AZ

Bioloq alim: Əsas fəaliyyət istiqamətimiz kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatlarının öyrənilməsidir

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 24 sentyabr, AZƏRTAC

Bizim şöbədə vaxtilə heyvandarlıq sahəsində yeni cinslərin alınması ilə bağlı xeyli tədqiqatlar aparılıb. Lakin institutun əsas fəaliyyət istiqaməti bitkiçilikdir. Çünki burada genetik baza mövcuddur və əsasən müxtəlif bitkilərin toxumları saxlanılır. Kənardan gətirilən bitki sortlarının introduksiyası, onların uyğunlaşdırılması, yeni sortların və hibridlərin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu fikirləri Əməkdar elm xadimi, Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov söyləyib.

“Heyvandarlıq istiqamətində isə xüsusən genetik xüsusiyyətlərin tədqiqi ilə bağlı araşdırmalar nisbətən zəif inkişaf edib. Bizim məqsədimiz laboratoriya təminatını gücləndirməklə Azərbaycanda həm yerli, həm də xaricdən gətirilən müxtəlif heyvan növlərinin genetik xüsusiyyətlərinin öyrənilməsinə şərait yaratmaqdır. Hibridlər və mələzlər üzərində aparılan işlər nəticəsində yeni cinslərin yaradılması istiqamətində tədqiqatları inkişaf etdirmək qarşımızda duran əsas hədəflərdəndir.

Mən bu institutda çalışdığım müddətdə bir neçə rayonda – Şəki, Balakən, Zaqatala və digər yerlərdə elmi ezamiyyətdə olmuşam. Həmin bölgələrdə yerli və saxlanılan cinslərdən qan nümunələri toplayaraq institutda analiz etmişik. Əlbəttə, mövcud imkanlarımız çərçivəsində yalnız müəyyən səviyyəyə qədər təhlillər aparmaq mümkün olub. Gələcəkdə laboratoriya təminatımız təkmilləşdikcə, bu tədqiqatların dərinləşəcəyinə və daha mühüm elmi nəticələrin əldə olunacağına inanıram”, - deyə o əlavə edib.

Alimin sözlərinə görə, institut daha yüksək səviyyədə tədqiqatlar aparmaq potensialına malikdir: “Məsələn, heyvanların genetik xüsusiyyətlərini öyrənməklə, xaricdən gətirilən cinslərin Azərbaycan şəraitində xəstəliklərə davamlılığını təmin edən genlərin müəyyənləşdirilməsi vacibdir. Bu genlər üzə çıxarılmalı, uyğun olmayan xüsusiyyətlər aradan qaldırılmalıdır ki, həmin cinslər yerli şəraitə daha tez uyğunlaşsın və məhsuldarlıq artsın. Eyni zamanda, alınan hibridlərdə məhsuldarlığı qoruyan genlərin təyini əsasında yeni cinslərin Azərbaycanda yetişdirilməsi mümkün ola bilər. Çünki xaricdən gətirilən cinslər, adətən, 2–4-cü nəsildən sonra öz ilkin məhsuldarlıq xüsusiyyətlərini itirir. Buna görə də yerli şəraitdə yeni cinslərin yaradılması, onların genetik xüsusiyyətlərinin dərindən öyrənilməsi, məhsuldarlığı möhkəmləndirən genlərin müəyyənləşdirilməsi tədqiqatların əsas obyektini təşkil etməlidir. Gələcəkdə məhz bu istiqamətdə geniş elmi araşdırmalar aparmağı planlaşdırırıq”.

Professor qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə fermaların tam şəkildə bərpası və müasir səviyyədə heyvandarlıq müəssisələrinin qurulması prosesi hələ tam formalaşmayıb. Bu kimi tədqiqatların aparılması üçün müasir avadanlıqlarla təchiz olunub, mexanikləşdirilmiş fermer təsərrüfatlarının mövcudluğu çox vacibdir. Bu şəraitdə həm xaricdən gətirilən, həm də yerli cinslər arasında hibridləşmə aparmaq, yeni mələzləri əldə etmək mümkün olacaq. İşğaldan azad olunmuş ərazilərimiz inkişaf etdikcə həmin bölgələrdə fermer təsərrüfatlarında şəraitə uyğunlaşmış cinslər – quşçuluq, qoyunçuluq və iribuynuzlu mal-qara saxlanılacaq və onların əsasında tədqiqatlar genişləndiriləcək.

“Genetika sahəsində əsas fəaliyyət istiqamətimiz kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatlarının öyrənilməsidir. Bununla yanaşı, mən Dendrologiya İnstitutunda da çalışıram və burada əsas fəaliyyətimiz işğaldan azad olunmuş ərazilərdə aparılan ekspedisiyalarla bağlıdır. Bir neçə dəfə qrup halında Zəngilanın Ağalı kəndində, Bəsitçay hövzəsində, həmçinin Oxçuçay hövzəsi ətrafında ekspedisiyalarda olmuşuq. Ekspedisiyalarda əsasən kol və ağac bitkiləri öyrənilib, onların yayıldığı ərazilər, növləri, həmin şəraitdə inkişaf xüsusiyyətləri və morfoloji quruluşları ilə bağlı tədqiqatlar aparılıb. Torpaqlarımızın işğaldan azad olunması bu istiqamətdə elmi araşdırmaların əhatə dairəsini daha da genişləndirib”, - deyə S.Məhərrəmov vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
azertag.az

2Mənbələr