AZ

Həmid Herisçi Təbrizdə müsahibə verdi: "Bakıda Təbrizsiz hər şey tənəzzülə məhkumdur"

Kulis.az Əli Çağlanın Təbrizdə səfərdə olan Həmid Herisçi ilə müsahibəsini təqdim edir.

– Hamımız bilirik ki, siz əslən təbrizlisiniz. Təbrizdə özünüzü necə hiss edirsiniz?

– Təbrizsiz Azərbaycanda nə varsa, yarımçıqdır, bütöv deyil. Ədəbiyyatımızdakı, həyatımızdakı yarımçıqlıq – Təbrizsizlik böyük fəsadlara gətirib çıxarıb. Şükür, məndə bu nöqsan – Təbrizsizlik yoxdur. Tam əksinə, nəsr əsərlərimdə, şeirlərimdə mərkəz nöqtəsi məhz Təbrizdir. Təəssüf ki, bu, bir istisnadır. Lakin bu mənə digərləri iləmüqayisədə böyük üstünlüklər verib. Bədii dillə desək, “Azərbaycan oteli”nin lüks otağı Təbrizdir. Bu lüks otağa girməsən, böyük yazar ola bilməzsən. Təbrizdə həyat süjetlidir. Çünki burda həyatdan başqa çox vacib bir amil – tale də var. Tale olan yerdə isə kor təsadüflər olmur. Burda xalça qanunları, naxışları hakimdir. Özü də təkcə adi həyatda yox, elə ədəbi mətnlərdə də. Məsələn, mən Təbrizə ayaq basdığım ilk saniyələrdən xalça qanunlarına, naxışlarına tabe oldum. Əli Çağlanın evinə girincə gördüm doğma Heris xalçası üstündəyəm. Kor təsadüfmü sayaq bunu, yoxsa tale hökmü, yaxud tarixi zərurət?

Axı mən “Heris” xalçası toxuyan bir nəslin, Herisçi nəslinin nümayəndəsiyəm. Təbrizdə yaşadığım ilk saniyələrdə Heris xalçası üstünə çıxmağım məni çox təsirləndirdi. Heris xalısı çox qalındı. Ayağını üzərinə basanda pəncən sanki beşiyə, doğma yuvaya girir. Bu hiss çox şairanədir. Adamı silkələyir. Herisçi Həmid ilə Heris xalçasını görüşdürən dətəbrizli şair, yazar Əli Çağla oldu. Bakıdan Təbrizə uçanda hələ havada ikən bir fikir məni sakit buraxmırdı.“Təbrizdə oteldə qalmaq” mənzərəsi ruhumu yaralayırdı. Axı öz evimiz uçub-tökülüb. Şükür, Əli Çağla öz qapısını üzümə açdı. Anarın dediyi o “Otel otağı” acısı məndən yan ötdü. Əli Çağlanın evində dinclik tapdım.

– Təbrizi və ədəbi-bədii sferasını necə gördünüz?

– Bayaq nə dedim? Dedim ki, Təbrizdə həyat və ədəbiyyat “tale yazısı”dır. Yəni burdakı şeir də Təbriz həyatı kimi süjetlidir, mücərrəd deyil. Sanki qədim “rəvayət” janrındadır. Bu “rəvayət” janrı mənim son dövr yaradıcılığımda dominantdır. “Mənim dosyem”, “O kəlağayı”, “Brüsseldəki adaş”, “Demateriallaşma” və s. və ilaxır şerlərim məhz bu tale süjetlidir. Rəvayətdir. Realistikdir. Təbrizdə gördüm ki, Əli Çağla, Məhəmməd Çalğın, Zaman Paşazadə, Qafur Xiyavlı, Şahin Muradi kimi şairlər, yazarlar və ssenaristlər eynən bu cür süjetli, realistik, mövzulu əsərlər yazırlar. Məhəmmədrza Ləvayi adlı şair var, Çikaqoda sürgün həyatı yaşasa da, güclü qələmə sahibdir.

Təbriz əvvəlcə məni doğma Heris xalçası ilə görüşdürdü, sonra doğma “rəvayət” janrında yazan şairlərlə.

