AZ

Bütün ərazilərimzdə yalnız Azərbaycan Konstitusiyası və qanunları qüvvədədir- ÖZƏL

"2023-cü ilin sentyabr hadisələri Azərbaycanın müasir tarixində yeni mərhələ açdı. Sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu antiterror tədbirlərinə start verdi. Bu əməliyyatın məqsədi yalnız təxribatların qarşısını almaq deyildi, həm də ərazilərimizdə hələ də mövcudluğunu qoruyan qanunsuz silahlı birləşmələrin tərksilah edilməsini, dövlətimizin konstitusiya quruluşunun bərpasını təmin etmək idi. Cəmi 23 saat ərzində həyata keçirilən əməliyyat Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını, strateji çevikliyini və peşəkarlığını bir daha nümayiş etdirdi. Qısa müddətdə bütün qarşıya qoyulmuş vəzifələr yerinə yetirildi, təxribatçı qüvvələr zərərsizləşdirildi və ərazilərimizdə tam nəzarət bərpa olundu. Sentyabrın 20-də əməliyyatın uğurla başa çatması Azərbaycanın suverenliyi yolunda daha bir möhtəşəm qələbənin qazanıldığını təsdiqlədi". "Olaylar" xəbər verir ki, bunu YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov deyib: "Bu uğur yalnız hərbi üstünlüyün nəticəsi deyildi, həm də uzun illər boyunca Ermənistanın Qarabağda yaratdığı qeyri-qanuni hərbi struktur və separatçı fəaliyyətlərə qarşı sistemli addımların məntiqi nəticəsi idi. Çünki imzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi.  Bununla yanaşı, separatçı rejimin fəaliyyətinə Ermənistanın siyasi və hərbi dəstəyi də açıq şəkildə hiss olunurdu. Qondarma qurumun rəhbərləri, "nazirləri", hətta xarici dairələrlə əlaqələr qurmağa cəhd edir, Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıyan açıqlamalar verirdilər. Azərbaycan isə bu dövrdə hər zaman sülhə üstünlük verir, regionda dayanıqlı sabitliyin yalnız qarşılıqlı etimad və hüquqi normalara hörmət əsasında mümkün olduğunu bəyan edirdi. Azərbaycan dövləti dəfələrlə xəbərdarlıq etdi ki, qanunsuz hərbi birləşmələrin mövcudluğu və onların törətdiyi təxribatlar nəinki sülh prosesini, həm də regionda sabitliyi ciddi təhdid altına qoyur. Bu səbəbdən 2023-cü il sentyabrın 19-da başlanan lokal antiterror tədbirləri zəruri və qaçılmaz idi. Çünki suveren dövlətin ərazisində qanunsuz silahlı dəstələrin saxlanılması, separatçı qurumun "seçki" adı altında fəaliyyətini davam etdirməsi qəbuledilməz idi.
Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində bu qanunsuz hərbi obyektlər zərərsizləşdirildi, silah-sursat anbarları məhv edildi, müasir döyüş texnikalarının böyük bir qismi sıradan çıxarıldı. Ən mühüm məqamlardan biri isə ondan ibarət idi ki, antiterror tədbirləri yalnız hərbi nəticələrlə yekunlaşmadı, həm də siyasi və hüquqi baxımdan yeni reallıqlar yaratdı. Azərbaycanın Qarabağ üzərində tam suverenliyini bərpa etməsi regionda separatçılıq probleminə birdəfəlik son qoydu. Bu, həm də göstərdi ki, dövlətimizin ərazisində yalnız Azərbaycan Konstitusiyası və qanunları qüvvədədir və hər hansı qanunsuz silahlı dəstələrin, yaxud qondarma qurumların mövcudluğuna bundan sonra əsla imkan verilməyəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
olaylar.az

1Mənbələr