AZ

“AzParking”in işçiləri: 8 saat ərzində bir dəfə tualetə buraxırlar, etiraz edəni isə işdən çıxarırlar

“AzParking” MMC-nin bir qrup əməkdaşı əmək şəraiti ilə bağlı narazılıqlarını bildirir. İşlərini itirmək qorxusu ilə adlarını açıqlamayan parklanma xidməti üzrə bələdçilər iddia edirlər ki, şirkətin direktor müavini Vüqar Əlizadə işçilərə 8 saatlıq iş günü ərzində cəmi bir dəfə tualetə və çay fasiləsinə çıxmağa icazə verir...

“Şirkətdə ümumilikdə 800 nəfərə qədər işçi çalışır. Onların 400-500 nəfəri birbaşa ərazidə xidmət göstərir. Həmin əməkdaşlara gün ərzində yalnız bir dəfə tualetdən istifadə etməyə icazə verilir. İkinci dəfə icazə verilmir. Yüzlərlə bələdçi bu vəziyyətlə səssiz-səmirsiz barışaraq, bir qarın çörəyə görə işləməyə davam edir. Əmək hüquqlarını müdafiə etməyə çalışanlar isə işdən azad edilirlər”, – şikayətçilər bildirirlər.

Rəsmi cavab: Yaranmış problem şirkətlə həll edilməlidir

Onların sözlərinə görə, məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, eləcə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) yazılı müraciət olunub.

Hər iki qurumdan verilən cavabda qeyd edilib ki, əmək qanunvericiliyinə əsasən, “AzParking” MMC-nin daxili kadr siyasətinə müdaxilə edə bilməzlər və yaranmış problem birbaşa şirkətlə həll edilməlidir.

Əmək hüquqları üzrə ekspert Sara Rəhimova Meydan TV-yə bildirib ki, bu kimi hallar ölkədə əmək qanunvericiliyinə nəzarətin zəif olması ilə əlaqədardır:

“Dövlət Əmək Müfəttişliyi bəzi hallarda ya ümumiyyətlə, şikayətləri araşdırmır, ya da obyektiv yoxlama aparmır. İşçinin tualetə getməsinin məhdudlaşdırılması qanunsuzdur və bu, açıq şəkildə əmək hüquqlarının pozulmasıdır. İşəgötürən yalnız iş prosesinin fasiləsizliyini təmin etmək məqsədilə, növbəlilik əsasında belə halları tənzimləyə bilər”.

Əmək normaları
Ekspert qeyd edir ki, Əmək Məcəlləsinin 103-cü maddəsinə əsasən, işəgötürən işçiyə fasilə verməyə borcludur:

Sara Rəhimova – Foto: Şəxsi Facebook səhifəsi
“Bundan əlavə, insanın fizioloji ehtiyaclarını – tualetə getmək, su içmək, səhhəti ilə bağlı dərman qəbul etmək kimi hüququ var və bu hüquqlar heç bir halda məhdudlaşdırıla bilməz. Məsələyə həm də beynəlxalq əmək normaları prizmasından baxsaq, aydın görünür ki, bu cür məhdudiyyətlər əmək hüquqlarının ciddi pozuntusudur. İşçinin hüququnu tələb etməsi və ya haqsızlığa etiraz etməsi onun işdən çıxarılması üçün əsas ola bilməz. Əksinə, əgər bu səbəbdən işə son qoyulursa və ya təzyiqlə üzləşirsə, bu, işəgötürənin qanunsuz addımı kimi qiymətləndirilməlidir”.

Sara Rəhimovanın sözlərinə görə, Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin ləğvi üçün əsaslar konkret göstərilib. Bu maddədə işçinin hüquqlarını tələb etməsi və ya etiraz etməsi səbəbilə işdən çıxarılması ilə bağlı heç bir əsas yoxdur.

Sara Rəhimova hesab edir ki, aidiyyəti qurumlar bu kimi şikayətləri diqqətdən kənarda saxlamamalı, hər bir müraciəti ciddi şəkildə araşdırmalıdır. Əgər qanun pozuntusu varsa, bu, açıq şəkildə etiraf edilməlidir:

“Təəssüf ki, hazırda müvafiq qurumların bu cür məsələlərə vaxtında və lazımi səviyyədə reaksiya vermədiyini müşahidə edirik. Süründürməçilik halları çox yayılıb. Vətəndaş müraciət edir, amma cavab gecikir. Dəfələrlə zəng vurmaq və xatırlatmaq lazım gəlir. Bu da prosesi uzadır və vətəndaşda dövlət orqanlarına qarşı inamsızlıq yaradır.”

Ekspert həmçinin qeyd edir ki, bəzən işçilər öz hüquqlarını bilmədikləri üçün də bu kimi problemlərlə üzləşməli olurlar:

“ İşçilər bəzən işdən çıxarılmaq qorxusu ilə çoxları susurlar. Halbuki, işçilər hüquqlarını bilməli, onları qorumağı və tələb etməyi bacarmalıdırlar”.
Meydan TV-nin məsələ ilə əlaqədar “AzParking”, Rəqəmsal İnkişaf və Nəqliyyat NazirliyiAzərbaycan Yerüstü Nəqliyyat Agentliyinə göndərdiyi sorğular cavablandırılmayıb.

Poliqon.info

Seçilən
14
2
poliqon.info

3Mənbələr