AZ

“Hörmət” pulu ilə fond yaratmışıq – Narkoloji Mərkəzin sabiq direktorundan ŞOK ETİRAFLAR

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsinin sabiq baş direktoru Elşən Mustafayev və direktor müavini Zamin Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Tribunainfo.az oxu.az-a istinadən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən Elşən Mustafayev ifadə verib.

O bildirib ki, direktor olduğu dövrdə mərkəzdə ciddi çatışmazlıqlar mövcud olub:

“Mən təşkilati işlərə cavabdeh şəxs idim. İşlədiyim müddətdə FHN tərəfindən rentgen cihazının keyfiyyətsiz olması səbəbindən 2500 manat cərimələndim. Sonra cihazlarla, su ilə bağlı problemlər yaşandı, dərman çatışmazlığı oldu. Hamısını cibimdən ödədim. Bu çatışmazlıqlarla bağlı dəfələrlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət etmişəm, amma cavab olaraq hazırda imkan olmadığı bildirilib. İşçilərdən soruşanda dedilər ki, məndən əvvəl belə hallarda fond yaradılıb, könüllü şəkildə pul toplanaraq xərclər ödənilib. Mən də bunu davam etdirdim. Pul əsasən xəstələrin verdiyi “hörmət”lərdən gəlirdi”.

Prokurorun suallarını cavablandıran Mustafayev əlavə edib ki, cərimələri özəl xəstəxanada psixiatr kimi qazandığı maaşdan ödəyib. O, yığılan pulu əsasən Zamin Əliyevdən aldığını deyib:

“Zamin doktor şöbə müdiri işləyən vaxtdan etibarlı biri idi. Pul yalnız xəstəxananın ehtiyacları üçün xərclənirdi. Gizli işimiz olmayıb. Müxtəlif vaxtlarda ondan 1 000, 1 100, 1 700 manat alıb təsərrüfat işlərinə sərf etmişəm. Mərkəzə qəbul zamanı isə heç kimdən pul alınmayıb”.

Daha sonra ifadə verən Zamin Əliyev qeyd edib ki, xəstələrin xəstəxanaya vurduğu ziyanı da onlar ödəyiblər:

“Bizim xəstələr digər xəstəxanalardakılar kimi deyildilər. Maddə təsiri altında əşyaları sındırır, ziyan vururdular, biz də ödəyirdik. Digər xəstəxanalardan fərqli olaraq, bizdə pasiyentlər qəbul edildikdən sonra həkim onlara baxırdı. Elə vaxt olub ki, xəstə yerləşdirilib, sonra ailəsinə məlumat verilib”.
Elşən Mustafayevin vəkili müdafiə etdiyi şəxsin TƏBİB və digər orqanlara etdiyi müraciətlərlə bağlı sənədlərin məhkəməyə təqdim olunması barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin edib və sənədlərin tədqiqi mərhələsinə başlanıb.

Növbəti proses sentyabrın 30-na təyin edilib.

Qeyd edək ki, Respublika Narkoloji Mərkəzinin sabiq rəhbərliyi barədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, Elşən Mustafayev və Zamin Əliyev müxtəlif məqsədlərlə vətəndaşlardan rüşvət almaqda ittiham olunurlar. Onlara qarşı Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.2-ci maddələri ilə yekun ittiham elan edilib və barələrində həbs qətimkan tədbiri seçilib.

Seçilən
12
3
tribunainfo.az

4Mənbələr