AZ

Çin Ermənistanı Cənubi Qafqazda alternativ logistika marşrutu kimi görür – ÖZƏL

Ermənistan Çin üçün Cənubi Qafqazda mühüm nöqtə hesab olunsa da, Pekin hələlik İrəvanla dərin və uzunmüddətli əməkdaşlıq qurmağa nail olmayıb. 

Olaylar.az xəbər verir ki, bu fikri M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunun direktoru, professor Aleksey Maslov Sputnik Ermənistan-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Çin Cənubi Qafqazda xüsusi strategiya yürüdür. Ermənistanla imzalanmış strateji tərəfdaşlıq sənədi daha çox dialoqa hazır olmağın göstəricisi kimi qiymətləndirilə bilər, nəinki genişmiqyaslı əməkdaşlığın başlanğıcı kimi.

Maslov qeyd edib ki, Çinin əsas marağı logistika ilə bağlıdır:
"Çin riskləri azaltmaq üçün alternativ təchizat kanalları qurmağa çalışır. Ermənistan isə Azərbaycan və Türkiyə üzərindən keçən ənənəvi marşrutlara alternativ həb kimi nəzərdən keçirilir".

Ekspert vurğulayıb ki, gələcək onilliklərdə dünya iqtisadiyyatında əsas mübarizə logistika yollarına nəzarət uğrunda gedəcək. Çin üçün yalnız istehsal deyil, məhsulu ucuz və təhlükəsiz daşınma da strateji əhəmiyyət daşıyır.

Pekinin artıq Azərbaycan və Türkiyə vasitəsilə Avropaya çıxış marşrutları olsa da, Çin üçün əsas məsələ paralel marşrutların yaradılmasıdır. Bu baxımdan Ermənistan, Şimal Dəniz Yolu və Mərkəzi Asiya üzərindən keçən dəhlizlərlə yanaşı, alternativ istiqamət kimi önə çıxır.

Maslov əlavə edib ki, Çinin Polşa ilə münasibətlərində gərginlik mövcud logistika marşrutlarının həssaslığını üzə çıxardı. Ona görə də Çin yeni istiqamətlərə maraq göstərir.

Logistikadan başqa, Çin Ermənistanla kənd təsərrüfatı sahəsində də əməkdaşlıqda maraqlıdır. Artıq Gümrü və Sevan kimi şəhərlərdə Çin şirkətləri fəaliyyət göstərir.

Bununla belə, ekspert İrəvanı ehtiyatlı olmağa çağırıb: "Çin güclü investor ola bilər, amma digər regionların təcrübəsi göstərir ki, ilkin mərhələdə yaranan böyük ümidlərin ardından çox vaxt məyusluq gəlir".

Xatırladaq ki, 2025-ci ilin iyulunda Ermənistan və Çin strateji tərəfdaşlıq barədə bəyanat imzalayıb. Bu sənəd Ermənistanın Baş naziri Nikol Paşinyan və Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən ŞƏT sammiti çərçivəsində razılaşdırılıb.

Bundan əvvəl Gürcüstan (2023) və Azərbaycan (2025) da Çinlə analoji saziş imzalayıblar. Beləliklə, Çin hazırda Cənubi Qafqazın bütün ölkələrinin strateji tərəfdaşıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr