AZ

Yerli sanator-kurort sisteminin incisi


Müasir tibbin əsas prinsiplərindən biri ondan ibarətdir ki, sağlamlığın qorunması və bərpası yalnız həkim müdaxiləsi ilə məhdudlaşmır, həm də müalicə prosesinin keçirildiyi şəraitdən asılıdır. Peşəkar tibbi heyətin fəaliyyəti, güclü müalicə-diaqnostika bazası, rahat infrastruktur və əlverişli təbii amillər birləşdikdə, nəticə daha səmərəli olur. Bu baxımdan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində fəaliyyət göstərən və Xəzər rayonunda yerləşən “Abşeron” Sağlamlıq Mərkəzi nümunəvi müəssisələrdən biridir.

Mərkəz təxminən 17 hektar ərazidə salınmışdır. Burada iki yataq korpusu, müalicə bloku, klub, konfrans zalı, istirahət və yaşıllıq zonaları, gəzinti yolları mövcuddur. Ümumilikdə 200-dən çox yer nəzərdə tutulmuşdur ki, bu da eyni vaxtda həm geniş auditoriyaya xidmət göstərməyə, həm də rahat və sakit mühit yaratmağa imkan verir.
“Abşeron”un əsas ixtisaslaşma istiqaməti həzm sistemi xəstəliklərinin müalicəsidir. Bu sahədə təcrübəli qastroenteroloqlar, dietoloqlar, fizioterapevtlər və reabilitoloqlar çalışır. Müasir kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika kabinetləri, ultrasəs və endoskopiya avadanlıqları xəstəliklərin erkən mərhələdə aşkarlanmasına və müalicənin nəticələrinin dəqiq izlənilməsinə şərait yaradır.
Sağlamlıq proqramı geniş çeşidli prosedurları əhatə edir. Mineral vannalar, sualtı masaj, infraqırmızı sauna, Şarko duşu, qaloterapiya, hidro-kolonoterapiya, parafin və palçıq müalicəsi, maqnitoterapiya, vakuum və ultrasəs terapiyası bu sıradadır. Bundan əlavə, ozonoterapiya, damardaxili müalicə üsulları, darsonval, elektron neyrostimulyasiya, amplipuls-terapiya və zərbə-dalğa terapiyası da tətbiq olunur. Relaksasiya üçün “Relounge” qurğusu vasitəsilə əzələ və sinir gərginliyinin aradan qaldırılması mümkündür.
Diyetoterapiya xüsusi diqqət mərkəzindədir. Yeməklər mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkənlərin ehtiyaclarına uyğun hazırlanır, menyular dietoloqlar tərəfindən tərtib edilir. Milli mətbəxin ənənələri qorunmaqla, qidalanma balanslaşdırılmış və sağlamlıq baxımından faydalı şəkildə təşkil olunur.
Kompleksin mühüm üstünlüyü müasir tibbi texnologiyalardan istifadə ilə bağlıdır. Burada qastro-duodenoskopiya, ultrasəs müayinələri, yeni nəsil fizioterapiya cihazları vasitəsilə müalicə aparılır. Eyni zamanda, ozon kapsulu və “Emsella” avadanlığı kimi innovativ üsullar uğurla tətbiq olunur.
“Abşeron”da istirahətçilərin rahatlığı da tam təmin edilmişdir. Korpuslarda əsaslı təmir aparılmış, yeni liftlər quraşdırılmış, əlilliyi olan şəxslər üçün şərait yaradılmışdır. Kompleks fasiləsiz enerji, müasir kanalizasiya sistemi, videomüşahidə, sürətli internet və IP-telefon rabitəsi ilə təmin olunur. Ərazidə yaşıllıqlar salınmış, gəzinti yolları və istirahət guşələri yenilənmişdir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası müəssisənin inkişafına xüsusi diqqət yetirir. Mərkəz mütəmadi olaraq yenilənir, müasir avadanlıqlarla təchiz edilir və hər il minlərlə insana xidmət göstərir. Bu, həm yerli əhalinin, həm də xarici qonaqların sağlamlığının bərpasına töhfə verir.
Mərkəzdə müalicə alan şəxslərdən biri, israilli rəssam Mila Kreynoviç xidmət səviyyəsini yüksək qiymətləndirərək, həkimlərin peşəkarlığını, tibbi xidmətin keyfiyyətini və düzgün qurulmuş dietik qidalanmanı xüsusi qeyd etmişdir.
Bu gün “Abşeron” Sağlamlıq Mərkəzi ölkəmizin sanator-kurort sistemində mühüm mövqeyə malikdir. Burada tibbi ənənələr müasir yanaşmalarla birləşdirilir, vətəndaşlara və xarici qonaqlara yüksək səviyyəli xidmət göstərilir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə yaradılmış bu müəssisə sanator-kurort sisteminin incisi kimi dəyərləndirilə bilər.

Seçilən
13
5
baki-xeber.com

6Mənbələr