AZ

TƏBİB-lə “Zeytun”un 28 milyonluq “paslaşması”: 9 ayda 11 tender- ARAŞDIRMA

TƏBİB-in tabeliyində olan İnnovasiya v Təchizat Mərkəzi (İTM) daha bir on milyonluq tenderə imza atıb.

Tribunainfo.az xəbər verir ki, sonuncu tenderin nəticəsi dünən açıqlanıb.

Məlum olub ki, İTM “Güclü təsiredici və psixotrop dərman vasitələri”nin satın alınmasını həyata keçirəcək. Bunun üçün “ZEYTUN PHARMACEUTİCALS” MMC ilə maqavilə bağlaınılıb. Müqavilənin dəyəri isə 11 milyon 947 min 527 manat təşkil edir.

Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, son 9 ayda “ZEYTUN PHARMACEUTİCALS” MMC cəmi 15 tenderdə iştirak edib. Məsələnin maraqlı tərəfi odur ki, şirkət bu tenderlər sırasında 11-ni İTM-dən udub. Digər 4 tender isə ayrı-ayrı qurumlara aid olub.

Qeyd edək ki, tərəflər üçün yay ayları daha məhsuldar olub. Belə ki, üç ay yay ərzində MMC ilə İTM arasında 8 tender reallaşıb. Həmin tenderlər aşağıdakılardır:

– “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair tədbirlər ilə bağlı xərclər çərçivəsində dərman vasitələri”nin satın alınması: 323 min 483 manat;

– “Uşaqlarda kistoz fibroz genetik xəstəliyi ilə mübarizə tədbirləri ilə bağlı xərclər çərçivəsində dərman vasitələri”nin satın alınması: 41 min 985 manat;

– “İxtioz və bullyoz epidermoliz xəstəliyi üzrə mübarizə tədbirləri ilə bağlı xərclər çərçivəsində sarğı və baxım vasitələri”nin satın alınması: 370 min 843 manat;

– “Orqan transplantasiyaları üçün nəzərdə tutulmuş dərman vasitələri”nin satın alınması: 962 min 202 manat;

– “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə sərfiyyat malları”nın satın alınması: 102 min 500 manat;

– Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair tədbirlər ilə bağlı xərclər çərçivəsində dərman vasitələrinin satın alınması: 690 min 193 manat;

– “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə dərman vasitələri”nin satın alınması: 15 milyon 259 min 43 manat.

– “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair xərclər çərçivəsində dərman vasitələri”nin satın alınması: 697 min 999 manat.

Bildirək ki, İTM ilə şirkət arasında digər iki anlaşma isə fevral-mart aylarına təsadüf edib. Onlardan biri “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair xərclər çərçivəsində dərman vasitələri”nin satın alınmasından ibarət olub. Bunun üçün “ZEYTUN PHARMACEUTİCALS” MMC-yə 6 milyon 794 min 28 manat ödənilib. Digəri isə “Şəkərli diabet xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər çərçivəsində tibbi sərfiyyat malları”nın satın alınmasıdır ki, bu da 731 min 941 manata başa gəlib.

Xatırladaq ki, son 9 ayda “Zeytun Pharmaceutical” MMC ilə İTM arasındakı tender tender anlaşmalarının toplam dəyəri 27 milyon 921 min 744 manat təşkil edib.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Fərda Uğur

 

Seçilən
18
1
tribunainfo.az

2Mənbələr