AZ

Bakıda 2-ci AZHAB Forumu keçiriləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Oktyabrın 7-8-də Bakı şəhəri daha bir mötəbər tədbirə - Azərbaycan Halal Biznes (AZHAB) Forumuna ev sahibliyi edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Bu il ikincisi keçiriləcək forum Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA-nın təşkilatçılığı ilə "Sürətlə dəyişən dünyada halal sənaye dayanıqlılığın mənbəyi kimi" mövzusuna həsr olunacaq.
İki gün davam edəcək forumun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlb olunmasını təşviq etməkdir. Forumda yerli və xarici ölkələrdən olan aidiyyəti qurumların nümayəndələri, sahə üzrə ekspertlər, akademik dairələr, sahibkarlar və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələcək.
Builki AZHAB Forumu konfrans və sərgi olmaqla iki hissədən ibarətdir.
Konfrans çərçivəsində halal sənayenin ənənəvi sahələri, o cümlədən maliyyə və turizm mövzuları, halal biznesin idarəolunması, yaşıl keçid, biznesdə qadınların rolu və digər yeni istiqamətlər müzakirə ediləcək. Həmçinin forumun ilk iclası İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində KOB-lara dəstək göstərən qurumların əməkdaşlığının gücləndirilməsinə xidmət edən "İƏT-in KOB-lar Şəbəkəsinin" (OIC-SMENET) rəsmi təsis mərasiminə həsr olunacaq.
Forumun sərgi hissəsində isə Azərbaycandan və xarici ölkələrdən olan şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər nümayiş olunacaq. Ötənilki forum çərçivəsində təşkil olunmuş sərgidə 30-a yaxın yerli və xarici şirkət məhsul və xidmətlərini təqdim edib. Builki sərginin isə daha geniş miqyasda və daha çox ölkənin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Hazırda sərgidə iştirakla bağlı yerli və xarici şirkətlərin qeydiyyatı davam edir. Sərgi yerli və xarici şirkətlərə məhsul və xidmətlərini geniş auditoriyaya tanıtmaq, yeni əməkdaşlıqlar qurmaq, müvafiq sektor üzrə tərəfdaşların tapılması, potensial müştərilərlə birbaşa əlaqə yaratmaq, ixrac imkanlarını genişləndirmək, təcrübə və texnologiya mübadiləsi, halal sənaye üzrə yeniliklər, trendlər və standartlarla tanış olmaq imkanı verəcəkdir.
AZHAB Forumu çərçivəsində İslam Ticarət Palatası Halal Xidmətləri tərəfindən "Halal düşün: Hər bir biznesin bilməli olduğu məsələlər" mövzusunda ikigünlük seminar da təşkil olunacaq. Seminarda müxtəlif sahələrdə fəaliyyət göstərən biznes nümayəndələrinə halal biznes modeli, bu sahədə mövcud standartlar və məhsulların beynəlxalq bazarlara çıxışı ilə bağlı məlumat veriləcək, Ekspert Guşəsində isə iştirakçılara halal sertifikatlaşdırma üzrə fərdi məsləhət xidməti göstəriləcək.
Builki forum İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC), İslam Ticarət Palatası Halal Xidmətləri və "Caspian Event Organisers" MMC-nin tərəfdaşlığı, "ATENA" MMC-nin sponsorluğu ilə keçiriləcək.
Qeyd edək ki, ilk AZHAB Forumu 2024-cü ilin oktyabrında keçirilib və tədbirdə Avstraliya, Amerika, Avrasiya və Afrika da daxil olmaqla dünyanın müxtəlif bölgələrindən təqribən 100-ə yaxın olmaqla, ümumilikdə 350 qonaq iştirak edib. İlk AZHAB Forumu İƏT-in Xarici işlər nazirləri Şurası tərəfindən müvafiq qətnamə ilə dəstəklənib.
AZHAB Forumu ilə bağlı ətraflı məlumat üçün: https://azhabforum.az/
Seçilən
4
17
oxu.az

10Mənbələr