AZ

"Mind Odyssey" regional intellektual turnirinə start verildi - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Mind Odyssey" regional intellektual turnir layihəsi çərçivəsində keçirilən yarışlara start verilib.

QHT.az xəbər verir ki, 22 sentyabr tarixində  başlanan bilik yarışının ilk günü gənclərin maraqlı mübarizəsi ilə yadda qalıb.

Qazax Gənclər Evində təşkil olunan turnirin "A" qrupunda 4 komanda - Ağstafa şəhər Ə.Hüseynov adına 1 saylı tam orta məktəbin “Hədəf”, Qazax rayon Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbin “Nobelium”, Ağstafa rayon Dağkəsəmən kənd 1 saylı tam orta məktəbin “Qarabağ” və Ağstafa rayon Poylu kənd S.Məmmədov adına tam orta məktəbin “Lider” komandaları mübarizə aparıb.

Səsləndirilən 15 suala ən çox doğru cavab tapan “Lider” və  “Hədəf” komandaları yarımfinala vəsiqə qazanan ilk komandalar olublar.

23 sentyabrda isə turnirin “B” qrupunun oyunları təşkil olunub. Bu dəfə Qazax şəhər S.Vurğun adına 2 saylı tam orta məktəbin “Vurğun”, Ağstafa şəhər A.Abdullayev adına 2 saylı tam orta məktəbin “Zirvə”, Qazax rayon Kosalar kənd İ.Şıxlı adına tam orta məktəbin “Viktoriya”, Ağstafa rayon Dağkəsəmən kənd İ.Salıfov adına 2 saylı tam orta məktəbin “Xarı Bülbül” və Ağstafa rayon Vurğun qəsəbə H.Əzizov adına tam orta məktəbin “İkonlar” komandaları qarşılaşıblar.

Gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, “Zirvə” və “Vurğun” komandaları adlarını yarımfinala yazdırmağa nail olublar.

Növbəti günlərdə - 24, 25 və 26 sentyabr tarixlərində müvafiq olaraq "C", "D" və "E" qruplarının oyunları keçiriləcək. Hər qrup üzrə ən çox xal toplayan iki komanda 27 sentyabr tarixində təşkil olunacaq yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Yarımfinal mərhələsində isə ən güclü dörd komanda finalda mübarizə aparacaq. Turnirin qalibi kubokla, I, II və III yerləri tutmuş komandaların üzvləri isə müvafiq diplomlarla təltif olunacaqlar.

Qeyd edək ki, "Mind Odyssey" regional intellektual turnir layihəsi 1 sentyabr tarixində start götürüb və 31 oktyabr tarixində yekunlaşacaqdır.

Seçilən
41
7
qht.az

8Mənbələr