AZ

2040-cı ilədək yüz milyonlarla insan kəskin su qıtlığı ilə üzləşə bilər

Berlin, 23 sentyabr, AZƏRTAC

İqlim dəyişikliyi nəticəsində qarşıdakı 15 ildə dünyanın bir sıra bölgələrində, xüsusilə Aralıq dənizi hövzəsində, Afrika qitəsinin cənubunda və Şimali Amerikanın müəyyən hissələrində kəskin su qıtlığı yarana bilər.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Pusan Milli Universiteti alimləri Vekkia Ravinandrasana və Kristian Franzke “Nature Communications” jurnalında dərc etdirdikləri məqalədə bildiriblər. Tədqiqatçılar xəbərdarlıq ediblər ki, 2100-cü ilədək 750 milyon, o cümlədən şəhərlərdə yaşayan 470 milyon insan kəskin su qıtlığından əziyyət çəkə bilər.

Alimlərin yüksək emissiyalar şəraitində apardıqları simulyasiyalar göstərib ki, quraqlıq riski yüksək olan bütün regionların 35 faizində gələcək 15 ildə “sıfır saat quraqlığı” baş verəcək. Bu bölgələrə Afrikanın cənubu, Şimali Amerikanın bəzi yerləri, o cümlədən Kaliforniya və Texas ştatları, eləcə də bütün Aralıq dənizi hövzəsi daxildir.

Qeyd edək ki, bu anlayış ilk dəfə 2018-ci ildə Cənubi Afrikanın Keyptaun şəhərində istifadə olunub. Şəhər həmin vaxt su ehtiyatlarının tükənəcəyi halda suyun normalaşdırılması üçün plan hazırlamışdı. Lakin həmin il yağışların çox düşməsi səbəbi ilə plan icra edilməmişdi.

Ekspertlərin sözlərinə görə, hətta qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq mümkün olsa belə, yüz milyonlarla insan yenə də ciddi su qıtlığına məruz qalacaq. Aralıq dənizi ətrafı ölkələrdə mövcud su anbarları yaxın illərdə kifayət etməyəcək və ilk böhran zamanı onların 14 faizi tamamilə quruma riski ilə üzləşəcək. Ən çox təhlükə altında olan ölkələr sırasında İspaniya, Yunanıstan, Türkiyə, Əlcəzair və Mərakeş göstərilir.

Mütəxəssislər, həmçinin vurğulayırlar ki, quraqlıqlar arasındakı bərpa dövrləri getdikcə qısalır, bu isə anbarların yenidən dolmasına imkan vermir. Dünya Meteorologiya Təşkilatının ötən həftə yaydığı hesabatda da iqlim dəyişikliyi nəticəsində 2024-cü ildə qlobal su dövranının balansdan çıxdığı, quraqlıqlar və daşqınların eyni vaxtda bir çox regionlarda müşahidə olunduğu bildirilmişdi.

Alimlər insanların suya qənaət etməsini, yağış sularından istifadənin artırılmasını, təkrar istifadənin genişləndirilməsini və yeni su anbarlarının yaradılmasını təcili tədbirlər kimi zəruri hesab edirlər.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
3
1
azertag.az

4Mənbələr