AZ

Baş nazir: "Hökumət statistika sahəsinin inkişafına önəm verir"

Prezidentin təşəbbüs və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Hökuməti statistikanın inkişafına böyük önəm verir.

"Cebheinfo.az" xəbər verir ki, bunu Bakıda keçirilən 3-cü Beynəlxalq Statistika Forumunda Baş nazir Əli Əsədov deyib.

O qeyd edib ki, son illər ərzində Azərbaycan statistika qurumu kifayət qədər inkişaf edib:

“Bu inkişaf həm metodoloji, həm də təşkilati baxımdan olduqca fərqlidir. Prezident və Hökumət statistik qurumun fəaliyyətindən razılıqlarını ifadə edirlər. O cümlədən, Prezidentin təşəbbüsü ilə Azərbaycan hökumət dəstək göstərərək son illər ərzində altı dövlət proqramını qəbul edib və həmin proqramlar ölkəmizdə statistikanın inkişafına xidmət edir.

Statistika elə bir alətdir ki, təkcə iqtisadiyyat deyil, bütövlükdə cəmiyyətin bütün sahələrinin dünənini, bu gününü və sabahını proqnozlaşdırmaq üçün əsas baza rolunu oynayır. Bu bazanı isə konkret statistik məlumatlar, rəqəmlər, diaqramlar və qrafiklər təşkil edir. Biz Azərbaycan hökuməti olaraq gündəlik fəaliyyətimizdə, demək olar ki, hər saat bundan istifadə edirik.

Çünki inkişafı qiymətləndirmək üçün möhkəm bazalara, konkret rəqəmlərə əsaslanmaq lazımdır. Statistik məlumatlar isə atdığımız addımları düzgün qiymətləndirməyə imkan verir. Bu baxımdan, statistika hər bir cəmiyyətin, hər bir ölkənin və hər bir sahənin inkişafında mühüm rol oynamalıdır”.

“Təbii ki, bütün sahələrdə olduğu kimi, statistika da müasir dövrdə öz inkişaf mərhələsini yaşayır. Prezidentin Forum iştirakçılarına ünvanladığı məktubda da qeyd olunduğu kimi, rəqəmsal inkişaf, İT texnologiyaları, süni intellekt və yeni metodların tətbiqi statistikanı daha dəqiq, çevik və əlçatan edir”, - deyə Ə.Əsədov əlavə edib.

"Cebheinfo.az" 

 

Seçilən
7
3
cebheinfo.az

4Mənbələr