AZ

AYNA rəhbərinin villa qalmaqalı: susmaq səbəbi bilindi – 20 illik sənədə işarə

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev qalmaqallı əmlak sövdələşməsi ilə gündəmə gəlib. Belə ki, iddialara görə, o, “Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi, hazırda axtarışda olan iş adamı İlqar Hacıyevin villasını 1 milyon manata alıb. Bir neçə gündür ki, sözügedən məsələ mediada müxtəlif formalarda işıqlandırılsa da, nə Anar Rzayev, nə də AYNA hər hansı açıqlama verib.

Qeyd edək ki, İlqar Hacıyev 17 milyon manatlıq dələduzluqda ittiham olunur. Onun barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsində cinayət işi başlanılıb. İ.Hacıyev istintaqdan qaçaraq Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmayıb, 25.12.2020-ci il tarixli qərarla barəsində axtarış elan edilib. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.01.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib. İlqar Hacıyevi 15 iyul 2025-ci il tarixdə Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət edilib. Ona xəbərdarlıq edilib ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla, barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.

Anar Rzayev səsləndirilən iddialara niyə cavab vermir? Ümumiyyətlə, qanunvericilik bu barədə nə deyir? Yəni belə vəziyyətlərdə rrəsmi şəxs mediada haqqında dolaşan məlumatlara reaksiya verməlidirmi? 

Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, Azərbaycan qanunvericiliyində bu məsələ tənzimlənmir.

Onun sözlərinə görə, məmurlar şəxsi əmlakları barədə məlumat vermək öhdəliyinə malik deyillər:

ekrem

Əkrəm Həsənov

“2005-ci ildə onların gəlir və xərclərinin bəyan edilməsi haqqında qanun qəbul olunmuşdu. Prezident Nazirlər Kabinetinə (NK) iki ay ərzində bəyannamə formasını təsdiqləməyi tapşırsa da, hələ də həllini tapmayıb. Nəticədə məmurlar əmlak və gəlirləri barədə heç bir məlumat açıqlamır, yayılan iddiaları cavabsız qoyurlar. 2023-cü ildə baş nazirə müraciətimdə bildirdim ki, əgər bu istiqamətdə qanuni tənzimləmə olmasa, cəmiyyətdə Nazirlər Kabinetinin korrupsiyanın qorunmasında maraqlı olduğu təəssüratı yaranacaq. Belə mühüm qanunun illərdir qüvvəyə minməməsi vəziyyəti gülünc edir və məmurların gəlirlərini gizlətməsinə şərait yaradır”.

Məsələ ilə bağlı AYNA-ya sorğu ünvanlasaq da, qurumdan hər hansı cavab ala bilmədik.

Qeyd edək ki, Azərbaycanda “Vəzifəli şəxslərin maliyyə xarakterli bəyannamələrinin təqdim edilməsi haqqında” Qanun 2005-ci ildən qüvvəyə minib. Həmin ilin avqust ayında xüsusi fərmanla 3 ay müddətində gəlir bəyannamələrinin formasının hazırlanması barədə Nazirlər Kabinetinə göstəriş verilib. Proses elə bu mərhələdə dayanıb. Belə ki, nə forma təsdiqlənib, nə də bəyannamələrin təqdim olunmasına başlanıb.

Seçilən
1
2
editor.az

3Mənbələr