Anladım ki, Təbriz insanı ilk növbədə öz rəvayəti, reallığı, tale yazısı ilə görüşdürür. Burda kor təsadüflər yoxdur.

Təbriz şairləri indi Bakıdakı kimi mövzusuz, mücərrəd, simvolist şeirlərlə kifayətlənmirlər. Ən modern, deyərdim, hətta Hollivud süjetlərinə, rəvayətlərinə öz yaradıcılıq körpülərini uzadırlar. Burda klassik üslublarla yanaşı çox modern janrlar dəbdədir. Şeirlər, ssenari, mini romanlar kimi yazılır. Mən bunu hələ Bakıda ikən edirdim. Təbrizdə də öz oxşarlarımı görüncə anladım ki, bu, Təbrizin urbanistik şəhər mədəniyyətindən qaynaqlanır. Təəssüf ki, Bakı şairləri hələ ki, Bakını yazmırlar. Öz kəndlərini, arxaik keçmişlərini yazırlar. Təbriz ədəbi mühitində belə deyil. Burda ədəbiyyat müasirliyi, moderni, smart, realistik mövzuları ədəbiyyata, şeirə daşımaqdan qorxmur. Güney Azərbaycan, İran ədəbiyyatının kinodakı qazancları, qələbələri də məhz bu rəvayət janrı ilə bağlıdır. Əlbəttə, bu janr hələ 12-ci əsrdə Xaqaninin “Həbsiyyə”sində, Nizaminin poemalarında vardı. Farsların şeiri nə qədər mücərrəddirsə, simvolikdirsə, Azərbaycan şeiri Nizami, Xaqanidən üzübəri məhz öz rəvayətçilik, realistik sifması ilə seçilib. İndi bu ənənə Təbrizdə çox sevilir. Mövzusuz, mücərrəd şeir artıq Təbrizdə dominant deyil. Təbrizdə həm də Həsən Umudoğlu kimi ədəbi fədailər təbəqəsi mövcuddur,. Şimali Azərbaycan bu təbəqəni çoxdan itiribdir, şükür, Təbrizdə həmin məktəb Həsən Umudoğlunun sayəsində hələ də qalmaqdadır.

"Təbriz-Bakı" deyərkən adətən gözlərimizin qarşısında memarlıq abidələri canlanır. Ancaq, məncə, Təbriz və Bakı təkcə memarlıq abidələri deyil. Həm bakılılardır, həm də təbrizlilərdir. Gəlin, şəhərləri təkcə memarlıq abidələrində görməyək. Canlı insanlarda, ilk növbədə, şairlərin simasında görək. Son zamanlar adətən Bakını “Qız qalası” ilə, Təbrizi “Ərk qalası” ilə göstəririk, məncə, bu, kifayətdeyil.

– Bəs klassik janrlar necə? Təbrizdə dəbdə deyil?

– Deməzdim. Təbrizdə çox güclü klassik şeir ənənəsi, əruz ölçüsündə yazılan nümunələr də var. Bu gün Bakıda artıq klassik şeir biliciləri, əruz mütəxəssisləri azdır. Məncə, Bakıdakı muğam müsabiqələrində təbrizli ifaçılardansa, əruz, muğamat ustaları gəlib münsiflər heyətində əyləşməlidirlər. Akademiyamızda, Nizami adına Ədəbiyyat İnstitutunda da bu alimlərə ciddi ehtiyac yaranıb. Gəlsinlər. Ərəb, fars dillərinin tədrisində də biz Təbriz alimlərindən istifadə etməliyik. Bakıda Təbrizsiz elm, ədəbiyyatşünaslıq, siyasət, şeir tənəzzülə məhkumdur .

– Təbrizdə doğulan ədəbi mətnlər dünya ədəbiyyatına təsir edibmi?

