AZ

“Azərişıq” ASC-nin təşkil etdiyi yarışların Qarabağ finalçısı müəyyənləşdi - FOTOLAR

“Azərişıq” ASC-nin 10 illiyinə həsr edilmiş “Paylayıcı şəbəkələrin energetikləri arasında keçirilən ümumrespublika Peşə Ustalığı Yarışları”nın yeddinci finalçısı bəlli olub. Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzində reallaşan yarışların növbəti regional turu maraqlı anlarla yadda qalıb. 

"Unikal" xəbər verir ki, açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edərək komandalara uğurlar arzulayıb. Bildirib ki, bu yarışların keçirilməsində məqsəd mütəxəssislərin peşə bilik və bacarıqlarını daha da inkişaf etdirməkdir. Eləcə də energetiklər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın elektroenergetika sisteminin qurulmasında və inkişafında xidmətləri, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə ölkəmizin enerji sektorunun daha da təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar barədə məlumatlar əldə edir. Həmçinin onlar "Azərişıq" ASC-nin son 5 ildə işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi irimiqyaslı layihələr haqqında informasiyalar qazanırlar.

Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə 6 komanda – “Cəbrayıl-Qubadlı-Zəngilan Elektrik Şəbəkələri (EŞ)", “Xankəndi EŞ”, “Xocavənd EŞ”, “Kəlbəcər EŞ”, “Laçın EŞ”, “Şuşa EŞ" nəzəri biliklərini sınayıblar. Onlar 1 saat müddətində 55 sual cavablandırıblar.

Yarışların ikinci mərhələsində energetiklər 3 tapşırıq üzrə peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.

Hər iki mərhələnin nəticələrinə əsasən Qarabağ RETSİ üzrə keçirilən regional turun qalibi "Şuşa EŞ" olub. Beləliklə, komanda ümumrespublika Peşə Ustalığı Yarışlarının Hadrutda təşkil olunacaq final turunda iştirak edəcək.

Qeyd edək ki, "Azərişıq" ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.

Seçilən
28
48
unikal.az

10Mənbələr