AZ

Mina qurbanı, müharibənin görünməz qəhrəmanı - Xanı-Səyyaf Əhmədov

23 sentyabr 2025-ci il… Ağdam torpağı yenidən qana boyandı. Minalar illərlə gizlətdiyi soyuq ölümlü üzünü bir daha göstərdi. Baharlı kəndinin yetirməsi, 1971-ci il təvəllüdlü Səyyaf Fiqan oğlu Əhmədov, hamının tanıdığı adı ilə “Kəşfiyyatçı Xanı”, mina partlayışında həyatını itirdi.


Rəsmi mənbələrin yaydığı məlumata görə, faciə Mirəşelli kəndi ərazisində minalardan təmizlənməmiş bir qəbiristanlıqda baş verib. Hadisə yerinə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və ANAMA əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma başlanıb. Bir anlıq partlayış, bir ömrü yarımçıq qoydu.

“Xanı” kim idi?

Səyyaf Əhmədov hər kəsin dilində “Xanı” adı ilə yaşayırdı. Bu sadəcə bir ləqəb deyildi — həm cəsarətin, həm də yoldaşlıq bağlarının simvolu idi. Onunla birgə döyüş əməliyyatlarında olmuş hərbçilər deyirlər ki, o, həmişə ön sırada gedən, təhlükəyə birinci addımlayanlardan idi. Elə buna görə də “kəşfiyyatçı” adı onun taleyinə yazılmışdı.
Onu tanıyanlar xatırlayır: Xanı heç vaxt çətinlikdən geri çəkilməzdi. Təhlükəni öz üzərinə götürməyi, yoldaşlarını qorumağı həyat prinsipi sayırdı. Bu gün isə həmin torpaq, bir zamanlar uğrunda ölümlə üz-üzə qaldığı o torpaq onu ən gözlənilməz anında aldı. Torpağın üstünü qarış-qarış kəşf edən adam torpağın altını kəşf etməyə getdi…

Mina — müharibənin görünməz qisası

Azad edilmiş ərazilərimizdə minanın təhlükəsi hələ də davam edir. Təkcə ANAMA-nın son həftəlik hesabatına görə, 109 piyada əleyhinə mina və 1286 partlamamış hərbi sursat zərərsizləşdirilib.
Amma rəqəmlər arxasında insan taleləri dayanır. Xanı Səyyaf bu rəqəmlərin içində sadəcə bir “statistika” deyil — bir övlad, bir ata, bir dost, bir igid və itki idi. Ailənin və millətin itkisi.
Bir ömrün qəfil sonlanması, bu dünyadan qopması təkcə bir ailəni deyil, bütöv bir kəndi, bütöv bir xalqı kədərləndirir. Baharlı kəndi bu gün daha sükutlu, daha hüznlüdür. Bu gün bir oba oğlu üçün yasa batıb, anaların yaşlı gözləri, yaslı oxşamaları Xanı üçündür.
Ölümünün acısı da, günahı da, məsuliyyəti o minaları basdıranların üzərindədir, Vətən oğlu.
Torpağın üstünün kəşfiyyat xanı indi torpağın altındadır.

Bir sual qalır…

Nə qədər vaxt keçəcək ki, biz torpağımızda mina qorxusu olmadan addım ata bilək? Neçə Xanı, neçə övlad bu görünməz düşmənin qurbanı olacaq?
Hər mina partlayışı təkcə torpağın bağrını deyil, həm də xalqın qəlbini parçalayır. Xanı Səyyafın ölümü də bir çağırışdır — bu torpaqlar təmizlənməlidir, başqa ailələr onun ailəsi kimi ağlamamalıdır.

Son söz

Xanı —Səyyafın həyatı igidliklə, ölümü faciə ilə yadda qaldı. O, sadəcə bir mina qurbanı deyil — o, yaddaşımızın qəhrəmanıdır.
Səyyaf – sən torpağın altına getmədin, sən yaddaşın üstünə köçdün. Hər mina partlayışı bu xalqın yarasıdır, amma sənin adın bu yaradan doğan bir çağırış olacaq: “Ehtiyatlı olun”
23 sentyabr 2025. Ağdamın Mirəşelli kəndində mina partlayışı. Bir anlıq səs, ardınca toz, dağılan torpaq və bir ömürlük itki. Bu dəfə torpaq Baharlı kəndinin yetirməsi, 1971-ci il təvəllüdlü Səyyaf Fiqan oğlu Əhmədovu – hamının “Xanı” deyə çağırdığı igidi aldı. Unutmayaq,unutdurmayaq.
Ruhun şad olsun, Xanı, rahat uyu. Biz sənin adını unutmayacağıq.


Gülər Mübariz

Seçilən
15
5
manset.az

6Mənbələr