– Şəhriyar səviyyəsində, nümunəsində milli ədəbiyyatımıza təsir edib. Qulamhüseyn Saidi kimi Təbriz teatr dramaturqu isə məhz dünya ədəbiyyatına,kinosuna, teatr səhnəsinə təsir edib. Jan Pol Sartr, Qabriel Qarsiya Markes kimi, İonesko, Bekket kimi dramaturqlar Qulamhüseyn Saidi yaradıcılığını yüksək qiymətləndiriblər, öyrəniblər belə nəhəng dramaturqdan! Onun “Lal bazi” pyesi dünya kino və teatr dramaturgiyasında əsl inqilab edib. Təəssüf ki, Bakıda Təbrizin ədəbiyyatımıza təsiri yalnız Şəhriyarla məhdudlaşır. Qulamhüseyn Saidinin varlığından xəbərsizdir Bakı! Nəticə çox acıdır, çünki məhz Qulamhüseyn Saidi dramaturgiyası əsasında çağdaş İran kinosu öz şedevrlərini yaradır. Şəhriyardan biz bəhrələnib ədəbiyyatımızda nostalji bir üslub yarada bilmişik. Ancaq Qulamhüseyn Saididən istifadə etmədiyimizə görə kinomuzda, teatr dramaturgiyamızda ciddi boşluqlar var. Dünyada bu gün şairlər yox, nasirlər hakimiyyətdədir. Bu nəşriyyatların kommersiya maraqları ilə bağlıdır. Ancaq, məncə, ədəbiyyatın şah əsəri həmişə şairlərə məxsusdur. İnşallah, Təbriz şairlərinin vasitəsilə Azərbaycan şeiri cəmiyyətdə öz mövqeyini möhkəmləndirəcək.

– Sizcə, Güney Azərbaycan teatr və kino adamları bu boşluqlarıdoldura bilərmi?

– Əlbəttə! Bayaq dedim ki, Təbrizsiz Azərbaycanda nə varsa, yarımçıqdır. O cümlədən, kino sənəti də. Kino bütöv Azərbaycansız mümkün deyil. Yəni ədəbiyyatda, bəli, Şimali Azərbaycan Təbrizsiz nə isə yarımçıq işlər görə bilər. Ancaq bu kinoda qəti mümkün deyil. Azərbaycan kinosu, yalnız bütöv Azərbaycan mədəniyyəti, “Bakı-Təbriz” modeli üzərində dirçələ bilər. Misal üçün, Təbrizdə 15 gündür ki, səhnədən düşməyən Şahin Muradinin“Dəli Domrul” pyesi əla idi. Gözəl. Çox da peşəkar. Musiqi, xoreoqrafiya, aktyor ifası da o cümlədən. Tamaşanın hər yeni parçası fərqli rəngdə idi. Səhnə işıqlandırılması, akustika gözlə qulağı yormurdu. Aktyorlar səhnədə qışqırmırdılar. Tamaşaçı Təbriz ziyalılarından, gənclərdən ibarət idi. Yaradıcı heyətin orta yaşı 16, 24 yaş arasında idi. Təbrizə gəlişimi xüsusi qeyd etdilər. “Vətəninə xoş gəldin!” dedilər səhnədən mənə. Çox təsirləndim...

– Təbriz, sözsüz ki, həmişə inqilablar şəhəri statusunu daşıyıb.

– Səttarxan, Xiyabani və Pişəvərinin qırmızı inqilabları hamısı məğlubiyyətlə nəticələnib. Səttarxanın Məşrutə inqilabı ona gətirib çıxartdı ki, Azərbaycan İranda öz gücünü itirdi. Qacarlar gedib yerinə Pəhləvilər gəldi. Xiyabani və Pişəvəri inqilabları da o cümlədən əks nəticələr verdi. Biz məğlubları ikonaya çeviririk, heykəlləşdiririk. Halbuki tarix həmişə qaliblərin ixtiyarındadır. Gördüyümüz kimi qanlı-qırmızı inqilablar Təbrizə yaxşı heç nə vəd etmir. Təbriz indi qırmızı inqilablar ilə qurtarıb ağ inqilab edir. Mən çox sevinirəm ki, bu gün qırmızı rəng Təbrizdə ancaq "Traktor" Futbol Klubunun geyimlərindədir. Futbol azarkeşlərinin paltarlarındadır. Pezeşkiyanın prezident seçilməsi də Təbrizin bu ağ inqilab ssenarisi tərkibindədir. Cəfər Pənahinin Kann Film Festivalında “Qızıl şir” mükafatını almağı da o cümlədən, beləliklə, bu gün Təbriz idman, siyasət və mədəniyyət triadasının sahibidir. Hər üç sahədə ciddi qələbələr əldə edilib. Təbriz bu gün ağ inqilab reallığını yaşayır. Bu şeir və nəsrdə də özünü göstərir.

