AZ

Cənubi Qafqazda formalaşdırdığımız yeni reallıqlar Azərbaycanı hamı üçün cəlbedici edir

BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-da işgüzar səfərdə olan Prezident İlham Əliyevin müxtəlif dövlət və hökumət başçıları ilə, beynəlxalq təşkilat və transmilli şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlər keçirməsi, fəal diplomatiya yürütməsi dünya mediasının da diqqət mərkəzindədir. Dövlətimizin başçısının BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb, Keniya Respublikasının Prezidenti Uilyam Samoei Ruto, Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis, Avropa Şurasının Baş katibi Alen Berse, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə və eləcə də “Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” kimi dünyanın böyük maliyyə-biznes nəhənglərinin rəhbərləri ilə keçirdiyi ikitərəfli görüşlər Azərbaycanın beynəlxalq aləmdə artan siyasi nüfuzunun və iqtisadi rolunun göstəricisidir.

Cənab Prezidentin bu cür mötəbər beynəlxalq tədbirlərdə fəal iştirak etməsi və ikitərəfli müstəvidə işgüzar danışıqlar aparması ölkəmizin dünya miqyasında mövqelərinin gücləndirilməsinə xidmət edir. Bu görüşlər ölkəmizin regional və qlobal proseslərdə fəal iştirak etdiyini təsdiqləməklə yanaşı, Azərbaycanın qlobal siyasi-iqtisadi kontekstdə etibarlı tərəfdaş kimi qiymətləndirildiyini göstərir. Eyni zamanda, dövlətimizin başçısının BMT sammiti çərçivəsində dünya liderləri ilə bir araya gəlməsi və çoxsaylı görüşlər keçirməsi ölkəmizin beynəlxalq müstəvidə maraqlarının əsaslı müdafiəsini təmin edir.

Məhz bu cür fəal diplomatik təmasların, işgüzar müzakirələrin nəticəsində siyasi-iqtisadi əlaqələrimiz daha da möhkəmlənir, ölkəmizin beynəlxalq proseslərdə fəal iştirakı təmin olunur. İlham Əliyev ölkəmizin beynəlxalq proseslərdə oynadığı rolu gücləndirməklə Azərbaycanın geosiyasi aktorlardan birinə çevrilməsinə zəmin yaradır. Son iki gündə BMT sessiyası çərçivəsində ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları ilə, iri şirkətlərin rəhbərləri ilə keçirilən ikitərəfli görüşlər siyasi və humanitar əlaqələrimizin genişlənməsi ilə bərabər, həmçinin iqtisadi inkişafımız üçün də yeni imkanlar açır.

Dünyanın böyük şirkətlərinin rəhbər şəxslərinin dövlətimizin başçısı ilə görüşmək təşəbbüsü ilə çıxış etməsi ölkəmizin iqtisadi potensialına göstərilən marağı və Azərbaycanın xarici investisiyalar üçün əlverişliliyini təcəssüm etdirir. Xarici sərmayələrin artması isə heç şübhəsiz ki, ölkəmizin yeni inkişaf mərhələsinə keçməsini təmin edəcək. Xüsusən də postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişinin təmin olunmasında xarici investisiyalar əvəzsiz rol oynaya bilər. Bu baxımdan Cənab Prezidentin son iki gündə Nyu-Yorkda keçirdiyi görüşlər qlobal biznes nəhənglərinin işğaldan azad olunmuş ərazilərimizin investisiya mühiti və iqtisadi rentabelliyi barədə ətraflı şəkildə məlumatlandırılması üçün çox faydalıdır.

Dövlətimizin başçısı, həmçinin bu cür mötəbər tədbirlərdə və ikitərəfli görüşlərdə Azərbaycanın Cənubi Qafqazın aparıcı dövləti olduğunu, ölkəmizin regionda dayanıqlı sülh, sabitlik və əməkdaşlıq təşəbbüskarı kimi çıxış etdiyini vurğulamaqla yanaşı, məhz bizim təşəbbüsümüzlə reallaşan qlobal enerji və nəqliyyat layihələrini – Orta Dəhliz, Cənub Qaz Dəhlizi, Zəngəzur dəhlizi (“TRIPP marşrutu”) Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarını da xüsusi olaraq təqdim edir və bu layihələrin iqtisadi əməkdaşlıq üçün hansı imkanlara, potensiala malik olduğunu onların öz üslubunda izah edir. Prezident İlham Əliyev ölkəmiz üçün faydalı diplomatik, işgüzar danışıqların aparılmasında böyük təcrübəyə malikdir.

Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaratmış olduğu yeni reallıqlar və yeni əməkdaşlıq imkanlarının qlobal işgüzar dairələr tərəfindən yüksək qiymətləndirilməsi məhz bu cür görüşlər zamanı bir daha üzə çıxır. Ölkəmizin bölgədəki aparıcı rolu inkarolunmaz amil kimi beynəlxalq səviyyədə qəbul edilir. Bir sözlə, Cənubi Qafqazda formalaşdırdığımız yeni reallıqlar Azərbaycanı hamı üçün cəlbedici edir. Nyu-Yorkda keçirilən çoxsaylı görüşlər də bir daha onu göstərir ki, biz hazırda dünyanın diqqət mərkəzindəyik. Bu görüşlər həm də Azərbaycanın uğurlu təqdimatı deməkdir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Seçilən
0
ictimairey.az

1Mənbələr