafədə yol qət edərək məhz həmin körpüdə intihar edib.

Uzunluğu 390 metr olan polad tağlı körpü Taos şəhərindən təqribən beş mil şimal-qərbdə yerləşir. Əlli il əvvəl inşa edilən bu körpü həm filmlərdə və reklam çarxlarında görünməsi, həm də dünyanın müxtəlif yerlərindən gələn turistləri cəlb etməsi ilə tanınır. Lakin eyni zamanda, həyatına son qoymaq istəyənlərin də seçdiyi məkana çevrilib.

Polis rəisi Stiv Mieranın sözlərinə görə, körpü yalnız o halda yenidən piyadaların üzünə açılacaq ki, ştat hakimiyyəti intiharların qarşısını ala biləcək effektiv maneələr qura bilsin.

Seçilən
1
2
azertag.az

3Mənbələr