– Sizin Azərbaycan Yazıçılar Birliyinə qəfildən üzv olmağınız Təbriz ədəbi mühitində də müzakirələrə səbəb olmuşdu. Ora üzv olmağınızın səbəbi nə idi?

– Təbrizi ədəbiyyatda yaşatmaq missiyası çox az yazarların bəxtinə yazılıb. Mən bu lüksün son müasir müəllifiyəm. Ədəbi missiyam Bütöv Azərbaycan mədəniyyəti, ədəbiyyatıdır. Bu sahədə heç kim öz dirijor çubuğunu sağ-solumda yellətməsin yun çubuğu kimi! Nə etdiyimi çox yaxşı bilirəm. Azərbaycan mədəniyyəti bütövləşməyə nə qədər möhtacdırsa, ədəbiyyatı da bir o qədər bütövləşməyə layiqdir. Yəni AYO-AYB qarşıdurması mədəniyyətimizi parçalayırdı. Necə ki, bu gün Güneylə Quzey parçalanıb, bu cür də bir başqa parçalanma mədəniyyətimizi təqib edirdi. Qərara gəldim ki, bu parçalanmağa son qoyum. İlk addımı özüm atdım. Məncə, yazarlar bədii mətnlərdə dialoqa girməlidir, nəinki müsahibələrində. Misal üçün, Anar son yazdığı “Göz muncuğu” romanında mənimlə çox ciddi bədii dialoqa girmişdi. Əsərin baş qəhrəmanı Əhliman bəzi cəhətləri ilə məni xatırladır. Atasının adı Qafarzadədir. Bakının 80-ci mikrorayonunda yaşayır, ziyarətgahlar haqda televerilişlər hazırlayır, xalçaçı nəslindəndir, hətta sehrli xalçaya da sahibdir. Bütün bunlar mənim bioqrafiyama aiddir. Romanı oxuyandan sonra anladım ki, Anar mənimlə bədii mətn səviyyəsində dialoqa girib. Mən də sözsüz, oxşar ədəbi dialoqa girməli idim. Anar öz əlcəyini bədii mətn şəklində mənə tərəf atmışdı.

– Sizi bundan əvvəl Azərbaycanda Anarın müxalifi kimi tanıyırdılar. İndi Anar ilə əlaqələriniz necədir?

– Postmodernizmi şeirə və nəsrə gətirdiyim dövrlərdə Anar və digər 60-cılarla ədəbi mübahisələrim vardır. Postmodern mövzusu ətrafında mübahisələrimiz olub. Ancaq mən təhqirə keçməmişəm. Təəssüflə qeyd edirəm ki, digərləri bu tənqidi mübahisəni təhqirə yuvarlatdılar. Çünki bizdə heç nə inkişaf etmir, ancaq tənəzzül edir. Belə qərara gəldim ki, buna son qoyum. Azərbaycanın parçalanması ədəbiyyatda daha faciəlidir. Əgər bu gün biz vahid Azərbaycandan, Azərbaycan mədəniyyətindən danışırıqsa, ilk növbədə AYO-AYB qarşıdurması ləğv olunmalıdır. Bütün sahələrdə bütövləşməyə keçək. 44 günlük müharibədən sonra Azərbaycanda hər hansı bir qütbləşmə, parçalanma yolverilməzdir. Siyasi separatizm kimi mədəni separatizm də qorxuludur. Bu cür münaqişələri dəf etmək üçün şəxsi nümunə sərgiləmək çox vacibdir. Yəni ilk addımı atmaq yazıçıdan çox böyük şücaət tələb edir. Gərək ilk addımdan qətiyyən qorxmayasan.

