AZ

Dollar dəyərdən düşür, qızılın qiyməti artır RƏY

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Azərbaycan hökuməti, ehtiyatlarını daha dayanıqlı etmək üçün qızılın payını 2027-ci ilin sonuna qədər hissə-hissə artırmaq barədə düşünməlidir

Qızılın qiyməti yeni rekorda yüksəlib. “Comex” birjasında qızılın 2025-ci ilin dekabr fyuçerslərinin qiyməti ikinci gün ardıcıl olaraq tarixi maksimumu yeniləyib. Qiymətli metalın dəyəri 1,03 faiz artaraq unsiya üçün 3814 dollar təşkil edib.

Gümüşün qiyməti də bahalaşaraq 0,32 faiz artım ilə unsiya üçün 44,35 dollara çatıb.

İqtisadçı-ekspert Eldəniz Əmirov isə Sherg.az-a açıqlamasında deyib ki, bu gedişlə qızılın qiyməti 2028-cu ilin sonuna qədər kəskin bahalaşacaqdır. Bahalaşma proqnozunu əsaslandıran ekspert qeyd edib ki, 2025-ci ilin yanvarından sentyabrına qədər qızılın 1 unsiyası 2,720 dollardan 3,700 dollara yüksəlib. Yəni 9 ayda 35,7 faiz artım baş verib: 

"Bu dinamika ilə davam edərsə, qarşıdakı 3 ildən bir az artıq müddətdə qiymətin iki dəfə yüksəlməsi ehtimalı var. Başqa sözlə, ABŞ hökuməti hazırkı iqtisadi kursu dəyişmədən daha da gücləndirərsə, qızıl 6000 dolları keçə bilər. Bu, mütləq rəqəm deyil, amma sükan arxasında D.Tramp əyləşdiyi üçün ehtimal yüksəkdir. Əslində, tarixi təcrübə də bunu təsdiqləyir. 2017-ci ildə Donald Tramp hakimiyyətə gələndə qızılın qiyməti təxminən 1200 dollar idi. Onun hakimiyyətinin son günündə, 2021-ci ilin yanvarında isə qiymət 1840 dollar olmuşdu. Yəni Tramp dövründə qızıl 52–53 faiz bahalaşdı. İndi də Tramp hakimiyyətdədir və qızıl durmadan bahalaşır. Sual yaranır ki, niyə Tramp dövründə qızıl qalxır? Cavab sadədir: Tramp ucuz dolların tərəfdarıdır. Dollar ucuzlaşanda Amerika ixrac malları xarici bazarlarda daha ucuz görünür və rəqabət qabiliyyəti artır. Tramp bu məqsədlə dəfələrlə FES rəhbərliyi ilə mübahisə edirdi. O, yüksək faiz dərəcələrinə qarşı çıxırdı, çünki yüksək faizlər dolları gücləndirir. Dollar gücləndikcə ABŞ-nin ixracı çətinləşir, istehsalçıları rəqiblərə rəqabətdə uduzur".

İqtisadçının sözlərinə görə, dolların ucuzlaşmasının başqa bir təsiri də var və bu, qızıl bahalaşmasıdır: 

"Çünki qızıl dollarla qiymətləndirilir. Dollar zəifləyəndə dünya bazarında qızıl daha cəlbedici olur, tələb artır, qiymət qalxır. Bundan başqa, zəif dollar dövründə investorlar risklərdən sığortalanmaq üçün qızıla üstünlük verirlər. Beləliklə, həm iqtisadi siyasət, həm də investor davranışları qızılı daim təhlükəsiz investisiya alətinə çevirir. Və bu gün də oxşar dinamika müşahidə olunur. Dolların dəyərsizləşdirilməsi siyasəti və qlobal risklər fonunda qızılın qiymətinin artımı davam edir. Odur ki, hökumətlər, o cümlədən Azərbaycan hökuməti, ehtiyatlarını daha dayanıqlı etmək üçün qızılın payını 2027-ci ilin sonuna qədər hissə-hissə artırmaq barədə düşünə bilər. Çünki 2028-ci ilin sonlarından başlayaraq qızılın qiymət artımında durğunluq yaşanacağını gözləmək olar. Eyni zamanda investisiya yatırmaq istəyən digər hüquqi və fiziki şəxslər üçün də bu yazdıqlarım dəyərləndirilə bilər. Amma tövsiyələrim qızılla bəzənib-düzənmək istəyənlərə aid deyil. Çünki bəzək-düzək məsələləri iqtisadiyyatın yox, həyatın estetik balansını qoruyan “investisiya”dır".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
13
sherg.az

10Mənbələr