AZ

Beyin mütəxəssisindən Əmrullayevə CAVAB: “Təhsil təkcə bazara kadr hazırlamaq deyil…”

Azərbaycanın Elm və təhsil naziri brifinqdə bildirir ki, uşaqların ədəbiyyat dərsində şeir əzbərləməsinin gələcəkdə əmək bazarında heç bir əhəmiyyəti yoxdur. Bu fikirlə qətiyyən razı deyiləm. Beyni öyrənən bir mütəxəssis bildirməliyəm ki, şeir əzbərləmək sadəcə ədəbi bacarıq deyil, eyni zamanda beyin üçün çox faydalı məşqdir. Tədqiqatlar göstərir ki, şeir əzbərləmək yaddaş, diqqət və nitq qabiliyyəti ilə bağlı bir sıra müsbət dəyişikliklər yaradır.

Tribunainfio.az xəbər verir ki, bu sözləri həkim, beyin mütəxəssisi Qalib Əsədov bildirib. O qeyd edib ki, şeir əzbərləmək qısa müddətli yaddaşdan uzunmüddətli yaddaşa məlumat köçürməyi məşq etdirir:

“Eyni zamanda danışmaq, nitq bacarıqlarının güclənməsinə gətirib çıxarır.
Şeir əzbərləyərkən konsentrasiya güclənir, diqqəti yayındıran amillərə qarşı beyin daha dözümlü olur. Bədii obrazlarla işləmək beyində emosional mərkəzləri oyadır, empatiya və emosional zəkanı inkişaf etdirir. Əzbərlənmiş şeiri söyləyəndə uşaq özünü daha inamlı hiss edir, publika qarşısında çıxış bacarıqları inkişaf edir.

Nazir deyəndə ki, “əmək bazarında şeir əzbərləməyin yeri yoxdur”, məqsəd odur ki, şagirdlər daha çox praktiki bacarıqlar – riyaziyyatın tətbiqi, texnologiya, proqramlaşdırma, analitik düşüncə, kommunikasiya və komanda işi kimi sahələrdə hazır olsunlar.

Yəni şeir əzbərləmə birbaşa iş tapmaq və ya iqtisadi məhsuldarlıqla əlaqəli deyil.
Amma digər tərəfdən şeir əzbərləmək əmək bazarında “bilavasitə” yer tutmasa da, dolayı yolla çox önəmlidir”.

Q.Əsədov əlavə edib ki, şeir əzbərləmək yaddaşı, diqqəti və intizamı gücləndirir – bunlar isə hər sahədə faydalıdır:

“Dil bacarıqları və nitq mədəniyyətini artırır – yaxşı danışa bilmək bir çox peşədə böyük üstünlükdür.

Şeir uşaqlarda emosional zəka, təsəvvür gücünü artırır, bu isə müasir iş dünyasında (xüsusən də liderlik, pedaqogika, media, incəsənət, marketinq sahələrində) çox dəyərlidir.

Cənab Nazir iqtisadi-praktiki tərəfi vurğulayıb – müəyyən qədər haqlıdır.

Amma yalnız “əmək bazarı” prizmasından baxmaq dar çərçivədir. Təhsil təkcə bazara kadr hazırlamaq deyil, həm də beyni inkişaf etdirmək, şəxsiyyət formalaşdırmaq və mədəni kimliyi qorumaqdır”.

Nigar İxtiyarqızı

Seçilən
30
1
tribunainfo.az

2Mənbələr