"BMT-nin tarixi asan qələbələrin deyil, təkrar-təkrar edilən inadlı cəhdlərin tarixidir..."
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası hər il sentyabrdan dekabra qədər keçirilir və dünya diplomatiyasının ən mühüm tribunası hesab olunur.
Moderator.az xəbər verir ki, bu barədə "news.un.org" nəşri yazıb.
BMT Baş Assambleyası beynəlxalq dialoqun mərkəzidir
Nəşr qeyd edir ki, burada 193 üzv dövlət bərabər hüquqlarla iştirak edir və "bir ölkə- bir səs" prinsipi ilə qərar qəbul edir. Təhlükəsizlik Şurasından fərqli olaraq, Baş Assambleyanın qətnamələri məcburi hüquqi qüvvəyə malik olmasa da, onlar beynəlxalq münasibətlər üçün mühüm oriyentir rolunu oynayır. Hər bir dövlət öz mövqeyini açıq şəkildə ifadə edə, digər ölkələrlə dialoqa girə və gələcək hüquqi sazişlər üçün zəmin yarada bilir.
Bu baxımdan Baş Assambleya qlobal böhranların müzakirə edildiyi, ortaq yanaşmaların axtarıldığı və bəzən də dünyanı dəyişdirən siyasi proseslərin başladığı bir meydandır. Bu il keçirilən yubiley - 80-ci sessiya "Sülh, inkişaf və insan haqları naminə 80 illik əməkdaşlıq və gələcək yol" şüarı ilə açılıb. Sessiyada yalnız ənənəvi məsələlər deyil, həm də süni intellektin idarə olunması, iqlim böhranı və yeni texnoloji çağırışlar kimi müasir mövzular da gündəmə gətirilib.
Dünyanın üzləşdiyi böhranlar fonunda müzakirələr
Baş Assambleyanın 80-ci sessiyası mürəkkəb geosiyasi şəraitdə keçir. Ukraynada müharibə davam edir, Qəzzada İsrailin yeni hücumu beynəlxalq gündəmi silkələyir, Afrika ölkələrində humanitar böhranlar dərinləşir. İqlim dəyişikliyi, enerji böhranı, qlobal iqtisadi qeyri-sabitlik və texnologiyanın sürətli inkişafı isə dünya liderlərinin qarşısında yeni və çətin suallar qoyur. Məhz bu kontekstdə Baş Assambleya bir daha təsdiqləyir ki, BMT beynəlxalq siyasətdə yalnız rəmzi qurum deyil, hələ də dövlətlərin bir-biri ilə danışa bildiyi yeganə ümumbəşəri məkandır.
"BMT-nin evinə təmir lazımdır"
80-ci sessiyanın sədri, Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok çıxışında qlobal həmrəyliyə ehtiyacın hər zamankindən daha böyük olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu sessiya dünya müharibələrdən, humanitar fəlakətlərdən, iqlim dəyişikliyindən və texnoloji risklərdən sarsıldığı bir dövrdə keçirilir.
Berbok milyonlarla insanın gündəlik faciələrini sadalayaraq, Ukraynada yaşlı qadınların dronlardan gizlənməsini, Haitidə məktəbə getməkdən qorxan uşaqları, Konqoda qızlarını silahlı dəstələrdən qoruyan anaları yada salıb. O, xəbərdarlıq edib: "Ən təhlükəli olan, bu böhranları bəhanə gətirərək BMT-nin köhnəldiyini və artıq lazım olmadığını iddia edənlərin ortaya çıxmasıdır".
Berbok tarixi dərsləri xatırladaraq deyib ki, BMT İkinci Dünya müharibəsindən sonrakı dağınıq dünyada ümid işığı olub: "BMT-nin tarixi asan qələbələrin deyil, təkrar-təkrar edilən inadlı cəhdlərin tarixidir". Berbok çıxışında vurğulayıb ki, liderlik başqalarına iradə yükləmək deyil, onlara yol göstərmək və güc verməkdir: "Başqalarına kömək edən ölkə nəticədə özünü də gücləndirir". O, COVID-19 pandemiyası zamanı ÜST-ün rolunu nümunə göstərib və iqlim böhranı ilə mübarizədə yalnız birlikdə hərəkət etməyin nəticə verəcəyini qeyd edib.
İslahatların labüdlüyü və gender bərabərliyi
Berbok bildirib ki, BMT artıq yol ayrıcındadır və təşkilatın özünü yeniləməsi qaçılmazdır: "Dialoq və diplomatiya evi də təmirə ehtiyac duyur. İslahatlar lüks deyil, həyati zərurətdir". Onun fikrincə, BMT daha çevik və effektiv işləməli, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün daha sürətli addımlar atmalıdır. Xüsusilə diqqət çəkən məqam qadınların rəhbərliyə gəlməsi ilə bağlı olub. Berbok xatırladıb ki, 80 il ərzində BMT hələ də qadın baş katib seçməyib: "Dörd milyard qadın arasında bir nəfər belə uyğun namizədin tapılmaması düşündürücüdür".
BMT-nin gələcəyi həmrəyliyə bağlıdır
Berbok nitqini belə tamamlayıb: "Əgər biz dünyaya göstərmək istəyiriksə ki, BMT bu gün də var, sabah da olacaq və qarşıdakı səkkiz onillikdə də yaşayacaq, bunun yeganə yolu birlikdir. Çünki bu, bütün ölkələr üçün həyati zərurətdir". Baş Assambleyanın 80-ci sessiyası təkcə yubiley tədbiri deyil. Bu sessiya həm BMT-nin tarixi missiyasını xatırladır, həm də gələcəkdə təşkilatın nüfuzunu qoruması üçün islahatların qaçılmaz olduğunu göstərir. Berbokun sözləri bir mesajı aydın ifadə edir: BMT-nin gələcəyi dövlətlərin birlik nümayiş etdirməsindən asılıdır. Əks halda, təşkilat öz tarixi rolunu itirə bilər və bəşəriyyət qlobal problemlər qarşısında təklənə bilər.