AZ

"Onlara olan hörmətimi itirmişəm, salamlaşmayacam da" - Ramil Şeydayev

"Qarabağ" futbol klubunun hücumçusu Ramil Şeydayevin müsahibəsi

- Karyeranız ərzində üçüncü dəfə “Qarabağ”a keçirsiniz. Bu transfer barədə nə deyə bilərsiniz?

- Bu kluba keçdiyimə görə sevinirəm. Burada mənə hər zaman yaxşı münasibət göstərilib - klubun işçilərindən tutmuş kollektivə qədər. Çoxlarını tanıyıram, ona görə də xüsusi nəsə deməyə ehtiyac yoxdur. Meydanda komandaya kömək etməyə çalışacağam.

- “Neftçi” karyeranız niyə alınmadı?

- Məncə, bu, aydındır. İlk 9 turda müntəzəm olaraq oynayırdım, startdan sona qədər. Amma sonra məşqçi heyəti dəyişdi və bununla birlikdə mənə qarşı münasibət də dəyişdi.

- Müqavilənin vaxtından əvvəl ləğv olunması necə baş tutdu? Axı bir müddət komandadan ayrı məşq edirdiniz.

- Normal şəkildə razılaşdıq. Klub öz şərtlərini dedi, mən də öz şərtlərimi. Və ortaq məxrəcə gəldik.

- “Neftçi”yə və ya klubdakı müəyyən şəxslərə qarşı inciklik qalıbmı?

- Heç bir inciklik yoxdur. Mən elə insan deyiləm ki, kimə qarşısa kin saxlayım. Amma bəzi insanlara qarşı hörmətimi itirmişəm, onlarla salamlaşmayacam da. Vəssalam. Məncə, bunu özləri də anlayırlar.

- Formanızı bərpa edib “Qarabağ”da tam güclə oynamağınız üçün nə qədər vaxt lazımdır?

- Hazırda hansı formada olmağım kənardan daha yaxşı görünür. Belədə isə bu məsələdə məşqçi heyətinə tam güvənirəm. Nə vaxt hazır olsam, bunu onlar görəcəklər.

- “Qarabağ”a keçidin gec baş tutması və buna görə də Çempionlar Liqasında oynaya bilməməyiniz sizə təsir etdi?

- Çempionlar Liqası əlbəttə yaxşıdır və orada oynamaq istərdim. Amma mənim vəziyyətim mürəkkəb idi. O vaxt bu barədə düşünmürdüm. Necə olmalı idisə, elə də oldu.

- Millidə komanda yoldaşınız olan Şahruddin Məhəmmədəliyev bu yaxınlarda belə bir fikir bildirib: “Şeydayevli və Şeydayevsiz yığma iki fərqli komandadır”. Milli komandaya qayıtmaq kimi bir məqsədiniz varmı?

- Düzünü desəm, bəli. Bu, komanda dəyişmək qərarımda əsas arqumentlərdən biri idi. Hazırda Azərbaycan millisinə qayıtmaq istəyirəm. // Azerisport.com

Seçilən
6
3
bakuinfo.net

4Mənbələr