AZ

Tayvanda “Ragasa” tayfunu: 14 nəfər ölüb, 124 nəfər itkin düşüb...

Fırtına dağıntılar törədib, on minlərlə insan təxliyə olunub...

Poliqon xəbər verir ki, “Ragasa” adlı supertayfun Tayvanda ciddi dağıntılara və insan tələfatına səbəb olub. Tayvanın Mərkəzi İnformasiya Agentliyinin məlumatına görə, ən ağır vəziyyət şərqdə yerləşən Hualyan vilayətində qeydə alınıb. Burada gölün daşması nəticəsində güclü su axınları çayın aşağı hissələrinə yönəlib, körpünü yuyub aparıb. Yerli hakimiyyətin açıqlamasına əsasən, təbii fəlakət nəticəsində 14 nəfər həlak olub, 124 nəfər isə itkin düşüb. Daha 18 nəfərin yaralandığı bildirilib. Təhlükə səbəbindən 7 mindən çox sakin təxliyə edilib.

Tayfunun təsiri təkcə Tayvanla məhdudlaşmayıb. Hadisədən əvvəl Filippinin şimal bölgələrində güclü yağış və torpaq sürüşmələri nəticəsində azı 3 nəfərin öldüyü, 5 nəfərin itkin düşdüyü, 17,5 mindən çox insanın isə evlərini tərk etmək məcburiyyətində qaldığı açıqlanıb.

“Ragasa”nın növbəti hədəfi Çinin cənub bölgələri – Quandonq, Honq-Konq və Makao hesab olunur. Associated Press agentliyinin məlumatına görə, çərşənbə axşamı bu ərazilərdə məktəblər və müəssisələr bağlanıb, çoxsaylı aviareyslər ləğv edilib. Honq-Konq Rəsədxanasının açıqlamasına əsasən, tayfunun mərkəzində küləyin sürəti saatda 195 kilometrə çatır. Fırtına qərbdən şimal-qərbə doğru hərəkət edərək Cənubi Çin dənizinin şimal hissəsindən Quandonq sahillərinə yaxınlaşır.

Quandonq əyalətində artıq 1 milyondan çox insan təhlükəsizlik məqsədilə təxliyə olunub. Ekspertlərin hesablamasına görə, çərşənbə günü səhər saatlarında bölgənin sahil zolağında suyun səviyyəsi təxminən 2 metr qalxacaq, maksimumda isə 4-5 metrədək yüksələ bilər. Bu, 2017-ci ildə baş verən “Hato” və 2018-ci ildə qeydə alınan “Manqhut” tayfunları zamanı müşahidə olunan vəziyyətə bənzəyir. Həmin fəlakətlər nəticəsində müvafiq olaraq 154 milyon dollar və 4,6 milyard dollardan artıq iqtisadi ziyan dəymişdi.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr