Rusiyanın stolüstü tennis yığması Azərbaycanda təşkil olunan III MDB Oyunlarında uğur qazanmaq üçün əlindən gələni edəcək.
"Report" xəbər verir ki, bunu turnirdə iştirak üçün Rusiya nümayəndə heyətinin tərkibində Azərbaycana gələn qonşu ölkənin qadınlardan ibarət stolüstü tennis yığmasının məşqçisi Sergey Brusin deyib.
O, beynəlxalq turnirdən gözləntilərini bölüşüb: "Qonaqpərvər Azərbaycana gəlməyi səbirsizliklə gözləyirdik. Moskva vilayətində yerləşən Bronnitsı şəhərində turnirə hazırlıq keçmişik. Uğurlu nəticə əldə etmək üçün əlimizdən gələni etməyə çalışacağıq".
Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.
Stolüstü tennis yarışları Qəbələ şəhərindəki Olimpiya İdman Kompleksində keçiriləcək.