– Bayaq dediniz ki, Anar sizinlə bədii mətn şəklində dialoqa girmişdi. Bəs sizin bədii mətn şəklində cavabınız oldumu?

– Bədii sualların cavabı qısa olmur. Qısa cavablar ədəbiyyatda heç nə həll etməz. Ədəbi cavablar roman, hekayə, şeir həcmində olmalıdır. Anara cavabımı “Demateriallaşma” şeiri səviyyəsində vermişəm. Nöqtələr ordadır. Nəsrdə isə cavabım ”Anarın göz muncuğu” hekayəmdədir.

–AYO-AYB qarşıdurmasında daha hansı gizlinlər var?

– Sifariş gəlmişdi ki, AYO Həmidsiz olsun. 2011-ci ildən AYO-çular mənimlə bütün əlaqələrini kəsdilər. Düşünürəm ki, bu sifariş idi. Detallar zaman keçdikcə özü açılacaq. Baiskarın, səbəbkarların adını çəkmək, məncə, hələ tezdir.

– Həyatınizin AYO dövrünü Bakıya verdiniz. Bəs AYB dövrünü hara verəcəksiniz?

– Təbrizə! İstəyirəm Təbriz yazarlarını redaktə edim. Təcrübəmi Təbrizlə bölüşüm. Həyatımın son fəslini təkcə Bakıya yox, həm də Təbrizə bağışlamaq istəyirəm. Mən heç vaxt sevilməyə möhtac olmamışam. Hesab edirəm ki, insan öz nifrətində daha səmimidir, nəinki sevgisində. Bu gün şeir yox, antişeir reallıqdır. Bu, tərs mütənasiblikləri ədəbiyyata gətirmək növbəti borcumdur. Hollivud standartları bunu tələb edir.

– İstərdim ki, son sualı özünüz verib özünüz cavablandırasınız.

– Bu gün müasir Azərbaycanda mədəni həyat, mədəni gündəm ancaq Təbriz-Bakı marşrutunda, dialoqunda mümkündür, labüddür. Təbrizsiz mədəniyyət mümkün deyil. Mən bunu anlamışam. Öz acı həyat təcrübəmdir. Romantik deyiləm, amma bilirəm ki, məni Təbrizin “Məqbərət ül şüərası”nda (Şairlər məzarlığında) basdırmayacaqlar. Bu şairlər məzarlığını bəziləri nə üçünsə Təbrizin rəmzinə çeviriblər. Üst şüur səviyyəsində “Məqbərət ülşüəra” bəli, insanda romantik hisslər yaradır. Alt şüurda isə dəhşətə gəlirsən. Sanki bir qorxulu nağıl səni təqib etməyə başlayır – bir qəbiristanlıq şair var Təbrizdə! Şair həmişə ölməzliyə iddialıdır. Ancaq Təbrizdə şairə onun məzarını göstərirlər. Bir qəbiristanlıq şair... Necə də acı mənzərədir... Əsl Təbriz mənzərəsidir... Ədəbiyyatın tərs mütənasibləri, antişeir məhz budur. Vaxtilə ustad Şəhriyarın “Heydərbabaya salam” poeması otaylı-bu taylı Azərbaycan ədəbiyyatını dərin böhrandan qurtardı. Ədəbiyyata yeni məzmun və yeni vəhdət nöqtəsi verdi. Növbəti təkan, məncə, yeni nəsil Təbriz şairlərindən gələcək.

– Müsahibəni Təbrizdə, öz doğma vətəninizdə verməyiniz bizi daha çox sevindirdi. Bunun üçün də sizə təşəkkürümü bildirirəm.

– Mən də təşəkkür edirəm. Son olaraq qeyd edim ki, Təbrizdə ikən “Hacı Cabbar Naib” məhəlləsindəki ata qapıma getdim. Gördüm ki, evimiz uçub, barıdakı yarıqdan içəri boylandım. Qapını insanlar yox, uçmuş evin daş-kəsəyi bağlamışdı. İçəridə bir cüt qumru özünə yuva qurmuşdu. O dəqiqə diqqətimi çəkdi. Sevindim. Halalları olsun...

Seçilən
7
1
kulis.az

2Mənbələr