AZ

Bakıda yeni stadion tikiləcək

Azərbaycan I Liqasında çıxış edən "Şəfa" klubu özünə yeni stadion tikəcək.

İdman.biz xəbər verir ki, bu barədə Sportnet.az-a müsahibəsində klubun prezidenti Sərdar Salmanzadə məlumat verib.

Salmanzadənin sözlərinə görə, stadion tikintisi üçün onlara Bakının mərkəzi hissəsində və qəsəbələrində 5 ərazi təklif olunub. O, yaxın günlərdə seçimlərini yekunlaşdıraraq, stadion tikintisinə başlayacaqlarını söyləyib: "Əlbəttə, qiymətdən asılıdır, qiymət fərqi də var. Stadionun ərsəyə gəlmə müddətini də nəzərə alırıq. Nə istədiyimizi, bizə lazım olan ərazi də təsəvvürümüzdədir. Sadəcə, bizə bir müddət lazımdır ki, müəyyən riskləri nəzərdən keçirərək, fikrimizi konkretləşdirək. Bəli, şəhər daxilində torpaq sahəsi almaq çox çətindir. Hazırda qarşımızda 5 ərazi var. Amma yerlərini açıqlamaq istəmirəm. Kiminlə müqavilə bağlasaq, sizə məlumat verəcəyik. 5 ərazi təklif olunub, seçim edirik".

Klub prezidentinin fikrincə, stadion üçün torpaq tapmaqda problem yoxdur: "İşin içində olan şəxs kimi deyə bilərəm ki, tapmaq olur, var".

O, stadionun layihəsi barədə də danışıb: "Bir ədəd standart ölçülü (105 X 68) meydança, təxminən 5 000 tamaşaçı tutumlu tribuna və skayboks da inşa olunacaq. Stadion Peşəkar Futbol Liqasının bütün tələblərinə cavab verəcək. Oyunçular üçün otaqlar, təcili tibbi yardım dayanacağı, 50-60 maşınlıq parkinq olacaq. Bundan əlavə, rayondan gələn futbolçular üçün yataqxana tikiləcək. Akademiya üçün ayrıca üstübağlı mini-stadion da nəzərdə tutulub ki, hava şəraiti əl verməyəndə orada məşq edə bilsinlər. Tikinti tender vasitəsilə şirkətə həvalə olunacaq. Ot örtüyünün salınması təxminən 2 ay, digər tikinti işləri isə ən azı 6-7 ay çəkə bilər".

Salmanzadə meydançanın örtüyünün süni olacağını da açıqlayıb: "Bir neçə meydança tikmək fikrimiz var. Birinci meydançanın örtüyü süni olacaq. Lakin keyfiyyətli örtük döşənəcək. Bakı ətrafında gördüyüm keyfiyyət istənilən səviyyədə deyil. Burada tam başqa olacaq. Artıq danışıqlar aparılır, müəyyən xırdalıqlara da varırıq. Avropa təcrübəsindən yararlanaraq, meydançanı salacağıq. Orada akademiya da, əsas komanda da oynaya biləcək. Bir qədər peşəkarlaşdıqdan sonra ətraf ərazilərə də baxış keçirərək, təbii örtüyə üstünlük verəcəyik".

İdman.biz

Seçilən
16
1
idman.biz

2Mənbələr